Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,839
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Июл

    Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

    İyulun 10-da radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

    Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

    Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi baş tutub. Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən vida mərasimdə Daxili İşlər Nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək çinli polis zabitləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər üzvləri, Millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Daxili İşlər Nazirinin müavini, general- leytenant Oruc Zalov çıxış edərək, ölkədə cinayətkarlara qarşı mübarizə apararkən şəhid olan zabitlərin fəalyyətindan danışıb.O bildirib ki, uzun illər Daxili İşlər Orqanlarında xidmət edən İlqar Balakişiyev və Səməd Abbasov, hər ikisi müxtəlif illərdə “İgidliyə görə” medalına layiq görülüb. General-leytenant Oruc Zalov qeyd edib ki, kollektiv arasında daim nümunəvi xidməti ilə fərqlən bu cəsur zabitlər daim xatirlərdə qalacaqlar.

    Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev nitqinə şəhidlərin doğmalarına baş sağlığı verməklə başlayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin daim inkişaf etdiyini deyən Elnur Rzayev, bildirib ki, bu gün xalq və iqtidar birdir. O qeyd edib ki, ölkədə hökm sürən sabitliyi pozmağa çalışan qüvvələr, buna nail ola bilməyəcəklər. Elnur Rzayev çıxışının sonunda şəhid olan polislərin ailələrinə, o cümlədən şəhər sakinlərinə baş sağlığı verib və şəhidlərin yaxınlarına Allahdan səbr diləyib.

    Mərasimdə çıxış edənlər 10 iyulda radikal dini yönümlü bir qrup şəxsin Gəncənin baş meydanında təxribat törədərək, vəzifə başında olan polis əməkdaşlarını qətlə yetirmələrini qınayıb, terrora “Yox!” deyiblər. Şəhid olan polislərə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.

    ***

    Fuad Əliyev  — AMEA Gəncə Bölməsinin sədri, akademik: “Gəncə ziyalıları adından zabitlərin yaxınlarına dərin hüzünlə baş sağlığı verirəm. Bu gün Respublikamızda gedən sürətli inkişaf ölkədəki sabitlik və əminamanlığa əsaslanır. Bu gün bu inkişafı əngəlləmək, sabitliyi pozmaq istəyən müəyyən qüvvələr var. Lakin onlar buna nail ola bilməyəcəklər. Azərbaycan polisinin ayıq-sayıqlığı nəticəsində onların hər cəhdi boşa çıxacaq. Mən bütün Gəncə sakinləri adından yüksək şücaət göstərən polisllərimizə minnətdarlığımı bildirirəm”.

    ***

    İbrahim Cəfərov  — ADAU-nun rektoru: “Bütün bunlar Azərbaycan sakinlərinin sülh və əminamalıq şəraitində yaşamasını gözü götürməyənlərin əməlləridir. Bu hadisə Gəncə polisinə deyil, Azərbaycanın müstəqilliyinin əleyhinə atılmış bir addımdır. Gəncə insanı daim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanındadır. Mən polis polkovniki İlqar Balakişiyevi uzun illərdir tanıyırdım. Allah ona rəhmət eləsin, yaxınlarına səbr versin”.

    ***

    Rəfiqə Sadıqova – “Gəncənin Səsi” qəzetinin baş redaktoru: “Dünyanın ən sabit ölkələrindən olan Azərbaycan,övladlarımızın yaşaması üçün arzuladığımız ən gözəl məkandır. Ölkəmizdə hökm sürən sabitlik və əminamanlığı heç kimin pozmasına imkan verə bilmərik. Gəncəlilər hər zaman ölkə başçısı, Prezident İlham Əliyevin arxasında sıx birləşiblər. Bu gün burada İki polis zabitini dəfn edirik və inanın mənə bu çox ağır bir hissdir.  Bu Azərbaycan oğullarının xatirəsi daim bizim qəlbimizdə yaşayacaq.

    ***

    Tahir Abbasov  — şəhid polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı: Bu gün mən öz vəzifəsini yerinə yetirən zaman şəhid olan qardaşımı dəfn edirəm. Əslində bu gün mən bir yox, iki qardaşımı itirdim. Çünki həm Səməd Abbasov, həm də İlqar Balakişiyev bacarıqlı və öz vəzifələrini layiqincə yerinə yetirən insanlar idi. Mən əminəm ki, Gəncədə iğtişaş törətmək istəyən təxribatçı dəstələr tərəfindən amansızcasına öldürülən zabitlərin qanı yerdə qalmayacaq. Onlar qanun qarşısında cavab verəcəklər. 

    ***

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşı açılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

     

    VİDEO: https://www.youtube.com/watch?v=xvKTfIPNSic

     

     Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:50

İsmarıclar bağlıdır.