Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Дек

    Qələbə təkcə qələmlə deyil, həm də qanla yazılır. Şahidi olduğumuz İkinci Qarabağ savaşı – Vətən mühvaribəsi bu deyimi bir daha təsdiqlədi. Yüzlərlə, minlərlə igidimiz bu müharibədə torpaqlarımızın bütövlüyü, yağı düşməndən azad olması uğrunda canını fəda etdi.

    Bu qəhrəman oğullardan biri də Vətən müharibəsində Gəncənin ilk şəhidi olan Abdulla Sultan oğlu Paşayevdir. 24 iyul 1998-ci ildə əkiz qardaşı Rəhimdən 10 dəqiqə əvvəl doğulmuşdu Abdulla. Bu 10 dəqiqəlik zaman kəsiyi evin böyüyü etmişdi onu. Bacısı Nazlı qardaşlardan iki yaş böyük olsa da, yenə də böyüklük Abdullanın boynuna düşmüşdü, söz sahibi etmişdi.

    Ailədə hər kəsin məsləhət, güvənc yerinə çevirmişdi bu 10 dəqiqəlik zaman kəsiyi Abdullanı. Bu böyüklüyü həm özünün cəsarəti, dünyagörüşü, ağıllı davranışı… bir də yüksək zövqü ilə qazanmışdı. Ailədə hər kəs nə alsa, onunla məsləhətləşər, onun zövqünə güvənərdi. 

    Abdulla Gəncə Humanitar Kollecini Bədən tərbiyəsi və idman ixtisası üzrə bitirmişdi. Şəhərin tanınmış boksçusu idi. Dəfələrlə Respublika və şəhər çempionu olmuşdu. Əsgəri xidmətini başa vurduqdan sonra orta məktəblərin birində idman müəllimi işləmək, həmçinin idman sahəsində olan uğurlarını daha da artırmaq istəyirdi.

    Qardaşı Rəhim ali təhsilini başa vurub əsgərliyə getməyə hazırlaşanda Abdulla da irəli durdu. Əslində ürək qüsurlu olduğu üçün onu aparmaq istəmirdilər. Lakin inadla sözünü yeritdi və iki qardaş birlikdə əsgəri xidmətə yola düşdülər.

    Əkizləri yola saldıqdan sonra Svetlana xanımın həyatında sanki bir boşluq yarandı. O, ilk dəfə idi ki, oğullarından bu qədər uzun müddətə ayrı düşürdü. Övladları hərbi geyimdə şəkil göndərəndə isə o, qürur hissi yaşadı. Əsgər balaları ilə fəxr etdi, sevincdən gözləri yaşardı. Svetlana xanım uzun illər Gəncə Cihazqayırma zavodunda ali təhsilli mütəxəssis olaraq iqtisadçı vəzifəsində çalışıb. Övladları dünyaya gəldikdən sonra analıq məzuniyyətinə çıxıb və bir daha işə qayıtmayıb. İşini, karyerasını ataraq həyatını övladlarına həsr edib. Əkizlərin 11 yaşı olarkən ataları Sultan kişi dünyasını dəyişib. Svetlana xanım övladları üçün atalıq missiyasını da üzərinə  götürüb. Hər üçünü oxudub, peşə sahibi edib.

    Rəhim bir ildən sonra əsgəri xidmətini başa vurub evə qayıdanda Abdulla: «Şükür, daha evdən nigaranlığım qalmadı» – deyib. Gözaydınlığına gəlmək istəyən qohum-qonşunu isə Svetlana ana: «Qoy Abdulla da gəlsin, böyük bir qonaqlıq edəcəm, onda gələrsiniz. Bu evdə heç vaxt toy-düyün olmayıb. Balamın gəlişini toy-bayram edəcəm» – deyib arxayınlaşdırıb.

    Sentyabrın 27-si günü səhər tezdən başlayan müharibədən bir neçə saat sonra isə Abdullanın xidmət etdiyi hərbi hissədən Füzuli istiqamətinə silah-sursat və canlı qüvvə aparan maşınlar yola salındı. Komandir maşının kabinəsinə qalxan Abdullanın qolundan tutub aşağı saldı:

    – Sən burda qal, lazım olsa, sonra gedərsən.

    – Qala bilmərəm, komandir, mən orda lazımam, – deyib o, maşına oturdu.

    Döyüş yerinə çatar-çatmaz düşmənin atdığı bomba maşının yanına düşdü və Abdulla qəlpə yarası alaraq elə oradaca şəhidlik zirvəsinə ucaldı…

    İndi ailəni tək qoymayan bibilər, bibi nəvələri günlərini Abdullalı günlərin xatirələrini söyləməklə keçirir, balaca Aylanın söylədiyi:

     

    Vətən üçün döyüş yolunu seçdin,

    Qarabağ uğrunda canından keçdin.

    Qəhrəman əsgərtək dünyadan köçdün,

    Xalqın iftixarı şəhid Abdulla!

     

    Səninlə fəxr edir doğma elimiz,

    Fərəhlə döyünür ürəklərimiz.

    Heç zaman tükənməz sənə sevgimiz,

    Xalqın iftixarı şəhid Abdulla!

     

    Təəssüf doğuran (əslində qürur verən) məqam odur ki, 20 gündən sonra bu həyətə daha bir şəhid cənazəsi gəldi. Abdullanın bibisi Almaz xanım nəvəsi şəhid Sahibin məhz ata ocagı olan bu evə gətirilməsini məsləhət bilmişdi.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:28

İsmarıclar bağlıdır.