Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 24Ноя

    Turizm bütün dünyada ən geniş yayılmış sahələrdən biridir. Son illərdə respublikamızda da turizmə dövlət qayğısı xeyli artıb. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsi daha da yaxşılaşır. Turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən gələn turistlər istirahət etməklə yanaşı, ölkəmizin tarixi, milli xüsusiyyətləri, musiqisi, incəsənəti, mətbəxi və s. ilə yaxından tanış olurlar.

    Respublikamızın zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır.

    Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər iqlimindən dağ tundra iqliminədək) məhz burada müşahidə olunur. Azərbaycan, sözün əsl mənasında, gözəlliklər diyarıdır. Şair də gözəl deyib:

    Yerin gözəlliyi üzə çıxıbdır,

    Lalələr yenə düzə çıxıbdır.

    Qəribə aləmi vardır bu yerin,

    Bura vətənidir gözəlliklərin.

    Zümrüd meşəli uca dağları, bol-bəhrəli meyvəli bağları, büllur çeşməli buz bulaqları, laləli-nərgizli yaşıl yaylaqları, füruzə gözlü sirli gölləri, sünbül ətirli geniş çölləri ilə dostlara qürur, düşmənlərə göz dağı olub ulu yurdumuz. Bir görən bir də görmək istəyib bu gözəl diyarı. Dostu düşməndən seçməyib, hər kəsə qucaq açıb, gələni hörmət-izzətlə qarşılayıb, gedəni sevgi-məhəbbətlə yola salıb. Bu ülfətə, hörmətə layiq olanlar da olub, naxələf çıxanlar da. Amma yenə də öz böyüklüyünü qoruyub bu yurd; kimsəyə qarşı ürəyində kin saxlamayıb. Qəlbini kin-küdurətlə, xəbisliklə çirkləndirmək istəməyib. Axı daxili gözəl olmayanın batini də gözəl olmaz. Əgər belə olmasaydı təbiətinin əsrarəngizliyi, füsunkarlığı ilə dillərdə dastan olardımı doğma Azərbaycanımız?! Yəqin elə buna görə də ölkəmizi gəzməyə-görməyə gələnlərin sayı ildən-ilə artır. Axı atalar gözəl deyib ki, min eşitməkdənsə, bir görmək yaxşıdır.

    Ölkəmizdə turizmin tarixi (dünyanın tanınmış bir neçə səyyahını nəzərə almasaq) XX əsrin əvvəllərindən başlanır. 1908-ci ildə Krım-Qafqaz klubunun bir bölməsi Bakıda fəaliyyətə başlamışdı, burada turizmlə bağlı araşdırmalar aparılır, ekskursiyalar təşkil olunurdu. 1927-ci ildə Bakıya ilk dəfə Almaniyadan 10 nəfərlik turist qrupu gəlmişdi. 1936-ci ildə Bakı Turizm Bazası, Hacıkənd Turist Evi və Göy göl turist düşərgəsi yaradılmışdı.

    Dövlətin turizmə diqqəti sayəsində bu sahənin inkişafı üçün hazırda geniş imkanlar yaranıb. 2000-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Bu da respublikamızın turizm potensialını təbliğ etməkdə mühüm rol oynayır. Görülən tədbirlər nəticəsində ölkəmizə xarici ölkələrdən gələn turistlərin sayı günü-gündən artır.

    İstənilən ölkəyə səyahət edən turist ilk növbədə həmin ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu səbəbdən də dünya təcrübəsində tarixi mədəniyyət və dini abidələr də turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biri hesab olunur.

    Amma təbiətin yaratdığı gözəllikləri heç nə ilə əvəz etmək olmaz.

    Biz təbiətə bəzən ana deyirik və bu ifadəni əbəs işlətmirik. Təbiət bizi öz qoynunda bəsləyib böyüdür. Bizə həm maddi, həm də mənəvi qida verir. Minilliklər boyu insan təbiətlə ünsiyyətdən bəhrələnib. Təbiət canlı orqanizm olmaqla, insan ömrünü də, sanki özünə uyğunlaşdırıb, dörd fəslə bölüb. Uşaqlıq, gənclik, ahıllıq və qocalıq. Beləliklə, insanı yaradan ulu Tanrı, yaşadansa təbiətdir desək, yanılmarıq.

    Rəssam da, bəstəkar da, şair də öz əsərlərində təbiətin min bir gözəlliyini vəsf edir. Lakin onlar təbiətin yaratdığını tam əks etdirə bilmirlər. Elə buna görə biz təbiətin yaratdıqlarına təkrarsız gözəllik kimi baxırıq.  Diqqət yetirmisinizmi adi bir çəmən çiçəyinin neçə naxışı, neçə rəng çaları var? Bu Tanrı nemətini təbiət qoynunda seyr etməyin öz həyəcanı var.

    Təbiət qoynunda kəsilən bir tikə çörəyin də ləzzəti bir başqadır.

    Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramovla söhbətimizin mövzusu da əsasən bu barədə – turizmin inkişafı ilə bağlı oldu.

    «Fransız sözü olan turizm gəzinti, səfər deməkdir və fəal istirahətin geniş yayılmış, ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və turizm getdikcə daha geniş vüsət alır. Turizm son 20-25 il ərzində insanların vərdiş etdikləri həyat tərzidir. İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra üçüncü yeri tutur» – söyləyir Zaur müəllim.

           Gəncə Destinasiya Menecmenti Təşkilatı haqqında da geniş məlumat verən Zaur müəllim qeyd etdi ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu respublikamızın bölgələrində turizmin inkişafı, təşviqi və idarəolunması üçün qurum təqdim edir. Bu qurum ölkə daxilində Destinasiya Menecmenti Təşkilatlarının yaradılmasına əsaslanır. Təşkilatlar dövlət və özəl sektorlarla ictimaiyyət arasında birbaşa əlaqə yaradacaqdır. İlk təşkilatlar mövcud Turist İnformasiya Mərkəzləri əsasında dövlət müəssisəsi kimi fəaliyyət göstərəcəkdir.

    Təşkilatın ofisləri ilk olaraq Qubada, daha sonra Şəkidə yaradılıb. Növbəti mərhələdə isə Gəncə-Şəmkir-Göygöl-Daşkəsən-Gədəbəy-Tovuz-Mingəçevir-Naftalan rayonlarını əhatə edən Gəncə regional ofisinin rəsmi açılışı nəzərdə tutulub. Burada məqsəd  Azərbaycanın güclü turizm potensialına malik olan bölgələrində DMT-nın ofislərini yaratmaqdır. Ümumi məqsəd isə ölkəmizin davamlı iqtisadi inkişafı və marketinq istiqamətlərini idarə etmək, əlaqələndirmək, təşviq və idarə etməkdir. Bu baxımdan DMT öz fəaliyyətinin həyata keçirilməsində turizmlə bağlı dövlət sektorunun və icmanın müvafiq nümayəndələri ilə əməkdaşlıq edəcəkdir.

    2019-cu ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması üzrə yeni qurumların yaradılması barədə qərar qəbul etdi. Bu qurumlar Destinasiya Menecmenti Təşkilatı (DMT) adlanır.

    DMT-lərin məqsədi Azərbaycanın regionlarında turizmin dayanıqlı inkişafına rəhbərlik etmək, müxtəlif maraqlı tərəflərin fəaliyyətini əlaqələndirmək, turizm təşviqatını aparmaq və idarə etməkdir.

    Hazırda Azərbaycandakı DMT şəbəkəsi aşağıdakı bölgələri əhatə edir: Quba DMT; Gəncə DMT; Şəki DMT; Lənkəran DMT.

    DMT-lərin fəaliyyəti əsasən yerli iqtisadiyyata daxil olmaların, yerli iş yerlərinin və gəlirlərin, yerli investisiyaların artmasından, sosial-mədəni gücləndirmədən, yerli icmalar və turistlər üçün təkmilləşdirilmiş xidmətlərdən, ətraf mühitin mühafizəsindən ibarətdir.

    DMT-lərin istiqamətlərini müəyyənləşdirmək üçün yerli tərəfdaşlarla birlikdə beşillik regional turizm planı hazırlanacaqdır. Bu planda DMT-lərin fəaliyyəti istiqamətləri və prioritetlərinin inkişafı və həyata keçirilməsi qeyd olunacaqdır.

    Zaur müəllim DMT-lərin fəaliyyətindən faydalanacaq tərəflər haqqında da danışdı. Bildirdi ki, böyük şirkətlərə və sənaye qruplarına qədər uzana bilən yerli turizmlə məşğul olan bizneslər, fərdlər və ictimai birliklər, sahibkarlıq subyektləri marketinq və təşviq, turizm şəbəkəsinin əlaqələndirilməsi, biznesin inkişafına peşəkar dəstək, ticarət yarmarkalarında və tədbirlərdə iştirak, media dəstəyi ilə faydalanır.

    Digər faydalanacaq tərəf isə ziyarətçilərdir. Onlar keyfiyyətli turizm məhsullarının inkişafı, keyfiyyət standartlarının və insan resursları potensialının  artırılması, turist informasiya mərkəzinin fəaliyyətindən istifadə edəcəklər.

    Yerli icmalar da faydalanacaq tərəflər sırasındadır.

    Zaur müəllim məlumat üçün onu da bildirdi ki, DMT-lərin funksiyası Turist İnformasiya Mərkəzindən fərqli və daha çoxdur.

    DMT-lərin məqsədi Azərbaycanın regionlarında turizmin dayanıqlı inkişafına rəhbərlik etmək, müxtəlif maraqlı tərəflərin fəaliyyətini əlaqələndirmək, turizm təşviqatını aparmaq və idarə etməkdir.

    DMT-lər Azərbaycanın aparıcı regional turizm bölgələrini təmsil edərək bir neçə rayonu birləşdirir və milli səviyyədə turizm təşkilatları və dövlət sektoru, özəl sektor, regional və yerli səviyyələrdə icmalar arasında birbaşa əlaqə kimi fəaliyyət göstərir.

    DMT-lərin fəaliyyəti üç əsas bazaya uyğun olaraq təşkil edilir:

    Turizm marketinqi və kommunikasiyaları: turizm yönümlü marketinq fəaliyyətləri, rəqəmsal və çap mediasında təşviqat, reklam və PR fəaliyyətləri; festivallarda və digər tədbirlərdə iştirak etmək;

    • Turizm biznesi və məhsullarının inkişafı: turizm resurslarının inkişaf etdirilməsi məqsədilə özəl sektor və icmaların keyfiyyətli məhsul və xidmətlərə investisiya qoyulmasını asanlaşdırmaq və onlara yardım etmək üçün dövlət sektoru ilə işləmək;
    • Turizmdə insan resurslarının inkişafı və standartlar: turizm sahəsini tanıtmaq, icmaların, biznesin və dövlət sektorunun potensialının turizm sahəsində gücləndirilməsini dəstəkləmək və turizm sənayesindəki keyfiyyət standartlarında davamlı təkmilləşməni təşviq etmək.

    Bütün bunlarla yanaşı, turizm deyəndə insanın yadına ilk olaraq dünyanın gəzməli-görməli yerlərinə səyahət etmək düşür. Nə xoş bizə ki, yurdumuzun hər bölgəsində istənilən turistə təqdim edə biləcəyimiz maraqlı nə isə var.

    Turizmdən, təbiətin gözəlliyindən danışarkən Kəpəz dağının qoynunda nazlı gəlin kimi xumarlanan füsunkar Göy gölün adını çəkməmək ən azı insafsızlıq olardı. Göl 1139-cu ildə Gəncədə baş vermiş dəhşətli zəlzələ nəticəsində  Kəpəz dağı uçaraq Ağsu sayının qarşısını kəsib və nəticədə gözəlliyi dillərdə dastan olan Göy göl yaranıb. Deyirlər gölün varlığından ilk dəfə balaca bir çoban xəbər tutub. Uşaq həmin ətrafda qoyun-quzu otarırmış. Həmin gün sürünü bir az da uzağa aparır. Birdən heç vaxt görmədiyi bir mənzərənin şahidi olur. Gömgöy suyu olan göl xırda, xırçın ləpələri ilə sahilin yaşıl çəməninə tərəf sürünür, tez də həyalı gəlin kimi geri dönüb öz qoynuna çəkilirdi. Gördüyü əsrarəngiz mənzərədən çaşıb qalan uşaq bir anlığa nə edəcəyini bilmir. Qəfildən dönüb gördüklərini danışmaq üçün evlərinə sarı qaçır… Elə o vaxtdan gölün adı suyunun rənginə görə Göy göl qalır. Həmin ərazidə on doqquz ümumi göl olsa da, onlardan yalnız yeddisi böyük göllər sırasına aiddir.

    …Əslində Vətənimizin hər qarışı gözəldir. Bu gözəlliyi təbliğ edib dünyaya nümayiş etdirməyin yolu isə turizmdir.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:24

İsmarıclar bağlıdır.