Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Июл

    50 il əvvəl Azərbaycanın siyasi həyatında baş vermiş mühüm bir hadisə respublikada köklü dəyişikliklərin başlanmasına təkan verdi və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsi yolunda yeni tarixi dönüşün əsasını qoydu. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) plenumunda 46 yaşlı Heydər Əliyev AKP MK-nın birinci katibi, yəni faktiki olaraq respublikanın rəhbəri seçildi.

    O vaxta qədər dövlət təhlükəsizlik orqanlarında işləmiş, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri olan general-mayor Heydər Əliyevin bu vəzifəyə yüksəlişi respublikanın geniş ictimaiyyəti, xüsusilə ziyalı elitası tərəfindən böyük rəğbətlə qarşılandı. Ona görə ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə o, vətəninə dərindən bağlı olan çox sayda insanı saxta ittihamlarla repressiya olunmaq təhlükəsindən qorumuş, sürgün və ölümdən xilas etmiş, xalqın milli intibahı yolunda çalışan ziyalıların təqib edilməsinə, onların cəmiyyətdən təcrid olunmasına imkan verməmişdi.

    Onu da qeyd edək ki, həmin ərəfədə respublikada ciddi dəyişikliyə ehtiyac olduğunu Azərbaycan cəmiyyətinin böyük hissəsi yaxşı başa düşürdü. Ölkədə baş verən proseslər fonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün yeni təşəbbüslərin irəli sürülməsi, qətiyyətli addımların atılması zəruri idi. O dövr respublika əsas sosial-iqtisadi inkişaf göstəricilərinə görə orta ittifaq səviyyəsindən xeyli geridə qalırdı. Məsələn, Azərbaycanda 1965-ci ildə 1940-cı illərə nisbətən ümumi daxili məhsul 3,6, o cümlədən sənaye məhsullarının həcmi 4 dəfə artmışdı. Lakin ittifaq üzrə bu göstəricilər müvafiq olaraq 6 və 8 dəfəyə çatırdı. Respublikanın neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesinin iş ritmi tez-tez pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfədən çox, əsas fondlara görə 1,8, kapital qoyuluşu üzrə 1,7, əmək məhsuldarlığına görə isə 1,5 dəfə geridə idi.

    Həmin dövrdə respublikanın regionlarının sosial-iqtisadi inkişafına da kifayət qədər diqqət göstərilmirdi. Kənd təsərrüfatında aqrotexniki qaydalara düzgün əməl olunmaması, meliorasiya və mexanikləşdirmə tədbirlərinin görülməməsi səbəbindən həm ərzaq, həm də texniki bitkilərin məhsuldarlığı aşağı düşmüşdü. İri sənaye və emal müəssisələrinin əksəriyyəti Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin inkişafının qarşısını alır, urbanizasiya prosesinin proporsional şəkildə getməsinə əngəl olurdu.

    Digər tərəfdən respublikada korrupsiya və gizli iqtisadiyyat geniş yayılmış, qanunçuluğa əməl olunmasına və mədəni quruculuğa diqqət zəifləmiş, mənəvi-psixoloji iqlim qeyri-sağlam məcraya yönəlmişdi. Təbii ki, bu çətin və mürəkkəb vəziyyətin aradan qaldırılması üçün analitik təfəkkürə malik, güclü və bacarıqlı təşkilatçı, cəsarətli bir liderə ehtiyac var idi. Belə bir lider məhz Heydər Əliyev oldu.




    Nəhəng quruculuq yollarında

     

    Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra keçirilən ilk MK plenumunda (1969-cu il avqust) həmin dövr üçün sensasiyalı sayıla biləcək məruzəsində sovet hakimiyyəti tarixində ilk dəfə olaraq sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi neqativ halların mövcudluğunu və onlara qarşı mübarizə aparılmasının gərəkliyini bəyan etdi. Məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət böyük prinsipiallıqla dərindən və hərtərəfli təhlil olundu və xalq təsərrüfatına, mədəni quruculuğa rəhbərlikdə buraxılmış ciddi nöqsanlar və çatışmazlıqlar ictimaiyyətin diqqətinə çatdırıldı. Yeni birinci katib bütün təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirdi. Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın bütün plenumları, fəallar yığıncaqları və başqa toplantılardakı məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və yeni vəzifələr qarşıya qoyurdu. Məhz həmin illər Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi həyatında dönüş mərhələsi oldu. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, ciddi nizam-intizamın yaradılması, kadr dəyişikliklərinin həyata keçirilməsi, işgüzar mühitin sağlamlaşdırılması sahəsində məqsədyönlü tədbirlər qarşıya qoyulan yüksək vəzifələrin yerinə yetirilməsinə lazımi şəraiti təmin edirdi.

    Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublika həyatının bütün sahələrində, sözün həqiqi mənasında, inqilabi sıçrayış mərhələsi kimi tarixə düşmüşdür.Əgər sovet hakimiyyətinin bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280 milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4 milyard rubl), yəni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuş, yüzlərlə yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 olmuşsa, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı. O dövrdə həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində və rayon mərkəzlərində çox sayda sənaye müəssisəsi işə salındı. Bakı Kondisionerləri Zavodu, "Ozon” Elm-İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar Zavodu, Dərin Özüllər Zavodu, Sumqayıt Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Gəncə Əlvan Metallar Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Əli Bayramlı Məişət Cihazları Zavodu və 1970-80-ci illərdə Heydər Əliyevin əməyi sayəsində işə başlamış yüzlərlə digər sənaye obyekti hesabına Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəlmişdi. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.

    Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada aqrar sahənin hərtərəfli və intensiv inkişafını nəzərdə tutan bir neçə xüsusi qərar qəbul etmişdir. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci illərdə Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılması və intensivləşdirilməsi, bu sahənin daha da ixtisaslaşdırılması, üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, irriqasiya və meliorasiya obyektlərinin tikilməsi barədə qərarları respublikaya ümumittifaq büdcəsindən böyük miqdarda əlavə vəsaitin ayrılmasına şərait yaradırdı. Sosial-iqtisadi inkişafa təkan verən və Azərbaycan xalqının mənafeləri baxımından böyük əhəmiyyətə malik olan həmin qərarların və digər tədbirlərin həyata keçirilməsi sayəsində aqrar sektorda məhsul istehsalı 2 dəfədən çox artmışdı.

    Həmin illərdə Azərbaycan keçmiş SSRİ-nin ən böyük üzümçülük respublikasına çevrildi. Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1 milyon 481 min tona çatdırıldı, respublika şərabçılıqdan yüksək mənfəət götürməyə başladı. Pambıqçılığın sürətlə inkişafı məhsul yığımını 1970-ci ildəki 335, 6 min tondan 1982-ci ildə bir milyon tona qədər artırmağa imkan verdi. Meyvə-tərəvəz istehsalı isə 1970-ci ildəki 410 min tondan 1982-ci ildə 850 min tona yüksəldi.

    1970-ci illərdə Azərbaycanda meliorasiya infrastrukturunun inkişafı sahəsində ciddi tədbirlər görüldü. Nəticədə yeni əkin sahələri dövriyyəyə cəlb edildi, aqrar sahədə məhsuldarlıq yüksək səviyyəyə çatdı. Həmin illər Baş Mil, Ciqar-Cibar, Abşeron, Lənkəran kanalları, Araz su qurğusu, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Sirab, Şəmkir, Köndələnçay və digər dəryaçalar tikilib istifadəyə verildi.

    1969-1982-ci illər Azərbaycanda milli gəlir 2,5, əmək məhsuldarlığı 2, istehlak mallarının istehsalı isə 3 dəfə artdı. Bu illər ərzində istehsal olunmuş sənaye məhsulunun həcmi əvvəlki 50 ilin istehsal həcminə bərabər idi.

    Beləliklə, ölkənin sosial-iqtisadi həyatında sürətli tərəqqi baş verdi, Azərbaycan ümumilikdə SSRİ miqyasında birinci üçlüyə yüksələrək özünü dolandıran və mərkəzi büdcəyə donorluq edən qabaqcıl aqrar-sənaye respublikasına çevrildi. Bu potensial, xüsusilə də neft-qaz emalı, maşınqayırma və emal müəssisələri sonralar müstəqilliyin çətin illərində Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün baza rolunu oynadı.




    Milli-mənəvi özünüdərkin yüksəlişi və milli ideyanın gerçəkləşməsi uğrunda

     

    Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk dövrdə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində mühüm işlər görmüşdür. Keçmiş SSRİ-də, sovet və partiya həyatında hakim olan bütün normalara, marksizm-leninizm ideologiyasının tələblərinə rəğmən Heydər Əliyev standart stereotiplərdən kənara çıxmağı, mövcud sistemin qaydalarını formal şəkildə pozmadan yeniliklər etməyi bacarırdı. O illərdə Azərbaycan xalqı öz dilini, ədəbiyyatını, tarixini, zəngin milli mədəniyyətinin rəngarəngliyini və çoxcəhətliliyini sanki təzədən qavrayır və yenidən qiymətləndirirdi. Elə buna görə də Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü milli özünüdərkin oyanmasında yeni mərhələnin başlanğıcı kimi qəbul etmək lazımdır.

    Heydər Əliyev sovet dövründə öz milli-mənəvi dirçəliş konsepsiyasını əməli siyasət məcrasında gerçəkləşdirmək üçün olduqca təsirli vasitələrdən istifadə etmişdir. Məsələn, belə səmərəli üsullardan biri kimi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının təbliğ olunmasını göstərmək olar. Ulu Öndər onların yubileylərinin müntəzəm qeyd edilməsi, əsərlərinin nəşri, ev-muzeylərinin yaradılması kimi məsələlərə xüsusi önəm verirdi. Bu, imkan verirdi ki, Azərbaycanın tanınmış simalarının xalqın taleyüklü problemləri, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirləri üzə çıxarılsın, sistemləşdirilsin və nəticədə milli düşüncənin güclənməsinə, böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasına xidmət etsin.Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanda və keçmiş SSRİ-nin paytaxtı Moskvada tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, abidələri ucaldılmışdır. Bəziləri elə düşünə bilər ki, həmin dövrdə bu adi və asan məsələ idi və başqa müttəfiq respublikalarda da Moskvanın tapşırığı ilə həmin addımlar atılırdı. Əslində isə belə deyildi. Bunun üçün respublikaya rəhbərlik edən şəxsin öz xalqının milli-mənəvi dünyasına və tarixinə dərindən bələd olması və onu milli ideya ətrafında birləşdirmək kimi ali məqsədə xidmət etmək niyyəti, qətiyyətli fəaliyyəti mühüm şərtdir. Heydər Əliyevi respublikanın əvvəlki rəhbərlərindən fərqləndirən və onu Ümummilli Lider səviyyəsinə ucaldan əsas cəhət də məhz budur. Bu fikri Azərbaycanın görkəmli şəxsiyyətlərinə münasibətdə daha aydın izah edə bilərik. Məsələn, Cəfər Cabbarlı 1934-cü ildə vəfat etsə də,1980-ci ilə qədər onun Bakıda nə abidəsi, nə də ev-muzeyi var idi. Üzeyir Hacıbəyli 1948-ci ildə, Bülbül 1962-ci ildə, Səməd Vurğun 1956-cı ildə vəfat etmişlər. Lakin xalqımızın tanınmış hər üç mədəniyyət xadiminin ev-muzeyi yetmişinci illərdə açılmışdır. Molla Pənah Vaqifin Şuşa şəhərindəki əzəmətli məqbərəsi də 1981-ci ildə tikilib başa çatdırılmışdır. Bakıda Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin, Müslüm Maqomayevin ev-muzeylərinin açılması barədə qərarlar da 1981-82-ci illərdə qəbul edilmişdir.

    Bəs nə üçün o vaxta qədər bu işlər görülməmişdi? Ulu Öndər sonralar müsahibələrinin birində bu məsələlərdən danışarkən özünəməxsus müdrikliklə demişdi: "Əlbəttə, Azərbaycan, Bakı üçün bu, adi bir şey idi. Sadəcə olaraq bunu düşünən yox idi”. Bəli, məhz düşünən yox idi. Başqa sözlə desək, söhbət təkcə həmin görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirməkdən getmirdi. Həm də məqsəd onların yaradıcılığı vasitəsilə azərbaycanlıların milli şüuruna, tarixi yaddaşına və mənəvi dünyasına təsir göstərərək dövlətçilik duyğularının sönməsinə imkan verilməməsindən ibarət idi. Məsələ bundadır ki, bu yolda bəzən çətin qərarlar da vermək lazım gəlirdi. Ola bilər ki, yuxarıda qeyd edilən şəxsiyyətlərlə bağlı hər hansı müsbət işin görülməsi Ulu Öndərin də qeyd etdiyi kimi "adi bir şey”, sadəcə barəsində düşünmək kifayət edəcək bir məsələ idisə, Hüseyn Cavidin qəbrini tapıb nəşinin qalıqlarını Azərbaycana gətirmək o qədər də asan iş deyildi. Çünki həmin dövrdə repressiya qurbanlarına münasibət kökündən dəyişməmişdi. H.Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başlasa da, "millətçi”, "pantürkist” damğaları hələ də üstündən tam götürülməmişdi. Ulu Öndər H.Cavidin Vətənə gətirilməsi və dəfni ilə bağlı da olduqca müdrik addım atdı. O, sonralar xatırlayırdı: "Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətgaha çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyirxahlıq deyil, mənim öz xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdısa, öz taleyini mənə tapşırmışdısa, mən onun haqqında düşünməli idim”.

    Ulu Öndər yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraitinin təmin olunmasına çalışırdı. O, yaxşı başa düşürdü ki, milli özünüdərk prosesi onların fəaliyyətindən çox asılıdır. Onun köməyi ilə 1969-cu ildə "Qobustan” almanaxı nəşr edilməyə başladı. Qədim Gəncə şəhərinin adının yaşaması üçün "Yeni Gəncə” adlı rayon yaradıldı. Heydər Əliyev ilk dəfə "İran Azərbaycanı” əvəzinə "Cənubi Azərbaycan” siyasi-coğrafi termininin dövriyyəyə buraxılmasına nail oldu. Cənubi Azərbaycanla birlik, həsrət hisslərinin ədəbi ifadəsinə geniş imkanlar yaratdı. Bunun bariz nümunəsi kimi 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi postu təsis edilməsini xatırlamaq kifayətdir.

    Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərliyə başladığı ilk günlərdən xalqın tarixinə, ana dilinə hörmət ifadə edən cəsarətli addımlar atmaqdan çəkinmirdi. 1969-cu ildə bəziləri Azərbaycan tarixini saxtalaşdıraraq Bakı Dövlət Universitetinin açılmasını Azərbaycan Xalq Cümhuriyyətinin xidməti kimi deyil, respublikamızda sovet hakimiyyətinin qurulmasının nəticəsi kimi qələmə verməyə çalışır, müxtəlif bəhanələr gətirərək universitetin 50 illik yubileyini 1970-ci ildə, yəni Azərbaycanda sovet hakimiyyəti qurulmasının yubileyi ilə bir vaxtda qeyd etmək istəyirdilər. Lakin Heydər Əliyev buna imkan vermədi və universitetin 50 illiyini 1969-cu ildə qeyd etmək barədə qərar qəbul etdi. O, 1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetində keçirilən yubiley mərasimində Azərbaycan dilində nitq söylədi. Bu həmin dövr üçün görünməmiş hadisə idi. O vaxta qədər respublikanın bütün rəhbərləri rəsmi toplantılarda yalnız rus dilində çıxış edirdilər.

    Heydər Əliyev hesab edirdi ki, milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən biri məhz ana dilidir. O, ana dilinin cəmiyyətin daxili institusional quruluşuna və konsolidasiyasına təsirini lazımınca qiymətləndirir, Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunması ilə yanaşı, cəmiyyət həyatının bütün sahələrində geniş istifadə edilməsinə çalışırdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan tarixinə və ana dilinə aid araşdırmalar yüksək dövlət mükafatlarına layiq görülür, tədqiqatçılar bu sahələrdə daha səylə işləməyə həvəsləndirilirdilər. Bu bir həqiqətdir ki, Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dilinin cəmiyyətdə dominant rolunun təmin edilməsi milli məfkurənin formalaşmasına, milli dövlətçilik ideyasının güclənməsinə və gələcəyin müstəqil Azərbaycanının yaradılmasına həlledici təsir göstərmişdir.




    Xalqın gələcəyini düşünən lider

     

    Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə diqqət ayırdığı ilk məsələlərdən biri də təhsil və yüksəkixtisaslı kadrların yetişdirilməsi olmuşdur. 70-ci illərədək respublikadan SSRİ-nin başqa şəhərlərinə ildə cəmisi 50 nəfər tələbə göndərilirdi, onların da əksər hissəsi qeyri-azərbaycanlılar idi. Həmin mütəxəssislərin çox az qismi sonra Azərbaycana qayıdırdı. Heydər Əliyev bu məsələnin Mərkəzi Komitənin nəzarətinə götürülməsi barədə tapşırıq verdi, SSRİ-nin başqa şəhərlərinin, xüsusən Moskvanın, Leninqradın ali məktəblərinə göndərilən gənclərin sayının ilbəil artırılmasını və əksəriyyətinin azərbaycanlı olmasını tapşırdı. Beləliklə, 1975-ci ildə SSRİ-nin müxtəlif şəhərlərinə 400 tələbə, 1978-ci ildən isə 50-dən çox şəhərin ali məktəbinə ildə 800 nəfər tələbə göndərildi. Əslində bu, Azərbaycanın bir ali məktəbinin qəbuluna bərabər idi. Heydər Əliyev hər il başqa şəhərlərin ali məktəblərinə yollanan gənclərlə respublikanın partiya-sovet fəallarının görüşünü keçirir, onların qarşısında çıxış edirdi.

    Həmin illər respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi də genişləndirilmiş, 5 yeni ali məktəb, onlarla texnikum açılmışdı.

    Hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. O illərdə hazırlanmış yüksəkixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin ordusunun qurulması və möhkəmləndirilməsinə öz töhfələrini verdilər. Xatırladaq ki, 1970-1971-ci illərdə respublikanın rayonlarına hərbi komissar göndərməyə azərbaycanlı zabit tapılmırdı. Orduda azərbaycanlı generalların, zabitlərin sayı həddindən artıq az idi. Ümummilli Lider sonralar onu həddindən artıq qayğılandıran bu məsələ barədə deyirdi: "Çar dövründə müsəlmanlar orduya çağrılmırdılar, hətta elə bir vaxtda rus ordusunda bizim Əliağa Şıxlinski, Mehmandarov kimi generallarımız var idi. Niyə indi başqa millətlərin marşalı, generalları var, bizim isə yox?” Heydər Əliyev bu problemi də ardıcıl və sistemli şəkildə həll etdi. SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin çoxlu sayda göndərilməsi üçün hərbi təmayüllü xüsusi internat məktəbi yaradıldı. Məktəbə qəbul olunanların əksəriyyəti azərbaycanlılar idi. Onlar 3 il oxuyub orta təhsil alır, hərbi hazırlıq keçir, rus dilini mənimsəyir, sonra isə müvəffəqiyyətlə ali hərbi məktəblərə qəbul olunurdular. Məktəbə 1937-ci ildə repressiya olunaraq güllələnmiş general Cəmşid Naxçıvanskinin adı verildi. Heydər Əliyev hər il Mərkəzi Komitənin Büro üzvləri ilə bərabər həmin məktəbə gedir, vəziyyətlə tanış olur və kollektiv qarşısında çıxış edirdi. Ulu öndər sonralar o unudulmaz anları fəxrlə yada salaraq deyirdi: "Çox sevinirdim ki, onun məzunları — azərbaycanlılar zabit olurlar, sovet ordusunda qulluq edirlər. Əgər Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o, ilk növbədə öz milli ordusu, milli zabitləri barədə fikirləşməlidir. Mən bunların hamısını düşünürdüm”.

    Heydər Əliyev Bakıdakı Azərbaycan SSR Ali Soveti adına Hərbi Məktəblə də bağlı vəziyyəti nəzarətə götürdü: "Aydınlaşdırdıq ki, hər il qəbul olunan 350 nəfər kursantın ancaq 10-15 nəfərini azərbaycanlılar təşkil edir. Xətai rayonu ərazisində Kirov adına Ali Hərbi Dəniz Donanması məktəbi var, özü də ölkədə olan Ali Dəniz Donanması məktəbləri arasında fərqlənir. Burada xarici tələbələr də oxuyurlar. Məktəbə ildə bir, ya iki azərbaycanlı qəbul olunurdu. Biz bu sahədə də lazımi tədbirlər gördük. Azərbaycanın ərazisində olan bu iki ali hərbi məktəbə qəbul olunan azərbaycanlıların sayını bir neçə dəfə artırdıq. Ümumiyyətlə, 1980-81-ci illərdə hər il ölkənin ali hərbi məktəblərinə ildə 800 nəfərdən çox gənc azərbaycanlı göndərməyə nail olduq. Tarixdə ilk dəfə Bakı Ali Hərbi Məktəbinə rəis azərbaycanlı — general Bərşadlı təyin olundu. Xəzər Hərbi Dəniz Donanmasının Komandanı isə azərbaycanlı admiral Qasımbəyov oldu. 1967-70-ci illərdə azərbaycanlılardan Hüseyn Rəsulbəyov adlı bircə general-leytenant rütbəli adamımız vardı. O, Bakı hərbi hava müdafiəsi dairəsində raket qoşunlarına komandanlıq edirdi. Sonra isə ordu sıralarında azərbaycanlı generalların sayı artdı. Tofiq Ağahüseynov Bakı Hərbi Hava Müdafiəsi Dairəsi rəisinin birinci müavini təyin edildi. O, azərbaycanlıların içərisində ən yüksək hərbi rütbə — general-polkovnik rütbəsini almağa layiq görüldü”.

    Heydər Əliyev hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, eyni zamanda azərbaycanlıların qəhrəmanlığı və hərbi şücaətlərinin təbliği istiqamətində böyük işlər görürdü. O, İkinci Dünya müharibəsində Azərbaycanın və xalqımızın oynadığı rolun düzgün qiymətləndirilməsinə çalışırdı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Taqanroqda 416-cı Azərbaycan diviziyasının şərəfinə möhtəşəm xatirə ansamblı, Sevastopolda Sapun Qora ərazisində 77-ci Azərbaycan diviziyasının şərəfinə isə böyük abidə ucaldılmışdı. Heydər Əliyev Bakı şəhərinin, Azərbaycan neftçilərinin nasizm üzərində qələbədə həlledici rol oynadığını və bu faktın dünya miqyaslı tarixi əhəmiyyət daşıdığını SSRİ rəhbərliyi tərəfindən qəbul edilməsinə çalışmış, 1978-ci ildə Bakının "Lenin” Ordeni ilə təltif edilməsinə nail olmuşdu.

    Qısa müddət ərzində qazanılan böyük uğurlar Sovet İttifaqı miqyasında da diqqəti cəlb etmiş və Azərbaycan rəhbərinin şəxsiyyətinə marağı artırmışdı. Təsadüfi deyil ki, Heydər Əliyev 1976-cı ildə daha yüksək siyasi statusa layiq görülərək SOV.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. Bu isə onu bir sıra digər müttəfiq respublikaların başçılarından fərqləndirirdi. Ulu Öndər sonralar bildirirdi ki, o, bu üstünlükdən öz xalqının mənafeyi üçün səmərəli istifadə etmişdir: "SSRİ Nazirlər Sovetindəki əlliyə yaxın nazirdən hansına telefon etsəydim, Azərbaycan üçün hər hansı mühüm işin görülməsi onlar üçün əmr sayılırdı. Bu şəraitdən Azərbaycan üçün istifadə etdim”.




    Bütün varlığı ilə doğma diyara bağlı rəhbər




    1982-ci ilin sonlarında Heydər Əliyev SOV.İKP MK-nın Siyasi Büro üzvü seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da iş yükünün ağırlığına, 60-dan çox sahəyə cavabdehlik daşımasına baxmayaraq, Azərbaycanla daim yaxından maraqlanmış, respublikanın sosial-iqtisadi, mədəni və digər sahələrdə tərəqqisi naminə əlindən gələn köməyi əsirgəməmişdir. Heydər Əliyev Moskvada olduğu dövrdə neft-qaz sənayesinin və digər sahələrin inkişafına diqqət yetirir, mühüm obyektlərin maliyyələşdirilməsi üçün SSRİ Dövlət Plan Komitəsi qarşısında məsələ qaldırırdı. Nəticədə, 1985-ci ildə "Çıraq”, 1987-ci ildə "Azəri” yatağı kəşf edildi. Təməli hələ 1978-ci ildə qoyulan Dərin Özüllər Zavodu onun köməyi sayəsində 1984-cü ildə istismara verildi və 1986-cı ildə isə layihə gücünə çatdırıldı. Bundan əlavə, Azərbaycanın şimal-qərb bölgəsini mərkəzi nəqliyyat şəbəkəsi ilə bağlayan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu Ulu Öndərin birbaşa qayğısı ilə çəkilib, 1985-ci ildə istifadəyə verildi. Həmin xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edildi.

    Heydər Əliyev Bakı metrosunun inkişafı istiqamətində əvvəlki illərdə başlanılan işlərin davam etdirilməsini öz nəzarətində saxlayırdı. 1985-ci ilin dekabrında "Elmlər Akademiyası”, "İnşaatçılar”, "XI Qızıl Ordu” (indiki "20 Yanvar”) və "Memar Əcəmi” stansiyaları istifadəyə verildi.

    Su nəqliyyatı infrastrukturu da diqqətdən kənarda qalmadı. 1985-ci ildə Xəzərdə yeni bərə keçidi açıldı. Bu bərə Azərbaycanı Qazaxıstanla birləşdirdi. Dənizə "Sovet Dağıstanı” və "Sovet Tacikistanı” gəmiləri gətirildi. Ümumiyyətlə, həmin dövrdə Xəzər dəniz gəmiçiliyində donanmanın üçdəbiri təzələndi.

    Heydər Əliyev bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasına və beynəlxalq mədəni əlaqələrinin yaradılmasına dəstək verirdi. Həmin dövrdə bir sıra beynəlxalq konfrans, simpozium, dekada və yarmarkalar Bakıda keçirilirdi. Dünyanın məşhur aktyorları, rejissorlar və digər incəsənət mütəxəssisləri Bakıya ezamiyyətə gəlir, azərbaycanlı sənətkarlarla mədəni mübadilə edirdilər. Bakıda beynəlxalq kino həftələrinin keçirilməsi isə artıq ənənəvi xarakter almağa başlamışdı. 1983-cü ildə Azərbaycanın paytaxtında Danimarka, 1984-cü ildə Hindistan, 1986-cı ildə Misir, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, 1987-ci ildə isə Çin kino filmləri həftələri keçirilmişdi.

    Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini daha da artırmışdı. Ulu Öndər sonralar bu dövrü belə xatırlayırdı: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur”.

    Ulu Öndərin bu illər ərzində doğma Vətəni, yurdu naminə gördüyü işlərin hamısını bir məqalədə əhatə etmək, bütün məsələlərin dərin təhlilini vermək mümkün deyildir. Lakin elmi şəkildə sübut olunmuş həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə xalqın qədim ənənələrə malik dövlət idarəçiliyi mədəniyyəti yenidən dirçəldilmiş, milli-mədəni oyanışda böyük dönüş başlanmış və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı iqtisadi-mədəni zəmin hazırlanmışdır. Ulu Öndərin sovet dövründəki fəaliyyətinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, ilk növbədə, milli özünüdərk prosesi sovet ideoloji sisteminin buxovlarına baxmayaraq ardıcıl davam etdirilmişdir. Digər tərəfdən, həmin illərdə baş vermiş dəyişikliklərin vüsəti, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi müstəqil Azərbaycanın yaranmasına aparan tarixi yolun salnaməsində ən parlaq səhifələrdir. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadi sistemində öz yerini getdikcə möhkəmləndirməsi həm də 1970-80-ci illərin əvvəllərində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

    Azərbaycan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin zəngin irsinə böyük hörmətlə yanaşır, onu qoruyur və ondan bəhrələnir. Bu gün Ümummilli Liderin siyasi xəttini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil dövlətçilik tarixinə yeni şanlı səhifələr yazır.

    Əli HƏSƏNOV,

    Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:13

İsmarıclar bağlıdır.