Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 30Июл

    Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kəhriz Tədqiqat və Məlumat Mərkəzi tələbələr üçün tədris planına daxil ediləcək kəhriz mühəndisliyi kursunun inkişafı prosesinə həsr olunmuş onlayn seminar keçirib.

    Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (KOICA) tərəfindən maliyyələşdirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı» layihəsi çərçivəsində təşkil olunan bu tədbirdə ADAU və Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə heyəti, Kəhriz Tədqiqat və Məlumat Mərkəzinin əməkdaşları, BMqT-nin nümayəndələri və ekspertlər iştirak ediblər.

    BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Mərkəzin yaradılması, ADAU-da kəhriz mühəndisliyi fənnini tədris edəcək 10 seçilmiş müəllim heyəti üçün təlim və tanışlıq səfərləri də daxil olmaqla həmin layihənin icrası nəticəsində qazanılmış bacarıq və biliklərin yeni nəsillərə ötürülməsi sahəsində görülmüş işlərdən danışıb. V.Qyorqiyev seminarın kəhriz mühəndisliyi peşəsi ilə bağlı bilik və təcrübənin yeni nəsillərə ötürmək istiqamətində növbəti addım olduğunu bildirib. Bu tədbirin 80-dən çox alim, dövlət rəsmisi, mühəndis və digər ekspertlərin iştirakı ilə gələcəkdə keçirilməsi planlaşdırılan kəhriz mühəndisliyi üzrə regional konfrans üçün yaxşı zəmin yaradacağını qeyd edib.

    ADAU-nun rektoru İbrahim Cəfərov çıxışında BMqT-nin layihə çərçivəsində gördüyü işləri yüksək qiymətləndirib və layihəyə hərtərəfli dəstək verəcəklərini bildirib. O deyib ki, bu layihə hazırda qlobal iqlim dəyişikliyi səbəbindən su çatışmazlığından əziyyət çəkən ölkəmiz üçün çox aktual və vacibdir.

    Seminarda iştirakçılar mövcud kəhriz sistemlərinin tarixi, bu sahədə aparılan tədqiqatlar, ən yaxşı təcrübələr haqqında təqdimatlar ediblər və kəhriz mühəndisliyi, Azərbaycanın müxtəlif bölgələrində kəhrizlərin bərpası ilə bağlı təcrübələrini bölüşüblər.

    Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatı və ADAU-nun KOICA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 2019-cu ildə yaratdıqları kəhriz tədqiqat və informasiya mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında bilik və təcrübələrin mübadiləsi üçün ixtisaslaşmış məkan rolunu oynayır. Layihə çərçivəsində məcburi köçkünlərin sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlılığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisini də özündə cəmləşdirən komponentlərə malikdir.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:59

İsmarıclar bağlıdır.