Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,685
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 19Фев

    Seymur Səliyəddin oğlu Bəylərov 1996-cı il iyun ayının 24-də Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya gəlib. 2003-cü ildə  Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı orta məktəbinin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib və Naxcıvanda yerləşən sərhəd qoşunlarının «N» saylı hərbi hissəsində əsgəri xidmətinə başlayıb. 1916-cı ilin aprel ayında hərbi ximətini başa vuraraq doğulduğu qəsəbəyə dönüb. Bir neçə il idmanla məşğul olan Seymur 2017-ci ilin oktyabr ayında yenidən hərbi sahəyə qayıdaraq müddətdən artıq hərbi xidmətə başlayıb.

    Quru qoşunlarının Mingəçevirdə yerləşən «N» saylı hərbi hissəsində xidmət edən Seymur tuşlayıcı vəzifəsini icra edirdi. Xidmət etdiyi müddətdə dəfələrlə hərbi hissə komandanlığı tərəfindən «Təşəkkürnamə»lərə layiq görülmüşdü.

    27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Seymur Bəylərov xidmət etdiyi hərbi hissənin tərkibində cəbhəyə yollanıb. İlk döyüş yeri Tərtər-Suqovuşan istiqamətində olub. Elə həmin gün qanlı döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

    Ailədə iki bacı, iki qardaş olublar. Subay idi.

    Seymur Səliyəddin və Gülgəz Bəylərovların ocağında dünyaya gəlmişdi. Halal əməklə çörək qazanmağı sevən bu zəhmətkeş ailədə dörd övlad böyümüşdü. Soymur ailənin sonbeşiyi idi. Bəlkə ona görə də sevgi payı bir artıq olmuşdu; böyük uşaqlar təkcə ata-ana sevgisi ilə kifayətlənməli olsalar da, Seymur ata-anasından başqa, həm də özündən xeyli böyük olan bacıları Elnarə və Nahidənin, qardaşı Babəkin sonsuz sevgisi ilə əhatələnmişdi. Bir sözü iki olmaz, hər istəyi böyük həvəslə yerinə yetirilərdi. Bacıların sevimli qardaşı olduğu kimi, bacıuşaqlarının da sevimli dayısı idi. Hansı qapını açsaydı, toy-bayram kimi qarşılanardı.

     Əslən kəlbəcərli olan ailə hərdən doğma yurd-yuvaları haqqında danışar, həsrət qaldıqları Kəlbəcərin gözəl təbiətindən, zümrüd meşələrindən, sıldırımlı qayalarından, uca dağlarından, buz bulaqlarından, şəfalı sularından söz açardılar. Bu zaman Seymur köksünü ötürüb: «Kaş ki, o yerləri mən də görəydim» – deyərdi.

    Seymur müharibə başlamazdan 1 gün əvvəl – sentyabrın 26-da evə gəlmişdi. Bir neçə saatdan sonra hərbi hissədən zənd olundu və təcili geri dönməyi tapşırdılar. «Yəqin nə isə olub, axşama qayıdaram» – dedi. O qədər də isti vidalaşma olmadı – onsuzda axşama qayıdacaqdı. Darvazanın agzında qardaşının dörd yaşlı oğlunu həmişəki kimi bağrına basıb üzündən öpdü. Qapını örtüb çıxdı. Bir-iki addım atıb nə fikirləşdisə, geri döndü və körpəni yenidən qucağına alıb üz-gözünü örüşlərə qərq etdi. «Salamat qal, balaca» – deyib yenidən yola düşdü. …Və bir daha qayıtmadı.

    Səhər ailə ölkədə müharibə başladığını eşitdi. Amma heç ağıllarına da gəlmədi ki, Seymur artıq müharibənin ən qaynar nöqtələrindədir. Bir müddətdən sonra Seymurun müharibədə necə qəhrəmanlıqlar göstərdiyini, sərrast atəşləri ilə xeyli sayda düşməni məhv etdiyini, dostlarını necə qorumağa çalışmasını döyüşçü dostlarının dilindən eşidəcəkdilər. Gözlərindən yaş axa-axa, həm də qürur hissi keçirəcək, «Səninlə fəxr edirik, Seymur!» – pıçıldayacaqdı-lar.

    Bacısı qızı Aysel hər zaman yanında gəzdirdiyi qoşa qələmin hekayətini danışır: «Dayım bu qəşəng qutunu mənə hədiyyə edəndə içində nə olduğunu soruşdum. Dedi ki, özün bax. Açdım və içində iki qələm olduğunu gördüm. O, gülümsəyərək: «Bu qələmin biri ilə qəbul imtahanındakı sualların cavabını  yazarsan, digəri ilə toy dəvətnamələrini» – dedi. Mən isə: «Yox, dayı, birini sənin dediyin kimi qəbul imtahanlarında işlədərim, amma ikincisi ilə sənin toy dəvətnamələrini yazaram» – dedim. Qəbula hələ bir neçə il var. Onun toyu isə heç zaman olmayacaq. Arzum ürəyimdə qaldı. İndi bu qələmlə onun qısa və şərəfli ömür yolunu yazıram. Həm də böyük fəxr hissi ilə» – deyir.

    Qardaşı Babək isə: «Mənim qardaşım qəhrəman oğul idi. Qorxmaz idi. Əgər belə olmasaydı arxadan vurulardı. O isə snayperlə düz alnından nişan alınıb. İgid döyüşçü kimi həlak olub» – deyir.

    Vətən müharibəsində Samuxun ilk şəhidi olan Seymur Bəylərov sentyabr ayının 28-də doğulduğu Qarayeri qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» medalı ilə təltif edilib.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:02

İsmarıclar bağlıdır.