Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Июн
    Bu günlərdə Bakı yenidən möhtəşəm tədbirə evsahibliyi edir. Artıq ikinci gündür ki, paytaxtımızda növbəti dəfə “Formula-1” yarışlarının həyəcanı yaşanır. “Formula-1” üzrə dünya çempionatının altıncı yarışı olan Azərbaycan Qran-prisində dünyada məşhur olan Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar mübarizə aparırlar. Dünyanın yüz milyonlarla avtomobil idmanı həvəskarının diqqəti yenidən Azərbaycana yönəlib.

     

    Azərbaycan ən mükəmməl idman infrastrukturuna malikdir

    Beynəlxalq idman yarışlarına evsahibliyi etmək kifayət qədər məsuliyyətli öhdəlikdir. Hər bir ölkə bu cür yarışlara evsahibliyi etmək arzusundadır.

    Çünki bu cür yarışlar ölkənin imicinin daha yüksəlməsi, turizm imkanlarının dünyada təbliği baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Amma hər ölkə belə yarışları təşkil etmək imkanında deyil. Çünki istənilən beynəlxalq idman tədbiri zamanı həm idmançıları beynəlxalq standartlar çərçivəsində qarşılamaq lazımdır, həm də yarışı izləmək üçün ölkəyə gələn çoxsaylı xarici qonağın yerləşə bilməsi üçün müəyyən infrastruktur olmalıdır. Məsələn, indiyədək Ermənistanda çox nadir hallarda beynəlxalq idman yarışları keçirilib. Keçirilən yarışların isə statusu aşağı, iştirakçıların sayı isə həddən artıq az olub. Çünki bu ölkənin çoxsaylı idmançıların iştirak etdiyi idman tədbirini təşkil etməyə, birdən-birə minlərlə turisti qarşılamağı  imkanı çatmır.

    Azərbaycana gəldikdə isə, tamamilə fərqli mənzərəni görmək mümkündür. Daha dəqiq ifadə etsək, Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsində möhtəşəm nümunələr yaradır. İndiyədək Azərbaycanda I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirləri keçirilib. Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasətinin nəticəsi olaraq Bakıda yaradılan möhtəşəm infrastruktur bu yarışların hər birini ən mükəmməl şəkildə təşkil etməyə imkan verib. Həm də təsdiq olunub ki, Bakı şəhəri və eləcə də regionlarımız istənilən sayda xarici qonağı qəbul edə bilər.

    Azərbaycan bu idman yarışlarına ən ideal şəkildə evsahibliyi etməklə Avropanın və İslam dünyasının idman tarixinə öz möhürünü vurub, yeni və ideal təşkilatçılıq nümunələri yaradıb. Ölkəmiz bütün dünyaya evsahibliyinin və yüksək təşkilatçılığın necə olduğunu göstərib.

     

    Bu Qran-pri mövsümün ən maraqlı yarışlarından olacaq

     

    “Formula-1” də sıradan bir yarış deyil, dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. Hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə  Qran-pri  mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən, pilotlar və komandalar ilin sonunda, çempionluq titulu qazanırlar. Mübarizə aparan iştirakçıları sayı digər idman tədbirlərindən  az olsa da, bu avtomobil  yarışı tamaşaçı sayına görə yalnız futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından geri qalır. Hesablamalara görə, “Formula-1”in dünyadakı auditoriyası təxminən 500 milyon nəfərdir.

     “Formula-1”də gündəlik həyatda görmədiyimiz və xüsusi olaraq bu idman növü üçün hazırlanan avtomobillər yarışır. Bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik sürücü yeri və təkərləri açıqdadır. Bu avtomobillərin yürüşü üçün tələblərə cavab verən trekin olması vacib şərtdir. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” təqviminin ən gözəl mübarizə meydanlarından biridir.  Çünki Bakı mübarizəsində pilotlar xüsusi avtodromda deyil, məhz şəhərin küçələrində yarışırlar. Qeyd edək ki, pilotlar həmişə Bakı Şəhər Halqası barədə yüksək fikirlər söyləyiblər. Çünki Bakıdakı mübarizə meydanı çempionatın ən uzun və düz xətlərindən birinə sahib qeyri-adi şəhər trasıdır.  Nadir xüsusiyyətlərə malik Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları paytaxtımızın gözəlliyini, tarixi və  müasir memarlıq abidələrini, bir sözlə ecazkar bir mənzərəni görə bilirlər.

    Onu da xatırladaq ki, Bakı artıq beşinci dəfədir ki, “Formula-1” yarışlarına evsahibliyi edir. Bu baxımdan “Formula-1” Azərbaycan üçün yenilik sayılmır. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən yarışın keçirilməsi məqsədəuyğun sayılmamışdı.

    Bakıda keçirilən yarış bu dəfə də “Formula-1” mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Azərbaycan bu yarışı yüksək səviyyədə təşkil etməklə mükəmməl evsahibliyinin növbəti nümunəsini yaradacaq.

    Rəşad CƏFƏRLİ

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:35

İsmarıclar bağlıdır.