Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Окт

    Vətən müharibəsinin Qələbə salnaməsinə qanı, canı ilə imza atan oğullardan biri də Təqi Nizami oğlu Əsgərovdur. Cəmi on doqquz il ömür yaşayan Təqinin tərcümeyi-halını bir neçə sətrə yerləşdirmək nə qədər asandırsa, onun  qısa olduğu qədər də şərəfli ömür yolunun mahiyyətini açıqlamaq bir o qədər çətindir. Təqi 2001-ci il aprel ayının 9-da qədim və ulu Gəncədə dünyaya gəlib. 2007-ci ildə C.Cabbarlı adına 6 saylı orta məktəbin birinci sinfinə gedib və 2017-ci ildə orta təhsilini başa vurub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa cəmi 4 gün qalmış –   sentyabr ayının 27-də Ermənistanın təcavüzkar hücumuna qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan ordusunun tərkibində döyüşlərə qatılıb. İlk döyüş yolu Füzuli bölgəsindən başlayıb. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Son döyüş yeri Şuşa olan Təqi noyabr ayının 8-də qəhrəmancasına şəhid olub. Noyabr ayının 13-də Gəncənin Şəhidlər xiyabanında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.

    Təqiyə vətənpərvərlik duyğuları atasından keçib desək, yəqin ki, səhv etmərik. Atası Nizami Əsgərov I Qarabağ müharibəsi veteranıdır. O, Ağdam, Sırxavənd, Çıldıran döyüşlərinin fəal iştirakçısı olub. Sırxavənd uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq uzun müddət müalicə alıb. Hazırda II qrup müharibə əlilidir. 48 yaşlı Nizami atanın da ömür yolu keşməkeşli keçib. Gənc yaşında ailə qurub. Ard-arda 2 oğlu dünyaya gəlib. Lakin uşaqlar hələ körpə ikən ömür-gün yoldaşı ağır xəstəlikdən dünyasını dəyişib. Ailəsi kömək etsə də, əsas yük onun çiyninə düşüb və azyaşlı oğullarına həm ata, həm də ana olmaq məcburiyyətində qalıb. Bir neçə ildən sonra gənc ata yenidən ailə qurub və Aynur xanım 3-4 yaşlarında olan Səməndər və Ruzigarı bağrına basaraq onlara əsl ana qayğısı göstərib. Bir müddətdən sonra gənc ananın öz övladı dünyaya gəlib. Körpəyə imamların şərəfinə Təqi adını qoyublar. Amma Səməndər və Ruzigara olan diqqət və qayğısı, sevgisi azalmayıb Aynur xanımın. Bəlkə bu ülfətin mükafatı idi ki, tanrı onu daha bir neçə övlad ilə sevindirib. Hazırda peşə məktəbində peşə təhsili alan Əli ailənin dördüncü övladı kimi gəlib dünyaya. Beşinci oğul  Məhəmməd hazırda 8-ci sinif şagirdidir. Ailənin sonbeşikləri Yusif və Səkinə isə əkizdirlər. 4-cü sinifdə oxuyurlar.

    Təqi ilə bərabər, ailənin böyük oğlu Səməndər də Vətən müharibəsində Böyük Qələbəyə imza atan oğullarımızdandır.

    Şəhid atası Nizami Əsgərov oğlunu böyük qürur hissi ilə xatırlayır: «Əslində mən Təqini şəhadətə ucalandan sonra sanki daha yaxından tanımağa başladım.  Dost-tanışlarının, qohum-əqrabanın, tay-tuşlarının onun haqqında söylədiklərini eşitdikcə həm qürur hissi keçirirəm, həm də təəssüf edirəm ki, niyə bunları onun sağlığında bilməmişəm. Ailədə daha çox böyük qardaşı Səməndərlə yaxın idi. Hər sözünü ona deyərdi. Bəlkə elə ona görə də Səməndər hələ də qardaşının yoxluğu ilə barışa bilmir. Təqi çox mehriban, cəsarətli, qorxmaz oğul idi. Qardaşı Səməndər də müharibədə olduğundan hər ikisi bir-biri ilə bizim vasitəmizlə xəbər tuturdular. Hər zəng edəndə qardaşını soruşurdu. Bizə ürək-dirək verirdi ki, qorxmayın, hər şey yaxşı olacaq. Deyirdi ki, sənin yarımçıq qoyduğun işi biz tamamlayacağıq. Tezliklə torpaqlarımışı işğaldan azad edib, zəfər çalacağıq. Son dəfə noyabr ayının 3-də zəng etmişdi. Bir neçə gün sonra isə Şuşanı düşmən tapdağından azad edərkən özü şəhid olmuşdu. Bir gün Şuşaya gedib oğlumun qanı tökülən yerləri ziyarət etmək ən böyük arzumdur. Təsəllimiz odur ki, oğlum kimi yüzlərlə, minlərlə şəhidin zəhməti hədər getmədi. Şuşa, həqiqətən də azad oldu. İşğal altında olan bütün torpaqlarımız azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Bu isə şəhid oğullarımızın ruhunun rahatlığa qovuşması deməkdir».

    Təqi Əsgərov döyüşdə göstərdiyi şücaətə görə Respublika Prezidentinin sərəncamı ilə ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad edilməsinə görə», «Xocavəndin azad edilməsinə görə» və «Şuşanın azad edilməsinə görə» medalları ilə təltif edilib.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:33

İsmarıclar bağlıdır.