Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Дек

    Vətən müharibəsinin özəlliklərindən biri də xalqı, milləti yumruq kimi birləşdirməsi idi. Bəlkə də bu xalq heç vaxt indiki qədər həmfikir, həmrəy olmamışdı. Yaşından, işindən asılı olmayaraq hər kəsin bir amalı var idi: Vətən torpağını düşmən tapdağından azad etmək!

    Yalnız bu zaman ürəyimizin qövr edən yarasına məlhəm ola bilərdik. Yalnız bu zaman xəcalət hissindən yaxa qurtara bilərdik, yalnız bu zaman başımızı dik tutub qürurlana bilərdik. Məhz bu amal uğrunda könüllü olaraq cəbhəyə gedən igid oğullarımızdan biri də Şaiq Şükür oğlu  Məmmədovdur.

    Şaiq 1999-cu il dekabr ayının 26-da dünyaya gəlmişdi. Ailədə iki uşaq idilər; o və ondan bir yaş kiçik olan qardaşı Şahin. Peşəsi sürücülük idi Şaiqin. 1 nömrəli şəhərarası marşurut avtobusunu sürürdü. Ordumuz əks-hücum əməliyyatına başlayan gündən rahatlığı pozulmuşdu. «Nə olsun ki, hərbçi deyiləm. Axı bu torpaq mənim də Vətənimdir. Mən də öz gücümü göstərməli, əsgərlərimizə kömək etməliyəm» – deyirdi. Bu istəklə də Gəncə şəhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə müraciət etdi və müharibə başlayandan iki gün sonra – sentyabrın 29-da cəbhəyə yollandı.

    Qardaşı Şahin isə müddətdən artıq hərbi qulluqçu idi. Minamyotçu kimi müharibənin ən qaynar nöqtələrində vuruşurdu.

    Şaiqlə Şahin qardaş olmaqla yanaşı, həm də yaxın dost, sirdaş idilər. Şaiq müharibəyə getməklə həm də qardaşına kömək olacağını düşünürdü. Onun ilk döyüş yeri Füzuli istiqamətində olmuşdu. Valideynləri ilə telefonla danışarkən: «Burada da sürücülük edirəm, döyüşə girmirəm. Siz narahat olmayın» – deyirdi.

    Amma belə deyilmiş. Sadəcə ata-anasının nigaran olmasını istəmədiyi üçün bu sözləri deyirmiş. Əslində isə lazım gəldikdə hərbi maşınları idarə edir, lazım gəldikdə silahı ilə döyüşə atılırmış.

    Şaiq Şuşanın azad edilməsində də böyük şücayət göstərib. Ayın 8-də Şuşa azad edilib, 9-da isə Daşaltıya düşüblər. Məhz burada qələbədən bir gün əvvəl Şaiq 3 silahdaşı ilə birlikdə şəhidlik zirvəsinə ucalıb. Xəbəri isə ailəsinə noyabrın 12-də çatıb. 13 noyabrda Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Şəhidin anası Sevinc xanım hələ də oğul itkisi ilə barışa bilmir: «Çox arzuları vardı. Hamısı ürəyində qaldı balamın. Təsəllim odur ki, Şaiqin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Şuşa uğrunda gedən döyüşlərdə şəxsən özü iştirak etdi. Əsl qələbəni isə görmədi. Amma əminəm ki, ruhu hiss edib.

    Keçən ilin dekabr ayında Şahinin toyunu etmişdik. Gəlinin atdığı gül dəstəsini Şaiq tutmuşdu. Elə sevindim ki, tezliklə balamın da toyu olacaq, başına gül ləçəkləri səpiləcək. Sevdiyi vardı. Nə biləydim ki, bu güllər onun torpağına, qəbrinin üstünə düzüləcəkmiş. Sevdiyi isə hər gün onun qəbrini ziyarət edib torpağını göz yaşı ilə sulayacaqmış» – deyir Sevinc xanım.

    Şəhid anası bir maraqlı məqamdan da söz açdı. Dedi ki, oğlum avtobus sürürdü. Əslində isə öz taleyini sürürmüş. Avtobusunun nömrəsi 20-013 idi. Özü də 20-ci ildə, ayın 13-də dəfn olundu.

    Şəhidlərlə bağlı qeyri-adi əhvalatlarla çox qarşılaşırıq. Axı onların özləri də qeyri-adidirlər. Belə olmasaydı ən ali məqama ucalardılarmı?!

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:34

İsmarıclar bağlıdır.