Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Окт

    Zəfər soraqlı 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından biri də şəhid Mirhüseyn Miryunis oğlu Seyidzadədir. O, 1991-ci il fevral ayının 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində dünyaya gəlib. 1997-ci ildə M.Ə.Sabir adına 5 saylı məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin 9-cu sinfini başa vuraraq Gəncə Humanitar Kollecinə qəbul olub. 2010-cu ildə kollecin gömrük işi üzrə kiçik mütəxəssis ixtisasını bitirərək həqiqi hərbi xidmətə gedib və 2012-ci ildə hərbi xidmətini başa vurub. 2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışıb. 2020-ci ilin iyul ayında Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlayıb.

    27 sentyabrda erməni təcavüzünə qarşı başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində cəbhə bölgəsinə gedib. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Oktyabr ayının 9-da Gəbrayıl ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Bir gün sonra isə Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Ailənin yeganə oğul övladı olan Mirhüseyn sadə bir ailədə dünyaya göz açmışdı. Gəncədə hər kəsin Yura  kimi tanıdığı atası Miryunis Seyidov uzun illər televiziya kanallarında operator işləyib. O, region televiziyasının ilk əməkdaşlarından olub. Anası Kifayət xanım Gəncə şəhər Uşaq paliklinikasında tibb bacısıdır. Ailənin böyük övladı Aytən isə iki övlad anasıdır və ailəsi ilə Rusiyada yaşayır. Mirhüseyn öz mehribanlığı, qayğıkeşliyi, ünsiyyətcilliyi ilə bu kiçik ailənin çevrəsini bir az genişləndirmişdi; gəlib-gedənləri çox olardı, həm şəxsi maşını, həm də işbacaran olduğu üçün qohum-əqrabanın xeyir-şər işlərində fəallığı ilə hər kəsdən seçilərdi, tez-tez küçənin bütün uşaqlarını dondurma ilə sevindirər, yaşlıların köməyinə çatmağa can atardı.

    Şəhid atası Miryunis Seyidov oğlu haqqında keçmiş zamanda olduğu kimi danışa bilmir. Onu hər zaman öz yanlarında hiss etdiklərini deyir: «Amma nədənsə heç yuxumuza girmir. Bir neçə ay bundan əvvəl bir nəfər bizə ismarıc göndərdi ki, Mirhüseyn deyir ki, anam ağlamasın, üşüyürəm, mənə yorğan göndərsin. Sonra bildim ki, həmin adam  əslində Mirhüseyni tanımırmış. Oğlumun böyüdülmüş şəklini dayanacaqda görüb və təəccüblənib ki, mən bu şəhidi 2 dəfə yuxuda görmüşəm. Anasına bu sözləri çatdırmağımı xahiş edirdi. Sonra həyat yoldaşımı Moskvaya – qızımın, nəvələrimin yanına apardım. Bir neçə ay orada qaldıq. İstəyirdim ki, özünə qapanmasın, nəvələri ilə başını qatsın. Amma əslində bizim üçün Mirhüseyni əvəz edəcək ikinci bir varlıq yoxdur. O, ailənin gələcəyi idi. Heç vaxt bizə əziyyət verməzdi. Nə maddi, nə də mənəvi. Çox mehriban uşaq idi. Onunla ata-baladan çox, dost kimi idik. Sirrini-sözünü isə anası ilə bölüşərdi.

    Ön cəbhədə olduğunu bilmirdik. Hər dəfə zəng edəndə deyirdi ki, nigaran qalmayın, biz arxadayıq. Şəhid olandan sonra bilmişik ki, ən qaynar nöqtələrdə olub, böyük qəhrəmanlıqlar göstərib. Oktyabr ayının 9-u vəfatının bir ilidir. Amma sanki hər şey dünən olub.

    Dövlətimiz Mirhüseynin qəhrəmanlığını yüksək qiymətləndirib. Ölümündən sonra orden və medallarla təltif edib, adına küçə verilib. Bütün bunlar bizim üçün təsəllidir. Amma ən böyük təsəllimiz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması, doğma Qarabağımızda vətənimizin üçrəngli bayrağının qürurla dalğalanmasıdır. Mən Mirhüseyn kimi oğulla ancaq fəxr edə bilərəm. O öz hünəri ilə ailəsinə, nəslinə, xalqına layiq oğul olduğunu sübuta yetirdi. Ayrılıqlar həmişə acı olub. Onsuz nə qədər darıxsam da, bilirəm ki, yeri gözəldir. Ona görə də dözürəm. Bütün şəhid ailələrinə də demək istəyirəm ki, bizim övladlarımız dar çərçivədə olan ailəni deyil, geniş miqyasda olan xalqı seçdilər. Bu gün onlar təkcə bizim yox, həm də xalqın oğludurlar. Bu böyüklüyün qarşısında isə ancaq baş əymək olar!».

    Mirhüseyn Seyidov döyüşdə göstərdiyi şücaətə görə Respublika Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» və «Laçının azad olunmasına görə» medalları ilə təltif edilib.

    Məkanın cənnət olsun, qəhrəman şəhid!

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:08

İsmarıclar bağlıdır.