Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə təntənəli tədbir keçirilir. Kəlbəcərlilər rayonunun işğaldan azad olunmasını böyük təntənə ilə qeyd edirlər. Şəhərin bir çox küçə və prospektlərində insanlar Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə avtoyürüşlər keçirirlər.
Gəncə şəhəri ərazisində Kəlbəcərdən olan məcburi köçkünlər və yerli əhali “Qarabağ Azərbaycandır!”, “Kəlbəcər bizimdir!”, “Yaşasın İlham! Əliyev!” və Yaşasın Ali Baş Komandan!” şüarları ilə küçələrə axışaraq Azərbaycanın Dövlət Bayrağını dalğalandırırlar. Şəhərin küçə və prospektlərində avtoyürüşlər keçirilir.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün — noyabrın 25-də isə rayon işğaldan azad olundu.
Yeganə İsmayılqızı