Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Июл

    Azərbaycan xalqı zaman-zaman bir-birindən çətin və ağır sınaqlardan çıxmış, tarixin sərt dönüşlərində ona yol göstərən, millətin varlığını qoruyub saxlayan, liderlik və xilaskarlıq missiyasını üzərinə götürən, bu missiyanı ömrünün sonunadək şərəflə doğruldan görkəmli şəxsiyyətlərin fədakarlığı, onların Vətənə, xalqa sonsuz məhəbbəti sayəsində varlığını qorumuş, öz müstəqilliyini bərpa edə və möhkəmləndirə bilmişdir.

    Son 100 ildə isə tariximizin ən mürəkkəb, ən keşməkeşli, çətin, eyni zamanda ən şərəfli səhifələri yazılmış və xalqımız müstəqil, güclü, qüdrətli, müasir və demokratik dövlətini qurmağa nail olmuşdur.

    Bu dövlətin qurulmasında, yaranmasında, onun iqtisadi, siyasi, ideoloji əsaslarının formalaşmasında, Azərbaycan xalqının mütəşəkkil və güclü bir millət kimi təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır və onun rolu əvəzsizdir.

    Azərbaycan xalqının böyük oğlu, uzaqgörən və müdrik dövlət xadimi Heydər Əliyevin tariximizdə qoyduğu izlər əbədidir və Azərbaycan durduqca bu izlər də əbədi olacaq, Heydər Əliyevin adı onun qurduğu bu dövlətlə birlikdə çəkiləcəkdir. 2019-cu il iyulun 14-də Azərbaycan tarixində Heydər Əliyevlə başlanan yeni səhifənin açılmasının 50 ili tamam olur. Yarıməsrlik bir dövrü əhatə edən bu tarixdə baş verən hadisələr o qədər sürətlə cərəyan etmiş, məzmunca o qədər zəngin olmuşdur ki, bunların göstərilən zaman çərçivəsində baş verdiyinə inanmaq olmur. Bu dövrün isə ən mühüm hadisələri, ən çətin və qürurverici anları, ən böyük sınaqları, uğurları və qələbələri zəmanəsinin görkəmli siyasi xadimi, Azərbaycan xalqının fəxri və qüruru olan Ulu Öndər Heydər Əliyevin və onun yolunu, ideyalarını ardıcıl davam etdirən, reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

    Azərbaycanın canlı tarixi olan Heydər Əliyevin son dərəcə mürəkkəb, çətin və ibrətamiz ömür salnaməsini başdan-başa Vətənə, xalqa həsr olunmuş bir ömür adlandırmaq olar. Bu ömrün hər səhifəsi zəngin bir dastandır və onu oxumaq, öyrənmək üçün heç olmasa Heydər Əliyev ömrünün izinə düşüb getməli, bu səhifələri diqqətlə izləməlisən. Bu bir həqiqətdir ki, Ulu Öndərin həyat tarixçəsi, gördüyü misilsiz işlər haqqında çox yazılsa da, bu fenomenal şəxsiyyətin irsinin tam öyrənildiyini hələ demək olmaz və bu irsin müasir zaman prizmasından bir daha təhlil edilərək indiki nəsillərə daha dərindən çatdırılması vacibdir. Çünki Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən güclü şəxsiyyətlərdəndir və onun həyat tarixçəsi Azərbaycanın XX əsr tarixinin ən şanlı səhifələrindən biridir. Heydər Əliyev 1999-cu il martın 27-də etdiyi bir çıxışında deyirdi:"Ölkəmizin XX əsrdəki tarixini doğru-düzgün əks etdirmək, yazmaq üçün mütləq tədqiqatlar, tarixi araşdırmalar aparılmalıdır və obyektiv, ədalətli əsərlər yazılmalıdır”. Son illərdə bu boşluğun doldurulması üçün müəyyən işlər görülsə də, azdır.

    50 il bundan əvvəl baş verən hadisələrə nəzər salarkən bir daha aydın olur ki, o zaman 6 milyonadək əhalisi olan, 30-cu illərin repressiyasını, sonra Böyük Vətən müharibəsinin ağır zərbələrini görmüş, böyük təbii ehtiyatları, o cümlədən nefti, habelə 600 min vətəndaşını qurban verməklə faşizm üzərində qələbə qazanılmasında misilsiz xidmətlər göstərmiş, əvəzində mərkəzi hakimiyyətdən, demək olar, heç nə almamış, sırf aqrar respublika kimi xammal mənbəyinə çevrilmiş, müasir sənaye sahələrindən məhrum edilmiş bir respublika idi. 1969-cu ildə belə bir respublikanın idarə olunmasını öz üzərinə götürmək hədsiz məsuliyyət tələb edirdi. Bu yükün altına girməyə hər insan cəsarət edə bilməzdi. Ancaq görünür, tale Azərbaycan xalqının üzünə elə o zaman gülmüş, bununla Vətənimizin, xalqımızın taleyində yeni era başlanmışdı.

    Bütün iqtisadi göstəriciləri ilə keçmiş Sovetlər İttifaqında axırıncı yerlərdən birini tutan, verdiyi külli miqdarda neft məhsullarının, eləcə də kənd təsərrüfatı məhsullarının müqabilində ittifaq büdcəsindən cüzi vəsait alan Azərbaycanın iqtisadi vəziyyəti və xalqın güzəranı o qədər də ürək açan deyildi. Belə bir çətin məqamda ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyevin, görünür, alın yazısı idi ki, xalqın xilaskarı olsun və bu missiyanı bir də 1993-cü ildə təkrarlasın, Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında qaldığı zaman onu xilas etsin. Əlbəttə, zaman keçdikcə bunlar haqqında daha ətraflı danışılacaq və tarixin Ulu Öndərlə bağlı hər bir anı hörmətlə xatırlanacaqdır.

    Ötən əsrin 70-80-ci illərini görən, yaşayan və şahidi olan nəslin insanları o dövrdə Azərbaycanda baş verən inqilabi dəyişiklikləri, Sovetlər İttifaqı üçün gözlənilməz olan yenilikləri, respublika həyatının tamamilə yeni məcraya yönəlməsini heyrətlə qarşılayırdılar. O illəri səciyyələndirərkən, ilk növbədə, respublikanın iqtisadi dirçəlişini, milli-mənəvi dəyərlərimizin, xalqın özünüdərk hissinin formalaşmasını önə çəkmək, həmin dövrü yenilik və tərəqqi illəri kimi qiymətləndirmək lazımdır.

    Heydər Əliyevin qətiyyəti sayəsində 1969-cu ildən sonra Azərbaycanda həqiqətən böyük irəliləyiş və sıçrayış baş verdi, xalq sanki qəflət yuxusundan ayıldı, öz istedadını, gücünü və qüvvəsini dərk etdi və ondan hərtərəfli bəhrələnməyə başladı. Qısa müddət ərzində bütün ölkə böyük tikinti meydançasına çevrildi, hər yerdə abadlıq və quruculuq işləri böyük vüsət aldı. O dövrün ən müasir texnologiyaları Azərbaycana gətirilərək çoxsaylı zavodlar və fabriklər, sənaye və emal müəssisələri yaradıldı, ölkənin meliorasiya və energetika sistemi tamamilə yenidən quruldu, yeni su anbarları, elektrik stansiyaları, emal müəssisələri inşa edildi, min hektarlarla üzüm plantasiyaları, meyvə bağları salındı, yollar çəkildi, kənd və qəsəbələr sürətlə öz simasını dəyişməyə başladı. Ən başlıcası isə ölkədə qayda-qanun, nizam-intizam yaradıldı, bütün sahələrdə haqqın, ədalətin zəfər çalması təmin edildi.

    Bunların hamısı Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra baş verdi. Əvvəllər yalnız nefti ilə tanınan Bakı və Azərbaycan tezliklə nəinki SSRİ-də, hətta onun hüdudlarından uzaqlarda tanınmağa başladı. Qısa vaxt ərzində ölkənin bütün resurslarını səfərbər edən, insanlarda yeni əhvali-ruhiyyə, sabaha inam hissi yaradan böyük təşkilatçı rəhbər Heydər Əliyev respublikanın bütün sahələr üzrə sürətli irəliləyişinə nail oldu. Azərbaycan o dövrdə İttifaqda çox yüksək dövlət mükafatları sayılan Keçici Qırmızı bayraqlar respublikasına çevrildi. Respublikaya münasibət kökündən dəyişdi və bunun sayəsində ittifaq büdcəsindən Azərbaycan iqtisadiyyatına investisiyaların, yəni əsaslı vəsait qoyuluşunun həcmi dəfələrlə artdı.

    Bu nailiyyətləri 1969-1982-ci illərin iqtisadi göstəricilərində daha aydın görmək mümkündür. Bu illər ərzində respublikada milli gəlir 2,5 dəfə, kənd təsərrüfatı və tikinti sahələri hər il orta hesabla 7,5 faiz və 5,2 faiz, sənaye istehsalı 2,7 dəfə artmış, bütün sahələr üzrə göstəricilər xeyli yüksəlmişdir. Məhz Ulu Öndərin səyi ilə 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət daşıyan 173-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuşdur. O dövrün ən qabaqcıl müəssisələri sayılan Bakı Məişət Kondisionerləri, "Azon”, Bakı radioquraşdırma, Sumqayıt kompressorlar, Şirvan cihazqayırma, Ələt ağac emalı kombinatı və digər müəssisələr bir-birinin ardınca istifadəyə verilirdi. Həmin illərdə Naxçıvan Muxtar Respublikasında 13, Bakıda 28, Gəncədə 7, Sumqayıtda 6, Mingəçevirdə 5, Şirvanda 3 yeni sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Ölkə iqtisadiyyatına kapital qoyuluşu 1950-ci ilə nisbətən 29,5 dəfə artmış, bütövlükdə 1920-1968-ci illərdəkinə nisbətən 4,5 dəfə çox olmuşdu.

    Bu illər ərzində ölkə iqtisadiyyatında göstəricilərin artımı digər respublikalarla müqayisədə ən yüksək səviyyəyə çatmış, təkcə sənaye və kənd təsərrüfatı sahəsində deyil, elm, mədəniyyət, incəsənət, təhsil sahələrində də çox böyük nailiyyətlər əldə olunmuşdu. Həmin illərdə SSRİ-nin ali məktəblərinə göndərilən tələbələrin sayı sürətlə artmış, Bakıda açılan 5 yeni ali məktəb təkcə respublika üçün deyil, hətta xarici ölkələr üçün mütəxəssislər hazırlamağa başlamışdı. Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilən tələbələr respublikada olmayan ixtisaslar üzrə hazırlanır, bununla da ölkənin gələcək kadr potensialı formalaşırdı. Həmin mütəxəssislər bu gün də respublikanın tərəqqisinə böyük töhfə verirlər.

    Həmin illərdə mülki kadrlarla yanaşı, ilk dəfə olaraq, respublikada hərbi kadrların hazırlanması da böyük çətinliklə həyata keçirilməyə başlanmışdı. 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin yaradılması o dövrdə SSRİ-nin siyasi və hərbi rəhbərliyinin kəskin müqaviməti ilə qarşılaşsa da, Heydər Əliyev bu müqaviməti dəf edərək həmin məktəbi yarada bilmişdi. 2019-cu il iyunun 26-da Azərbaycan Ordusu günündə ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ənənələrini davam etdirərək, hər il olduğu kimi, yenə də bu məktəbin məzunlarının buraxılışında iştirak etmiş, bir daha bu məktəbin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və onun təşəbbüsü ilə yaradıldığını, onun həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərdiyini, hələ o vaxt bizə milli hərbçi kadrların lazım olacağını bildiyini vurğulamış və çox düzgün olaraq qeyd etmişdir ki, "Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk”.

    Heydər Əliyevin həyat salnaməsini vərəqləyərkən görürük ki, o, həyatı boyu qarşılaşdığı çətin sınaqlara mətanətlə sinə gərmiş, mürəkkəb problemləri aradan qaldırmaq üçün hər zaman misilsiz dözüm və iradə nümayiş etdirmişdir. Hələ dövlət təhlükəsizliyi orqanlarında işlədiyi dövrdən Azərbaycanın gələcəyi, xalqının taleyi barədə düşünən Heydər Əliyev SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyi tərəfindən milli kadrların bu orqanlara rəhbər vəzifələrə gətirilməsinə hər cür maneələr yaradılmasına baxmayaraq, son dərəcə yüksək peşəkarlığı və mükəmməl hazırlığı sayəsində özü burada rəhbər vəzifəyə yüksəlməyə və həmin orqanda milli kadrların yerləşdirilməsinə nail ola bilmişdi. Respublikada gedən prosesləri, baş verən hadisələri, ümumiyyətlə, Azərbaycanın səciyyəvi xüsusiyyətlərini dərindən bildiyinə görə respublika rəhbərliyinə gəldikdən sonra onun misilsiz təşkilatçılıq qabiliyyəti dərhal özünü göstərmiş və tezliklə nəticələrini vermişdi.

    Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra həmin illəri xatırlayarkən Azərbaycanın müstəqilliyinin bərpasında ortaya çıxan və mahiyyətində Azərbaycanın iqtisadi inkişafına törədilən maneələrin olduğunu qeyd edir və Azərbaycanı sevməyən dairələrin törətdikləri əngəlləri aradan qaldırmaq, hər vasitə ilə ölkənin iqtisadi cəhətdən yüksək inkişafına nail olmaq üçün çox ciddi səylər göstərməli olduğunu qeyd edirdi.

    Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə qarşısına qoyduğu məqsədlərdən danışarkən hər şeyin bazasında iqtisadi inkişafın dayandığını deyərək, ilk öncə, iqtisadi bazanın yaradılmasına çalışırdı və ölkədə müasir zavodların, fabriklərin, elektrik stansiyalarının və yaşayış binalarının tikilməsini önə çəkirdi.

    Heydər Əliyev 1997-ci il iyulun 5-də milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən vaxtilə özünün də işlədiyi bu orqanın müfəssəl tarixi barədə çox maraqlı məlumatlar verərək onların fəaliyyətinə hərtərəfli qiymət vermiş və bir faktı ön plana çəkmişdi ki, əgər Vətəninə, xalqına məhəbbət hissi varsa, harada, hansı vəzifədə olmağından asılı olmayaraq öz xalqına xidmət edə bilərsən. O, fəxrlə qeyd edirdi ki, dövlət təhlükəsizliyi orqanlarının rəhbəri olduğu dövrə Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir. Ulu Öndər 25 ildən artıq rəhbər vəzifələrdə, 1967-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işlədiyini, 14 il Azərbaycana rəhbərlik edərkən də, həmin orqanlara himayədarlıq etdiyini, onların işini Azərbaycanın mənafeyinə yönəltdiyini bildirirdi.

    Ulu Öndər Azərbaycan tarixinin və mədəniyyətinin dərin bilicisi idi. O, bu tarixlə fəxr edir, bu mədəniyyəti sevir və öz yüksək vətənpərvərlik hisslərini hər zaman cəsarətlə nümayiş etdirirdi. Vaxtilə Azərbaycanda dissidentlərin olmamasının bir səbəbini də Bəxtiyar Vahabzadə, Xəlil Rza, Ziya Bünyadov, Əbülfəz Elçibəy və başqaları kimi adamları qorumasında görürdü və bu xidmətlərini qeyd etməyi unutmurdu. O deyirdi: "Yəni KQB-də işləyərək günahsız insanları da cəzalandırmaq olardı, ancaq bu cür işlər görüb xalqı, milləti, milli mənafeni qorumaq da olardı. Mən isə orada işlədiyim bütün dövrdə bu milli mənafeni qoruyub saxlamışam və çoxları da belə olublar”. O, ürək ağrısı ilə qeyd edirdi ki, sonralar bu orqana rəhbərlik edən Qorelevski, Hüseynov kimi adamlar düzgün yol tutmadılar, onun nüfuzuna xələl gətirdilər.

    Heydər Əliyev son dərəcə müdrik bir insan idi və onun həyat fəlsəfəsi bundan ibarət idi ki, insanlara işləmək, səhvə yol verirsə, onu düzəltmək imkanı vermək lazımdır. Xırda, cılız hisslərdən çox uzaq olan bu müdrik insan özünə qarşı günah işlədən insanları bağışlamağı bacarırdı. O, bunu 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında etdiyi tarixi çıxışı zamanı xüsusi vurğulamışdır. Həmin iclasda Ulu Öndər hakimiyyətə vəzifə üçün, yaxud başqa məqsəd üçün yox, xalqa xidmət etmək, Azərbaycanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün gəldiyini bildirir və hamını eyni məqsəd uğrunda çalışmağa, vahid amal uğrunda mübarizə aparmağa çağırırdı. Heydər Əliyev deyirdi: "… Bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ictimai təşkilatlar, bütün insanlar — hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır. Hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq”. Daha sonra qeyd edirdi ki, xırda hissləri də kənara qoymaq, xırda dedi-qoduya yol verməmək və bir məqsəd uğrunda çalışmaq lazımdır və ona qarşı pislik edən hər kəsi bağışlayır, heç kəsdən qisas almaq fikrində deyil. O, qətiyyətlə bildirirdi: "Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissi yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və bir mənə ləkə vurmaq üçün yox, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissinə qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim, yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qisas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm”.

    Eyni zamanda əsl dövlət xadimi, dövlət rəhbəri kimi heç bir xaosa, hərc-mərcliyə də yol verməyəcəyini, hər şeydə qanunun aliliyini rəhbər tutacağını vurğulayaraq açıq surətdə və qətiyyətlə bildirirdi: "Ancaq vəzifə çərçivəsində şübhəsiz ki, hamımız nizam-intizama tabe olmalıyıq, hamımız qanuna tabe olmalıyıq, hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolda, şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm”.

    Heydər Əliyevin bir siyasətçi, bir dövlət xadimi kimi gücü onda idi ki, o, utopist deyil, realist idi. Həqiqətin gözünə dik baxmağı, boş vədlərdən, uydurmalardansa həqiqəti hər kəsin gözünün içinə deməyi üstün tutur və bundan heç vaxt çəkinmirdi. Həmin tarixi iclasda respublikanı bərbad vəziyyətə salan bəzi insanlar Heydər Əliyevdən Ali Sovetin sədri olarsa, vəziyyətdən çıxmağa qarantiya verib-verməyəcəyini soruşarkən Ulu Öndər bu provokasion sualdan çox hiddətlənmişdi.

    O, Milli Məclisin tribunasından ondan qarantiya istəyənlərə üz tutaraq deyirdi ki, hələ 1991-ci ilin fevral ayında bu salonda Azərbaycana xalqı ilə bir yerdə olmaq və xalqın ağır günündə ona kömək olmaq üçün qayıtdığını bildirmişdi: "Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm… Ona görə də mən heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən çıxmaq olar”. Ulu Öndərin bu sözlərində həm böyük məsuliyyət hissi, həm də xalqının gücünə inamı ifadə olunurdu.

    Ulu Öndər keçdiyi həyat yolunu əks etdirən memuarlarını yazmasa da, müxtəlif tədbirlərdə müzakirə olunan məsələ ilə bağlı qarşılaşdığı və respublikanın, xalqın taleyi üçün çox əhəmiyyətli olan məqamları vaxtaşırı yada salıb və çox ibrətamiz faktlarla Azərbaycanın taleyində iz qoymuş səhifələri vərəqləyirdi. Bu baxımdan onun dövlət təhlükəsizliyi orqanlarına rəhbərlik etdiyi zaman qarşılaşdığı məsələlərə və bir çox faktlara Azərbaycanın milli mənafeləri mövqeyindən yanaşmasını əks etdirən mülahizələri diqqətə layiqdir.

    Ulu Öndər bütün məsələlərə peşəkar və səriştəli yanaşma tələb edirdi və özü də hər bir məsələdə buna əməl edirdi. Çox zəngin mütaliəyə və erudisiyaya malik olan bu müdrik siyasi xadim hər bir kəsdən çalışdığı sahədə mükəmməl bilik və peşəkarlıq tələb edirdi. Onun ürək ağrısı ilə xatırladığı epizodlar repressiya illərində tariximizə, mədəniyyətimizə vurulan zərbələrin bəzi səbəblərini göstərirdi. 1997-ci ilin iyul ayında Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramı günündə qeyd edirdi ki, 1950-ci ildə həmin orqanlarda işlədiyi zaman 30-cu illərdə repressiya olunmuş ziyalılarımızdan biri — Salman Mümtazın materialları ilə maraqlanarkən həmin nazirliyin köhnə işçilərindən biri vaxtilə Hüseyn Cavidin, Salman Mümtazın kitabxanasındakı qiymətli kitabların ermənilər və başqa millətə mənsub adamlar tərəfindən vəhşicəsinə yandırıldığını demişdi və Heydər Əliyev belə vandalizmin bir səbəbini də həmin insanların savadsızlığı və mədəni səviyyəsinin aşağı olması ilə izah edirdi. Ulu Öndər ona görə dövlət orqanlarında çalışan adamların mütaliəli, savadlı olmasına böyük əhəmiyyət verirdi və həmin orqanlarda çalışanların ciddi səhvlərinin daha çox dərin biliklərinin və vətəndaş mövqeyinin olmamasından irəli gəldiyini vurğulayırdı.

    Heydər Əliyev dövlət orqanlarında, xüsusilə təhlükəsizlik orqanlarında çalışan adamlara məhz tapşırıqları kor-koranə icra etməməyi tövsiyə edir, hətta bunun nəticəsində bəzi görkəmli insanların həyatına son qoyulmasını pisləyirdi. Vaxtilə onun Azərbaycana qayıdışını dəstəkləyən insanlardan biri "Azərnəşr”in direktoru, tanınmış naşir Əjdər Xanbabayevin qətlə yetirilməsini, əslində, onun Azərbaycana qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirirdi və bu cinayətin üstünün açılmasına nə qədər maneçilik törədildiyini, lakin gec də olsa hər şeyin ifşa olunduğunu qeyd edirdi.

    Heydər Əliyevin köksündə bir vətəndaş ürəyi döyünürdü. Bu ürək isə öz gücünü doğma yurduna, Vətəninə və millətinə məhəbbətdən alırdı. Heydər Əliyevin əsas amalı Azərbaycan idi, onun tərəqqisi, xalqının maddi-mənəvi inkişafı, imzasını millətlərin, dövlətlərin imzaları içində tanıtması idi. Onun Azərbaycandan müvəqqəti uzaqlaşdırılaraq SSRİ rəhbərliyinə aparılması, əslində, o zaman onun şəxsiyyətinə, istedad və qabiliyyətinə verilən qiymət olsa da, bundan ittifaq dövləti daha çox şey qazandı, Azərbaycan isə bir o qədər itirdi.

    Heydər Əliyevin Moskvada olduğu illərdə gördüyü saysız-hesabsız işləri xüsusi qeyd etmək lazımdır. Siyasi Büroda ona nə qədər qısqanclıqla yanaşsalar da, SSRİ-nin yüksək rəhbərliyində təmsil olunan Ulu Öndər hər vasitə ilə Azərbaycanın inkişafına müsbət təsir edən qərarlar qəbul edilməsinə və respublikanın vacib problemlərinin həllinə çox ciddi diqqət yetirirdi. Ancaq təəssüf ki, Azərbaycanı sevməyən və xalqımıza düşmən münasibəti bəsləyən bəzi qüvvələrin təsiri altında bu böyük şəxsiyyətin fəaliyyətinə kölgə salmaq, onu ləkələmək cəhdləri davam edirdi. Siyasi avantürist olan Mixail Qorbaçovun Heydər Əliyev əzəmətindən, gücündən qorxaraq onu rəhbərlikdən uzaqlaşdırması heç də SSRİ-nin xeyrinə olmadı. Həmin illərdə Heydər Əliyevə qarşı "konpromat” kampaniyası davam etdirilir və təəssüf ki, bu işdə bəzi üzdəniraq azərbaycanlı siyasətçilər də Qorbaçovun əlində vasitə rolunu oynayırdılar. Bunun səbəblərini Heydər Əliyev özü belə izah edirdi: "1987-ci ildə Moskvada işdən kənar ediləndən sonra mənim başıma nə qədər bəlalar, nə qədər işlər gətirmək istədilər. Burada xalq məni qəlbində saxladığı zaman təəssüflər olsun ki, yaxın silahdaşlarım, o cümlədən bu binada da olan silahdaşlarım vəfasız çıxdılar. Mən təkbaşına bu çətinliklərin öhdəsindən gəldim. 1990-cı ildə yanvar hadisələri zamanı Moskvada çıxış edib Sovet İttifaqının rəhbərliyini ittiham edəndə burada mənim əleyhimə arxivləri axtarmağa başladılar ki, görək Heydər Əliyev burada işləyəndə, ya da respublikanın başçısı olanda nə günah edib, tapaq. 1986-1987-ci illərdə Moskvada ayrı-ayrı adamlar gəlib buradakı adamların — həm Mərkəzi Komitədən, həm də bu orqandan olan adamların iştirakı ilə məni yoxlayırdılar. Mənim babamı yoxlayırdılar, atamı yoxlayırdılar, tərcümeyi-halımı yoxlayırdılar — harada işləmişəm, nə cür işləmişəm. Yoxladılar, mənim əleyhimə heç bir şey tapıb çıxara bilmədilər”.

    Ulu Öndər ona qarşı görülən bu tədbirləri böyük mətanətlə, səbirlə qarşılamış və heç vaxt qürurunu sındırmamışdır. Sonradan bu məsələlər onun səhhətinə çox ciddi təsir göstərmiş, hətta infarkt keçirmişdi. Heydər Əliyev o qədər böyük şəxsiyyət idi, onun xarizması o qədər güclü idi ki, Qorbaçov da, onun əlaltıları da, sonradan Azərbaycana rəhbərlik edən şəxslər də, o cümlədən Xalq Cəbhəsinin rəhbərləri də bu şəxsiyyətin qarşısında duruş gətirə bilməyəcəklərini aydın görür və ona görə də Heydər Əliyevin respublikaya, hakimiyyətə qayıdışının qarşısını hər vasitə ilə almağa çalışırdılar.

    Bu qayıdışı ən çox istəyən isə xalq idi, Azərbaycan xalqı. Bunun üçün ilk addımları atan insanlar, "vəzifəsi vətəndaşlıq olan” Əjdər Xanbabayev kimi ziyalılar isə xaincəsinə aradan götürülürdü. Yenə şəxsi ambisiyalar, Heydər Əliyev şəxsiyyəti qarşısında qorxu hissi, karyera, vəzifə hərisliyi bu insanların gözünü kor etmişdi və onların iç üzünü Heydər Əliyev sonralar çox cəsarətlə açıb göstərirdi. 1993-cü il avqustun 24-də keçirilən ümumrespublika müşavirəsində o, hər kəsi öz adı ilə çağıraraq onların bütün yaramaz işlərini Azərbaycan xalqına bəyan etdi.

    Ulu Öndərin böyük çətinliklə Naxçıvana, — Bakıya yox, məhz Naxçıvana, — qayıtması, 1991-1993-cü illərdə orada gördüyü işlər haqqında kifayət qədər məlumatlı olan insanlar Heydər Əliyevin respublika rəhbərliyindən heç bir dəstək görmədən bu qədim yurdumuzu təkbaşına necə qoruyub saxlamasına indi az qala əfsanə kimi baxırlar. Heç kəs unuda bilməz ki onun 1993-cü ildəki xilaskarlıq missiyası elə Naxçıvandan başlamışdı və Sovet İttifaqının qorunub saxlanmasına dair referendumun keçirilməsinə yol verilməmiş, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist” sözləri çıxarılmış, cümhuriyyət dövrünün atributları bərpa olunmuşdu. Bu cür cəsarətli addımlar xalqımızı azadlıq mübarizəsinə daha da ruhlandırmışdı.

    Heydər Əliyevin gördüyü işlərin sayı bitib tükənməz olduğu kimi, onun hər bir insan üçün nümunə olan fərdi, təkrarsız cəhətləri də olduqca çoxdur. Onu səciyyələndirən əsas cəhətlərdən biri də həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olması idi. O, 1997-ci il iyulun 5-də keçirilən müşavirədə deyirdi: "Bir prezident, Ali Baş Komandan kimi, mən özümə etdiyim tələbləri mənə tabe olanlardan da tələb edirəm. Heç kəsin qarşısında bundan artıq heç bir başqa tələb qoymuram. Mən özümə tələbkaram və mənə tabe olan orqanlara, şəxslərə də özümə tələbkar olduğum kimi tələbkaram”.

    Heydər Əliyevin ən güclü cəhətlərindən və onun qazandığı uğurlardan danışarkən mütləq onun hər bir işdə öz xalqına arxalanması, xalqın ona olan dərin inamını qoruyub saxlaması, ən çətin məqamlarda xalqla məsləhətləşməsi, xalqı səfərbər edib öz ardınca apara bilməsidir. Elə buna görə o, Ümummilli Lider statusunu qazanmış və bu şərəfli ad həmişə Heydər Əliyevin adı ilə bir səslənəcəkdir. Bunun əyani sübutu kimi 1993-cü ildə hamımızın gözü qarşısında baş verən unudulmaz hadisələri xatırlamaq kifayətdir. Ozamankı prezident Əbülfəz Elçibəy öz postunu tərk edib Kələki kəndinə gedəndə Heydər Əliyev həyəcan təbili çalaraq hər kəsi ümumxalq mənafeyindən çıxış etməyə çağırır və deyirdi: "Rica edirəm sizdən, şəxsi ambisiyalarınızı kənara qoyunAzərbaycan Respublikasının dövlətçiliyi təhlükə altındadır. Düşünün bunu, fikirləşin və anlayın ki, hər biriniz məsuliyyət daşıyırsınız. Mən hamınızı deyirəm. Müstəqil Azərbaycan qarşısında məsuliyyət daşıyırsınız”. Həmin il avqustun 29-da keçirilən referendumda Heydər Əliyev bir daha xalqın tam etimadını qazandı və bu, onun sonrakı fəaliyyəti üçün tam qanuni əsas yaratdı.

    Heydər Əliyev əyilməz şəxsiyyət idi, öz ideyasına, məsləkinə sadiq olduğuna görə bu yolda canından keçməyə belə hazır idi. O, kənardan heç bir təzyiqi qəbul etmir və cəsarətlə bunu bəyan edirdi: "Mən dəfələrlə demişəm, bu gün bir daha bəyan edirəm ki, heç kəs mənə təzyiq edə bilməz. Mən öz iradəmdən, — bu isə xalqın iradəsidir, bir namuslu vətəndaş kimi mənim şəxsi iradəmdir, — istifadə edərək Azərbaycanın bu vəziyyətdən çıxması üçün son damla qanıma qədər çalışacağam və heç kəs məni qorxuda bilməz”.

    Heydər Əliyev kimi şəxsiyyətlərin olduqca zəngin və bənzərsiz həyat yolundan söz açmaq, bu ömrün bütün səhifələrini əhatə etmək üçün hələ çox böyük əsərlər yazılacaq, bu ibrətamiz ömür salnaməsinin hər bir anı nəsilbənəsil öyrəniləcək, tətbiq ediləcək və yaşadılacaq. Çünki tarix onu, o isə tarixi yaşadan bir insan olmuşdur. Tarixi yaradan və tarixi yaşadan Heydər Əliyev kimi dahilər isə özləri tarix qədər əbədidir və əbədi olacaqlar.

    Süleyman İSMAYILOV,

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:17

İsmarıclar bağlıdır.