Qeyd etmək lazımdır ki, əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70 80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər.
Əhalidə kütləvi immunitetin yaranması hazırda tədbiq olunan bir çox məhdudiyyətlərin aradan qaldırılmasına imkan yaradacaq. Bu gün Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edildi. Dəyişikliyə əsasən iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən bir sıra şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında da qərar verdi.
Bununla belə “COVİD-19” hələ də həyatımızdadır və onunla mübarizə davam etməkdədir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Həyatları xilas etmək üçün yeganə yol – vaksinasiyadır. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Yəni, peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bunun belə olacağına əminik!