Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 23Июл

    Azərbaycan milli mətbuatının yaranmasının 144-ci ildönümündə Gəncədə fəaliyyət göstərən qəzet, jurnal və informasiya agentliklərinin əməkdaşları, eləcə də televiziya kanallarının bölgədəki təmsilçiləri görkəmli maarifçi, ictimai xadim və Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər ağa Goraninin türbəsini ziyarət ediblər.

    Həsən bəy Zərdabinin tələbəsi və məsləkdaşı olan Əsgər ağa Gorani 1910-cu ildə 53 yaşında vəfat edib və  Gəncənin qədim “Səbzikar” qəbiristanlığında dəfn olunub.

    “Qarabağnamə”nin müəllifi olan Mirzə Adıgözəl bəyin nəvəsi, 1857-ci ildə Gəncə (Yelizavetpol) qəzasının Goran kəndində dünyaya göz açan Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov-Gorani ilk təhsilini Gəncə şəhər məktəbində aldıqdan sonra  Bakıda gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Sonra  Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında torpaqşünaslıq üzrə ali təhsil alıb.

    Hələ gimnaziya tələbəsi ikən o, müəllimi Həsən bəy Zərdabinin təşəbbüsü ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundov komediyalarında baş rolları ifa edib. Azərbaycan milli teatrının yaranması faktı kimi tarixə düşmüş, 1873-cü ilin martın 10-da oynanılan “Hekayəti vəziri xani Lənkəran” tamaşasında Teymur ağa, bir qədər sonra, aprelin 17-də göstərilən “Hekayəti mərdi xəsis”də isə Hacı Qara rollarını ifa edən Əsgər ağa  ilk səhnə aktyorlarımızdan sayılır. 

    Moskvada təhsil alarkən Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub. Yaranmaqda olan müasir baxışlı milli ziyalı təbəqəsinin öncüllərindən olan Əsgər ağanın istər məqalələri, istər dəəllimi Həsən bəyə və dostlarına yazdığı məktubları onun maarifçi-tərəqqipərvər fikir və əməlinin kiçik nümunələridir. Bu məktublardan Əsgər ağanın xalq arasında maarif işinin gücləndirilməsinə dair fikirləri, onun məktəblər üçün  riyaziyyat, tarix, coğrafiya və əlifba kitabları tərtib etdiyi (!), Gəncəyə dönərkən burada jurnal nəşr etmək niyyəti və digər ideyaları aydınlaşır.

    Yaradıcı və bədii zövqə malik Əsgər ağa həmçinin Ağa Məhəmməd Şah Qacarın Qafqaza yürüşündən bəhs edən “Qara yel” tarixi romanının, “Qocalıqda yorğalıq” pyesinin və “Hənək, hənək, axırı dəyənək” vodevilinin (!) , A. S. Puşkin və M. Y. Lermontovdan tərcümələrin müəllifidir.

    Ali təhsilini başa vurduqdan sonra Əsgər ağa bir müddət Tiflis və Kutaisdə, daha sonra Gəncəyə qayıdaraq burada bir sıra dövlət vəzifələrində çalışıb. 1905-ci ildə isə gəncəlilər bu nəcib şəxsiyyəti özlərinə rəhbər seçiblər. Ömrünün son 5 ilində Gəncə şəhər Bələdiyyəsinin sədri işləyən Əsgər ağa Gorani  özünün maarifçilik və xeyriyyəçilik əməlləri ilə tarixə düşüb. Onun təşəbbüsü  və  bir çox hallarda vəsaiti ilə Gəncədə biri qızlar üçün  dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub...

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:46

İsmarıclar bağlıdır.