Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,685
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 23Фев

    Dövlət Sərhəd Xidmətinin mayoru, tabor komandiri Sərxan İlqar oğlu Muxtarov 1988-ci ildə Samux rayonunun Sarıqamış kəndində dünyaya gəlib. Ailə bir ildən sonra Gəncəyə köçüb. İlk təlim-tərbiyəsini 38 saylı uşaq bağçasında alan Sərxan 1994-cü ildə Gəncə şəhər 36 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2005-ci ildə orta təhsilini əlaçı şagird kimi başa vurub. Hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayan Sərxan elə həmin il Heydər Əliyev adına Azərbaycan Hərbi Ali Məktəbə qəbul olub.

    2009-cu ildə ali təhsilini bitirən gənc zabit təyinatla Respublikanın cənub bölgəsinə göndərilib və «N» saylı hərbi hissədə xidmətə başlayıb. Daha sonra ölkənin digər bölgələrində hərbi xidmətini davam etdirib. 2016-cı ildə baş verən Aprel döyüşlərinin fəal iştirakçısı olub. Növbəti döyüş yolu Tovuz hadisələrindən keçib.

    27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində şərəfli döyüş yolu keçən Sərxan Muxtarov möhtəşəm qələbəni böyük sevinclə qarşılayıb. Müharibən sonra evə qayıdanda ayağı altında qurbanlar kəsilib, nəzirlər paylanıb. Yenidən hərbi hissəyə qayıdan Sərxan Muxtarov işğaldan azad olunmuş torpaqlarımızda xidmətini davam etdirib. Xidməti vəzifəsini şərəflə yerinə yetirən mayor 2021-ci il yanvar ayının 12-də Qubadlı istiqamətində sürücüsü Məcid Səfərovla avtomobillə hərəkət edərkən mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Yanvar ayının 13-də Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb. (Əsgər Məcid Səfərov isə ağır yaralanıb).

    Ailədə iki qardaş olublar. Evli idi. Özündən sonra bir qız övladı yadigar qalıb.

    Atası İlqar Muxtarov I Qarabağ müharibəsi veteranıdır. Dörd ildən artıq Qarabağ torpağı uğrunda şərəfli bir döyüş yolu keçib. Anası Çimnaz Muxtarova isə 36 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir.

    Hələ də oğlunun yoxluğu ilə barışa bilməyən Çimnaz xanım: «Sərxan mənim sonbeşiyim idi. Böyük qardaşı İsrafil hərbçidir, Heydər Əliyev adına Hərbi Ali Məktəbi bitirib. Sərxan da qardaşının yolu ilə getdi. O, Silahlı Qüvvələr günündə dünyaya gəlmişdi. Silahlı Qüvvələrə xidməti yolunda da dünyadan getdi. Sərxanın ilk sinif müəllimi mən olmuşam. «Ana», «Vətən» sözlərini yazmağı ona mən öyrətmişəm, Vətən sevgisi təlqin etmişəm. Öz sinifimdə oxuması üçün yaşından tez aparmışam məktəbə. Amma yaşı az olsa da, sinifdə hər kəsdən yaxşı oxuyurdu. Güclü qavraması, hafizəsi vardı. Ona görə də məktəbi əla qiymətlərlə başa vurdu. İstəyirdim tarixçi olsun. O isə hərbi sahəni seçdi. Çox vətənpərvər, təəssübkeş idi. Komandanlığı altında olan əsgərlərə xüsusi qayğı göstərirdi. Sağlamlıqlarına, yemək-içməklərinə diqqət yetirirdi. Elə hadisə zamanı da şəxsi heyət üçün təmiz su axtarışına çıxmışdı. Bu sahədə təcrübəsi vardı. Əvvəllər də ehtiyac yarandığından bir neçə dəfə hərbi hissənin yerləşdiyi yerə su çəkilməsi üçün meşənin dərinliyində olan bulaqların axtarışına çıxmış və lazımı layihəni hazırlamışdı. Bu dəfə də gölməçə suyu içib xəstələnən əsgərlərin sağlamlığı üçün su axtarışına çıxıb. Bir bulaq tapıb. Suyu boru vasitəsilə hərbi hissənin yerləşdiyi əraziyə necə çəkiləcəyinin yollarını kağıza qeyd edib. Geri qayıdanda isə minaya düşüb.

    İndi oğlumun iyini gəlinim Vəfadan və nəvəmdən alıram. Altı ilə yaxındır ki, ailə qurmuşdular. Aralarında çox böyük məhəbbət vardı. Belə təmiz sevgiyə ancaq kitablarda rast gəlmək olar. Təəssüf ki, yarımçıq qaldı.

    Nəvəm mənim adımı daşıyır. Sərxan belə istəmişdi. Hələ dörd yaşı olmasına baxmayaraq çox vətənpərvər qızdır. Sərxanın öyrətdiyi: «Qarabağ bizimdir, Şuşa bizimdir», «Torpaqdan pay olmaz» sözləri hələ də dilindən düşmür. Atasının bir gün geri dönəcəyinə inanır» – deyir.

    Gənc mayorun ömür-gün yoldaşı Vəfa xanım isə: «Baxmayaraq ki, o, həyatdan gedib, həmişə mənimlədir. Hər zaman da belə olacaq. O bizi tək qoymaz heç vaxt. Ailə qurduğumuz gündən hansı bölgədə olubsa, bizi də özü ilə aparıb. Çox ailəcanlı insan idi. Övladı üçün canını da verərdi. Onsuz çox çətindir bizim üçün. Təsəllim odur ki, Sərxan bir döyüşçü olaraq qazandığı böyük Zəfərin müjdəsini aldı. O mənim Qələbəyə şahid olan  şəhidimdir!» – deyir.

    Mayor Sərxan Muxtarov xidməti dövründə 3-cü dərəcəli «Qüsursuz xidmətə görə» medalı, «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalları ilə təltif edilib. Vətən müharibəsindəki təltifləri haqqında ailəsinə hələ məlumat verməmişdi. Medalların rəsmi təqdimatını gözləyirdi. Ən böyük mükafatı isə tanrının bəxş etdiyi cənnəti oldu.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:03

İsmarıclar bağlıdır.