Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Ноя
    İlham Əliyev həm də 32 il əvvəlki dirçəliş hərəkatının
    arzularını tam reallığa çevirdi

    Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. 44 günlük bu müharibədə Azərbaycan döyüş meydanında Ermənistanı darmadağın etməklə, 30 ilə yaxın davam edən işğala son qoydu. Bu qalibiyyətin fonunda bütün dünya güclü Azərbaycan dövlətini gördü. Beynəlxalq ictimaiyyət xalqımızın öz haqqı uğrunda mərdliklə mübarizə aparmaq əzminə şahidlik etdi. Prezident İlham Əliyev bu Qələbə ilə qalib Azərbaycan dövlətini dünyaya təqdim etdi.

    Əlamətdar günlərə təsadüf edən zəfər

    Tarixə həm də ikinci Qarabağ müharibəsi kimi düşən 44 günlük savaş, Şuşanın azad edilməsi dövlət bayramları günü ərəfəsinə təsadüf edərək, onları daha da şərəfləndirdi. Qarabağın qəlbi Şuşada Azərbaycan bayrağının ucaldılmasından bir gün sonraya təsadüf edən Dövlət bayrağı günü tariximizdə görünməmiş dərəcədə coşqu ilə qeyd olundu. Noyabrın 10-da Ermənistanın kapitulyasiya bəyanatına imza atması ilə Azərbaycanın dövlətçilik tarixinə ən şərəfli hadisələrdən biri yazıldı. Xalqımızın qələbə sevinci həm də müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 25-ci ildönümü günündə yaşandı.

    Bu gün isə Milli dirçəliş günüdür. Azərbaycan xalqının öz azadlığı uğrunda mücadilə tarixinin önəmli mərhələlərindən biri olan milli dirçəliş hərəkatının növbəti ildönümü də Qələbə sevincinin yaşandığı günlərə təsadüf edir.

    Milli dirçəliş hərəkatı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə gedən yolda xalqımızın tarixinin əsas hadisələrindən biridir. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Həmin ilin noyabr ayında yüz minlərlə insanın toplaşdığı Bakının Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir.

    Xalq həqiqi liderə ehtiyac duyurdu

    Ötən əsrin 80-ci illərinin sonları ən narahat dövrlərimizdən biri idi. Azərbaycana rəhbərlik edənlər tamamilə milli hisslərdən, azərbaycançılıq dəyərlərindən uzaq idilər. Ermənilərin Azərbaycan ərazilərinə qarşı yeni baş qaldıran iddialarının qarşısının alınmaması, Moskva qarşısında bununla bağlı məsələ qaldırılmaması rəhbərliyin öz xalqına qarşı biganəliyinin təsdiqi idi.

    Milli dirçəliş hərəkatı da bu antimilli fəaliyyətə qarşı etirazlardan yaranmış və istiqlal uğrunda mücadilə əsas tələbə çevrilmişdi. Lakin hərəkatın rəhbərlərinin bununla bağlı təkmil ideyaları yox idi. Hər kəs başa düşürdü ki, yalnız yüksək amallara xidmət edən bir milli ideya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil və güclü Azərbaycan dövlətini ərsəyə gətirə bilərdi. İnsanlar getdikcə daha dərindən əmin olurdular ki, həqiqi liderə böyük ehtiyacları var.

    Tarix sübut edib ki, xalqların və dövlətlərin taleyində böyük şəxsiyyətlərin, həqiqi liderlərin və siyasətçilərin müstəsna rolu olub. Ötən əsrin 80-ci illərinin sonunda belə tarixi şəxsiyyətin və siyasətçinin Heydər Əliyev olduğu Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qəbul olunurdu. Bunu ovaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edirdi. Ona görə də dahi siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qoyur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər.

    Heydər Əliyev istiqlal mücadiləsini yeni mərhələyə yüksəltdi

    Mənəvi və siyasi təqiblərə və əngəllərə sinə gərən Heydər Əliyevin 1990-cı ildə Azərbaycana qayıdışı milli azadlıq hərəkatında yeni keyfiyyət dəyişikliklərinin əsasını qoydu. Cəsarətlə milli mübarizə meydanına atılan Ulu Öndər Azərbaycanın müstəqilliyinin əldə olunmasında, milli dövlətçiliyinin yaşadılmasında, milli birliyinin qorunub saxlanılmasında tarixi missiya həyata keçirdi. Bu mənada Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra cərəyan etdi. 1990-cı ilin bu günündə — noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.

    Tarix sübut etdi ki, 1990-cı ildən başlayaraq SSRİ-nin və kommunist idarəçiliyinin perspektivsizliyi, Azərbaycanın müstəqil, demoktatik dövlət qurmasının mümkünlüyü və mütləqliyi haqqında Heydər Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran siyasi baxışları öz işini gördü, gələcək proseslərin gedişinə həlledici təsir göstərdi.

    Moskvadakı avqust hadisələrindən dərhal sonra Naxçıvan ərazisində Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Bu proses bütün Azərbaycana sirayət etdi və beləliklə, sovet hakimiyyət orqanları xalqın əzmi qarşısında geri çəkilməli oldu. Proseslərin gedişatı göstərirdi ki, respublika rəhbərliyi xalqın milli azadlıq mübarizəsinin, müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da növbədənkənar sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etmək məcburiyyətində qalması faktı bu həqiqəti bir daha sübut etdi. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Siyasi hakimiyyət Heydər Əliyev və Azərbaycan xalqının müstəqil və demokratik dövlətçilik uğrunda apardıqları mübarizənin qarşısında tab gətirə bilməyərək 1991-ci il oktyabrın 18-də nəhayət ki, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” qəbul edilməsinə razılıq verdi. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev yazırdı: «Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı”.

    1991-ci il 18 oktyabrda Dövlət Müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Fəqət müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, ən əsası Azərbaycanın dövlət müstəqilliyini təmin etdi.

    Ermənistana elə bir zərbə vuruldu ki…

    Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 17 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

    Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.

    Bu qələbə həm də vaxtilə milli istiqlal hərəkatında xalqımızın səsləndirdiyi arzu və istəklərin həyata vəsiqə almasıdır. Prezident İlham Əliyev bu qələbə ilə ermənilərin bütün iddialarının qarşısını birdəfəlik aldı. İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz Ermənistana elə bir zərbə vurdu ki, bu ölkə bir daha işğal siyasəti yürüdə və Azərbaycana qarşı iddia ilə çıxış edə bilməyəcək.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:34

İsmarıclar bağlıdır.