Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Апр

    Ölkəmizin zəfər tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə öz sağlamlığı bahasına imza atan qəhrəman döyüşçülərimizdən biri də 19 yaşlı qazimiz Orxan Mustafayevdir.

     Orxan Elşad oğlu Mustafayev 2001-ci il iyul ayının 12-də Gəncə şəhərində dünyaya göz açıb. 2008-ci ildə Gəncə şəhər 26 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2017-ci ildə 9-cu sinfi başa vuraraq  Mingəçevir Turizm kollecinə qəbul olub. 2019-cu ildə kolleci bitirib və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşərək Ağcabədidə yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. Əsgərlik dövründə nümunəvi xidmətinə görə dəfələrlə komandanlığın yazılı və şifahi təşəkkürnamələrinə layiq görülüb.

     2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi ölkəmizin əksər gəncləri kimi Orxanın da həyatında böyük dönüş yaratdı. O, rabitəçi idi. Xidməti otağı döyüş meydanından kənarda yerləşirdi. Müharibə başlayandan bir neçə saat sonra rabitəçi olaraq aldığı xəbər onu sarsıtdı:

    – Mustafayev, briqadamızdan bu gün şəhid olan əsgərlərimizin adını qeyd et; onlardan biri gəncəli Paşayev Abdulla Sultan oğlu, digəri isə başqa bölgədən olan…

    Orxan uşaqlıq dostu olan, eyni hərbi hissədə xidmət etdiyi əsgər yoldaşı Abdullanın adını eşidəndə bir anlığa sanki dünya başına fırlandı. Qeyri-iradi öz-özünə: – Ola bilməz, Abdulla ölə bilməz, – pıçıldadı. Ratsiya ilə: – Gəncəli şəhidin adını bir də deyin, – qışqırdı. Yox, səhv eşitməmişdi. Bu, o idi.  Bir küçədə böyüdüyü, birlikdə oynadığı, sirrini-sözünü paylaşdığı, əsgərlikdə bir yerə düşdükləri üçün sevindiyi zarafatcıl, şən, qaynar təbiətli ürək dostu Abdulla.

    Ürəyində qövr edən nisgil cəbhəyə yola düşdükləri gün bir az da artdı. Artıq dostunun intiqamını almaq zamanı gəlmişdi.

    Qorxmazlığı, cəsurluğu ilə ilk gündən diqqəti cəlb edən Orxan Mustafayevin şərəfli döyüş yolu Füzuli, Xocavənd, Xankəndi, Şuşa və digər bölgələrdən keçib. Noyabr ayının 5-də Daşaltı döyüşləri zamanı kaset mərmisindən aldığı yara onun döyüş ruhunu sındıra bilməyib. O, yaralı halda yenidən döyüşlərə qatılıb. Üç gün sonra – noyabr ayının 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı yenidən top mərmisi ilə yaralanan Orxan elə həmin andaca huşunu itirib. Gözünü bir də hərbi hostipalda açıb. Danışmaq istəyəndə isə nitqi olmayıb. Daha sonra nəinki danışa bilmədiyini, hətta əlinin, ayağının da tutmadığını, yaddaşının bir qismini itirdiyini, psixoloji çatışmazlıqla üzləşdiyini, yatağa məhkum olduğunu görüb. Həkimlər ona təsəlli verməyə çalışıblar. «Hər şey yaxşı olacaq, Müalicədən sonra dilin də açılacaq, ayağın da yer tutacaq, əsməcən də keçəcək… Yenə əvvəlki kimi olacaqsan. Təkcə səbr etmək lazımdır. Heç belə yaraşıqlı oğlana fiziki qüsurlu olmaq yaraşar?» – dedilər.

    Körpə uşaq saflığı ilə həkimlərin dediyinə inandı Orxan. Bəlkə elə bu inamın gücüdür ki, indi artıq qüsurlu da olsa yeriyə bilir, danışığı səlist olmasa da, fikrini ifadə etməyə çalışır, yaddaşında müəyyən irəliləyişlər müşahidə olunur. Dövlətimiz Orxanın müalicəsini pulsuz həyata keçirir. «Yaşat» fondu onun müalicəsini Türkiyədə davam etdirməsi üçün Orxana maddi dəstək olub.

    Orxan vətənpərvər bir ailədə dünyaya gəlib. Atası Elşad Mustafayev I Qarabağ müharibəsi qazisidir və 2005-ci ildə müharibənin sağlamlığına vurduğu fəsadlar nəticəsində dünyasını dəyişib. Əmisi Ceyhun Mustafayev isə I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Ailənin ağbirçəyi Ofeliya nənə: «Övladlarımın ikisi Vətən uğrunda canlarından keçib. Nəvəm Orxan da məhz onların yolunu davam etdirdi. Əsgərliyini bitirməyə 3 ay qalmışdı. Namərd düşmən aman vermədi. Bu müharibədə nəvəm mərdliklə vuruşdu. Atasının da, əmisinin də, dostlarının da qisasını aldı. Sağlamlığını itirsə də, evə qalib əsgər kimi döndü. Mən qalib Orxanımla fəxr edirəm» – deyir.

    Aynurə xanım bağça müəllimidir. İlkin tərbiyənin nə qədər önəmli olduğunu yaxşı bilən qazi anası deyir ki, Vətən sevgisini övladlarıma mən nəzəri, atası isə praktiki olaraq təlqin etmişik.

    Bu gün özündən iki yaş böyük olan, GDU-nun tələbəsi, qardaşı Şahmalı da, özündən bir yaş kiçik, GDU-nun tələbəsi, bacısı Ofeliya da, bacısından seçmədiyi əmisi qızı Samirə də bütün qohumları, dostları, tanışları kimi Orxanla fəxr edir, «Tanrıya şükür ki, Orxan ölümün bir addımlığından döndü və geri qayıtdı» – deyirlər.

    Bir az mistik də olsa, qəribə bir əhvalat danışdı Orxan. Dedi ki, qanlı döyüşlərin birində xeyli itki verdik. Düşmən tərəfdən də itki çox idi. Mövqeyimiz əlverişli deyildi. Kömək gələnəcən gec ola bilərdi. Saatlar ötdükcə əsir düşmək ehtimalı daha da artırdı. Düşmənin əlinə keçməmək üçün avtomatımın lüləsini çənəmin altına qoyub atəş açmaq istədim. Bu zaman səs gəldi: – Neynirsən, dəli olmusan? Gözlə, bizimkilər gəlirlər!

    Bu, dostum Abdullanın səsi idi. Ətrafa baxdım, heç kəs yox idi. Birdən ağlıma gəldi ki, axı o, şəhid olub. Yenidən avtomatımı çənəmə sıxdım. Bu dəfə həmin səs daha güclü, bir az da acıqlı gəldi: – Demirəm silahı yerə qoy!

    Silahı yerə qoyub uzandım. Fikirləşdim ki, bu necə ola bilər? Dostum həyatda deyilsə, mənimlə necə danışa bilər? Bu zaman bizimkilər gəldilər və bizi xilas etdilər.

    Həqiqətən də şəhidlər ölməzdir. Orxanın hekayəti buna daha bir sübutdur.

    Orxan Mustafayev döyüşdə göstərdiyi şücaətə dörə Respublika Prezidentinin sərəncamı ilə «Vətən uğrunda», «Cəsur döyüşcü», «Füzulinin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

    Qazimizi qarşıda müalicəsi ilə bağlı Türkiyə səfəri gözləyir. Yolun uğurlu, müalicən düşərli olsun, igid əsgər. Odun-alovun içindən salamat gəlməyinə yardım edən Allah, şəfasını da səndən əsirgəməsin.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:32

İsmarıclar bağlıdır.