Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Дек

    Torpağın bağrına cəsədlərilə,

    Azadlıq toxumu əkdi şəhidlər.

    «Azadlıq toxumu» olan, şəhidliyi ilə ölümsüzlük qazanan igidlərimizdən biri də Nağıyev Şahlar Nüsrət oğludur. Şahlar 1987-ci ildə, illərin qovuşduğu bir gündə – 31 dekabrda ailəsinə bayram hədiyyəsi kimi dünyaya gəlmişdi. Ailənin ilk övladı idi. Evin nuru, sevinc payı olan balaca Şahları böyük ümidlər, arzularla sevə-sevə böyüdürdülər. Bir neçə ildən sonra ailənin ikinci övladı Nicat dünyaya gəldi. Amma Şahlara olan sevgi, istək bölünmədi, azalmadı. Əksinə, kiçik qardaşına arxa, dayaq olacaq deyə daha çox qayğısına qaldılar.

    Şahların yaşı az olsa da, kişilik xisləti özünü tez büruzə verdi. O, tay-tuşlarından qorxmazlığı, cəsarəti, sözünü daha sərt və uygun şəkildə demək bacarığı ilə seçilirdi. Hərbi sahəyə olan sevgisi, marağı isə əsgəri xidmətdə olarkən daha da artdı. Bu sevgi onu Müddətdən artıq həqiqi hərbi xidmətə sövq etdi. Artıq Mahiyyə adlı sevdiyi qızla ailə həyatı qurmuşdu. Xədicə və Hüseyn adlı iki gül balanın atası olan Şahlar tezliklə hərbi sahədə də öz bacarığını göstərə bildi. O, top maşınlarını idarə edir, mahir topçu olmağın sirlərinə yiyələnirdi. Bacarığını isə hərb meydanında sınaqdan çıxardı və sözün əsl mənasında imtahandan üzü ag, alnı açıq çıxdı.

    Şahlar ilk döyüş təcrübəsinə Aprel döyüşlərində yiyələndi. Daha sonra İyul hadisələrində – Tovuz döyüşlərində iştirak etdi. Vətən müharibəsi başlanan gündən isə sorağı cəbhənin ən qaynar nöqtələrindən gəldi.

    Şahların döyüş yolu haqqında qardaşı Nicat söhbət edir: «Yanına getmişdim. Bir ağacın altında oturub söhbət edirdik. Bu zaman kəndə bir top mərmisi düşdü. Dinşəyib səsi ilə haraya düşdüyünü dəqiqliyi ilə təyin etdi. Bizə əyilmək yaraşmaz, bizim millət həmişə məğrur olub, dik gəzib. Yenə də belə olmalıdır, – dedi.

    Qardaşım baş sürücü olmaqla yanaşı, həm də topçu idi. Orada olarkən döyüş yoldaşları, komandirləri Şahlar haqqında xoş sözlər dedilər. Sərrast atıcılıq məharətini, döyüşçü intizamını, qorxmazlığını təriflədilər. Sonra oturduğumuz ağacın altında şəkil çəkdirdik. Geri qayıdanda qardaşımla qucaqlaşdıq. O məni bağrına basıb: «Ürəyimə damıb ki, şəhid olacam. Uşaqlar sənə əmanət», – dedi.

    Bir neçə gündən sonra düşmənin atdığı top mərmisinin qəlpəsi ilə, elə həmin ağacın altında şəhid olub».

    Şəhid anası Gülgəz xanım oğlunun şəhidliyi ilə qürurlansa da, oğul itkisi ürəyini acıdır: «Ataları uşaqlar hələ balaca olarkən dünyasını dəyişib. Onlara həm ana, həm ata olmuşam. Şahlar boya-başa çatandan sonra mənə kömək oldu. Evin bütün yükünü öz çiyinlərinə götürdü. O, çox gözəl oğul idi. Yəqin elə buna görə də Allah onu seçilmişlərin siyahısına saldı».

    Şahlar Nağıyev oktyabr ayının 2-də Tərtər rayonunun Əskipara kəndi yaxınlığında şəhidlik zirvəsinə yüksəlib. Ayın 3-də isə Gəncənin sakinləri tərəfindən müqəddəsləşdirilmiş Şəhidlər xiyabanında dəfn edilib və «torpağın bağrına cəsədi ilə azadlıq toxumu əkib».

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:33

İsmarıclar bağlıdır.