Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,738
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Фев

    Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.

    Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

    Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verib.

    Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisidir.

    Məlumat verildi ki, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Uzunluğu 73 min metr olan yol-cizgi xətləri çəkilib, dörd körpü əsaslı təmir edilib.

    Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verildi. Bildirildi ki, dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 39,4 kilometrdir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni altı metrdir.

    İyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən yolun təmiri yük və sərnişin daşınmasının daha da yaxşılaşdırılmasına imkan verəcək.

    Dövlətimizin başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

    Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

    Dövlətimizin başçısı yol inşaatçıları ilə görüşüb onlarla xatirə şəkillər çəkdirib.

    Daha sonra Prezident İlham Əliyev Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

    Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

    Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verib.

    Bildirildi ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

    Diqqətə çatdırıldı ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

    Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

    Qeyd edildi ki, Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

    Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

    Görüşdə çıxış edən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

    -Bu gün Beyləqan rayonunda çox əlamətdar bir gündür. Beyləqanda Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl idman mərkəzidir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Bu mərkəzin həm xarici görünüşü, həm də daxili tərtibatı çox gözəldir. Məşq zalları, cüdo, güləş, boks üzrə xüsusi məşq zalları, üzgüçülük hovuzu, böyük idman salonu, stadion. Eyni zamanda, bu mərkəzdə 50 nəfərlik otel də yerləşir. Beləliklə, Beyləqana gələn qonaqlar burada rahat qala bilərlər.

    Bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da Azərbaycan idman dövlətidir. Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar.

    Bütün bölgələrdə bu istiqamətdə işlər gedir. Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yəni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar.

    Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir — Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar. Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəmzidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız,- onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər. Gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar.

    Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir.

    Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Misal üçün, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.

    Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilmişdir. Bunlar daha da geniş miqyasda icra edilməlidir. 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yəni, bütün əsas infrastruktur layihələri icra edilir.

    Sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir. Beyləqanda üç aqropark yaradılıbdır. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar.

    Yəni, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır. Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir. Yəni, bir sözlə, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcəklər.

    Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İdmançılara yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

    X X X

    Beyləqanlı idmançılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən karate üzrə dünya çempionu Sahib NƏSİBOV dedi:

    — Möhtərəm cənab Prezident, mən də Sizi Beyləqanın gənc idmançıları adından salamlayıram, rayonumuza xoş gəlmisiniz. Siz həmişə gənclərimizə, idmançılarımıza dəstək olmusunuz. Bunun uğurlu nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda dövlətimizin bayrağını yüksək zirvələrə qaldırırlar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezident, Sizi əmin edirəm ki, bu gözəl kompleksi bizə hədiyyə etdiyiniz üçün biz var gücümüzlə, İnşallah, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında öz sözümüzü deyəcəyik. Cənab Prezident, Beyləqan idmançıları adından Sizə minnətdarlığımı bildirirəm ki, bizə belə gözəl kompleks hədiyyə etdiniz. Çox sevinirik. İnanın ki, sevincimizin həddi-hüdudu yoxdur. Allah Sizə yar olsun. Çox sağ olun, minnətdarıq.

    Prezident İlham Əliyev: Sağ olun.

    X X X

    Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil FƏRZƏLİYEV dedi:

    — Möhtərəm cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Mən yunan-Roma güləşi üzrə Əməkdar məşqçiyəm. Böyük bir kompleksi bizə hədiyyə etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Bu kompleksdə dünya və Avropa çempionlarımız var, əminəm ki, İnşallah, Olimpiya çempionumuz da olacaq. Sizə bir daha minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

    Prezident İlham ƏLİYEV: Sağ olun. Ümid edirik ki, Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriləcək.

    Kamil FƏRZƏLİYEV: Allahın köməyi ilə. Mən Eldənizin adını çəkmək istərdim, fəxrimizdir.

    Prezident İlham ƏLİYEV: Bəli, gözəl idmançıdır.

    Kamil FƏRZƏLİYEV: Nailiyyətlər qazanmış digər idmançılarımız da var. Bir daha Sizə minnətdarlığımızı bildiririk.

    Prezident İlham ƏLİYEV: Sağ olun.

    Daha sonra yunan-Roma güləşi üzrə dünya çempionu Eldəniz ƏZİZOV idmançılara göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.

    X X X

    Sonda xatirə şəkli çəkdirildi.

    Qeyd edək ki, kompleksin müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1900-ə qədər tamaşaçı izləyə biləcək. Burada mini futbol meydançaları da idmançıların ixtiyarına verilib. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

    XXX

    Beyləqan rayonuna səfəri zamanı Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

    Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

    Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

    Bildirildi ki, burada 6087 adda eksponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.

    Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət alıb. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna əhəmiyyətə malikdir.

    Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb.

    Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

    Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

    Sakinlər: Cənab Prezident, Sizin gəlişiniz bizi sevindirir. Xoş gəlmisiniz. Allah Sizi qorusun.

    Prezident İlham Əliyev: Çox sağ olun.

    Yaşlı qadın sakin: Xoş gəlmisən, mənim balam, başına dönüm. Bizdən Mehriban xanıma da çoxlu salam apar. Beyləqan torpağına xoş gəlmisən. Səndən çox-çox razıyıq. Allah o bir oğlunu min budaq eləsin. Azərbaycanın fəxri, Heydər oğlu, Beyləqan Sənin arxandadır. Beyləqan rayonu Sizinlə fəxr edir. Azərbaycanın fəxrisiniz.

    Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

    Rafiq Hacıyev: Hamıdan üzr istəyirəm, bağışlayın, oğlum Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisidir, indi xəstədir, əməliyyat olunmalıdır.

    Prezident İlham Əliyev: Mən kömək edərəm, ad-familiyasını yazın.

    Rafiq Hacıyev: Allah razı olsun. Hacıyev Tural Rafiq oğlu.

    Sakin: O gün olsun ki, tezliklə biz Dağlıq Qarabağda belə bir yığıncaq keçirək. Allah Sizi qorusun.

    Prezident İlham Əliyev: Çox sağ olun. Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub.

    Yaşlı qadın sakin: Çox sağ ol, ay mənim əziz balam. Səni bizə bəxş edən o kişiyə Allah rəhmət eləsin. Azərbaycanın gözəl oğlu, siyasətdə ən öndə duran balamız. Çox sağ ol. Sənin gəlişinə bütün nənələr qurban. Hər bir qüvvətli kişinin arxasında bir cəngavər qadın durur. Allah səni də, sənin arxanda dayanan Mehriban xanımı da qorusun. Hər ikinizə uğurlar arzulayıram.

    Prezident İlham Əliyev: Çox sağ olun. Mən Sizi ürəkdən salamlayıram və Sizə xidmət etməyə gəlmişəm.

    Sakinlər: Sağ olun. Abad yollarımız, qazımız, işığımız var, cənab Prezident. Allah Sizi də, Mehriban xanımı da qorusun. Beyləqan qadınları adından minnətdarlığımızı bildiririk.

    Prezident İlham Əliyev: Sağ olun, soruşmaq istəyirəm, Beyləqan rayonunun inkişafı, vətəndaşların rifahını yaxşılaşdırmaq üçün əlavə nə lazımdır?

    Kişi sakin: Dünyamalılar kəndində yeni məktəbin tikilməsinə ehtiyac var, cənab Prezident.

    Prezident İlham Əliyev: Bu il onu da həll edəcəyik. Məktəb tikiləcək. Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq.

    Sakinlər: İnşallah, çox sağ olun. Allah Sizdən razı olsun. Qazımız, işığımız, suyumuz, yolumuz var, cənab Prezident.

    Prezident İlham Əliyev: Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur. Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq.

    Kişi sakin: Cənab Prezident, o vaxt Beyləqan 100 min tona yaxınlaşmışdı. Əlli min ton üzüm, 87 min ton pambıq Beyləqanın axırıncı göstəricisi idi.

    Prezident İlham Əliyev: Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar.

    Kişi sakin: Cənab Prezident, çox sağ olun. Siz minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırdınız. Pensiyamızı qaldırdınız. Həmçinin qaçqın və məcburi köçkünlərin, hərbçilərin mənzil-məət şəraitləri yaxşılaşdırıldı. Kənd ilə şəhər arasında fərq aradan qalxır. Bu gün bütün Azərbaycan gördüyünüz böyük işlərə görə Sizə minnətdardır. Cənab Prezident, mən gənc ailəyəm, özüm Beyləqan Rayon Mədəniyyət Mərkəzində işləyirəm, müğənniyəm. Artıma görə ailəmiz çox şad oldu. Çox sağ olun, Allah Sizə ömür versin.

    El bilir ki, tükənməyən sərvətin vardır,

    Sinən üstü ağ pambıqlı gen tarlalardır,

    Buruqların göy Xəzərdə qatar-qatardır,

    Yurdum, yuvam məskənimsən Azərbaycanım,

    Anam doğma Vətənimsən Azərbaycanım.

    Kişi sakin: Vətəndaşlarla bir yerdə olmağınız, onlara arxalanmağınız, onlarla təmasda olmağınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir. Siz həmişə verdiyiniz sözə əməl edirsiniz. Allah Sizi qorusun.

    Prezident İlham Əliyev: Mən verdiyim sözlərə həmişə əməl etmişəm.

    Qadın sakin: Siz xalqın arxasındasınız, xalq Sizin arxanızdadır. Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.

    Prezident İlham Əliyev: Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.

    Kişi sakin: Yaxın vaxtlarda bayrağımız Xankəndində dalğalansın. Amin.

    Prezident İlham Əliyev: İnşallah!

    Qadın sakin: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.

    Prezident İlham Əliyev: Ev niyə uçub? Bu, bina evidir, yoxsa…?

    Qadın sakin: Köhnə hökumət evidir, 35-37-ci illərdə tikilib. Başına dönüm, Allah köməyin olsun, Allah canını sağ eləsin. Allah Sizi başımızın üstündən əskik etməsin.

    Prezident İlham Əliyev: Biz onu həll edəcəyik, 36 mənzilli ev tikiləcək, bu gün Sərəncam imzalanacaq, oradan sizə də ev veriləcək. İcra başçısına da tapşırıram ki, nəzarət etsin.

    Qadın sakin: Çox sağ ol, cənab Prezident.

    X X X

    Sonra Prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış oldu.

    XXX

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. İntensiv tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

    Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

    “Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq, 15 MVA yeni güc yaradılıb. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, səhiyyə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

    Bildirildi ki, “Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

    XXX

    Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

    Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsalyönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış binaları tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.

    Dövlətimizin başçısına məlumat verildi ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla, 48 mənzilin tikintisi davam etdirilir. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb.

    Prezident, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu. Yaylım atəşli reaktiv sistem SMERÇ kompleksi reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinə, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub. 122 millimetrlik yaylım atəşli reaktiv sistem BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, atəş mövqeyində artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib. 220 millimetrlik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması və düşmənin tağım dayaq məntəqəsi tipli ərazi hədəflərini, həmlə edən bölük, artilleriya və minaatan batareyalarının atəş mövqelərini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub. 152 millimetrlik 2A36 topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib. 130 millimetrlik M46 topu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikasını və canlı qüvvəsini, arxa xidmət məntəqələrini və ordunun idarəetmə bölmələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq üçün təyin olunub. 120 millimetrlik “Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazertuşlayıcı və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. “Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir. Tankəleyhinə idarə olunan raket kompleksi “Xrizantema-S” sutkanın istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq hərəkət edən və etməyən yerüstü və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Tank əleyhinə raket kompleksi “SPİKE-LR” düşmənin 200 metrdən 4 min metrədək məsafədə hərəkət edən və hərəkətsiz tank və zirehli texnikalarını, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. Kompleks yüngül çöl müdafiə qurğularına, binalara, alçaqdan uçan helikopterlərə də dəqiq atəş açmaq imkanı yaradır. Həmçinin kompleksdən kəşfiyyat xarakterli əməliyyatlarda da istifadə etmək mümkündür. “SPİKE-ER” qurğusu isə döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşan, 400 metrdən 8 min metrədək, gündüz, gecə və məhdud görmə şəraitlərində düşmən tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün raket buraxıcı sistemdir. “Orbiter-2B” pilotsuz uçuş aparatı döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin olunub. Universal radiolokasiya kompleksi düşmənin atəş açan taktiki raketlərinin, reaktiv qurğularının, haubitsaları və minaatanlarının kəşfiyyatını aparmağa və öz artilleriya bölmələrimizin atışına xidmət etmək üçün təyin edilib. “R-010SC” komanda-qərargah maşını əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün nəzərdə tutulub. “R-010SC” radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub.

    Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlardan ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

    Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlandı, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi.

    Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar öz bəhrəsini verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:45

İsmarıclar bağlıdır.