Paytaxtda «Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq—Gənclər İnkişaf Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub.
Müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinə dair maarifləndirilməsindən ibarətdir.
"Meyvəçilik", "Arıçılıq", «Heyvandarlıq", "Meşə məhsulları", "Tərəvəzçilik", "Subtropik bitkilər", "Gülçülük", "Dənli bitkilər", "Balaca fermer" nominasiyaları üzrə ümumtəhsil məktəblərindən 2000-ə qədər I — XI sinif şagirdi müsabiqədə fərdi, kollektiv, sinif və ya ailəvi iştirak edib.
Zona müsabiqələri Gəncə—Qazax, Aran, Lənkəran—Astara, Quba—Xaçmaz, Dağlıq Şirvan, Şəki—Zaqatala və Bakı zonası üzrə keçirilib. Münsiflər heyətinin qərarı ilə 276 məktəbli Respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqədə, həmçinin qaliblərin əl işlərindən ibarət sərgi də təşkil olunub. Sonda münsiflər heyəti tərəfindən seçilən ən yaxşı təcrübəçilik işlərinin müəllifləri medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqədə Gəncə şəhər ümumtəhsil məktəblərindən 9 şagird iştirak edib.
Müsabiqənin final mərhələsində Gəncə şəhəri 17 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Ayxan Bağırov «Balaca fermer» nominasiyası üzrə I yerin qalibi olub və medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Fərruxə UMAROVA