Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 22Июл

    Mənim üçün Milli Mətbuat Günü bayramların ən əzizidir. Bu peşəni hələ 6-cı sinifdə Əlfi Qasımovun «Adilənin taleyi» kitabını oxuyarkən seçmişəm. (Təəssüf ki, indi mütaliə edənlərin sayı azalır). Elə bu seçimimlə də bəxtim həmişə gətirib. Jurnalistika fakültəsinə orta məktəbi başa vuran kimi qəbul olunmuşam. Respublikanın ən adlı-sanlı alimlərindən – Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu Xəlilov, Mehdi Məmmədov kimi görkəmli şəxslərdən dərs almışam. Bu siyahını uzatmaq da olar, lakin yuxarıda dediyim kimi, bu görkəmli adamları dinləmək özü bir məktəb idi.

    Təyinatla gəldiyim «Gəncənin səsi» («Kirovabad kommunisti») qəzeti redaksiyasında müxbir, şöbə müdiri, baş redaktorun müavini kimi çalışmışam. Gəncliyin gətirdiyi o enerji ilə qələmə elə sarılmışam ki, oxucular adımı «iti qələm» qoyub. Harada bir əyinti vardısa, orada olurdum və bəzən bu mənə «baha başa» gəlirdi. Amma geri durmaq sözü lüğətimdə yox idi. Bütün bunlar girişdir. Məqsədim bir məsələyə aydınlıq gətirməkdir. «Qızıl qələm» mükafatı haqqında danışmaq istəyirəm. Sovetlər dönəmində bu mükafat bir dəfə, Mətbuat Günü münasibətilə 6 nəfərə verilərdi. Mükafat döş nişanı və 300 manat puldan ibarət idi. Pul şəxsən verilmirdi, poçt ilə göndərirdilər. 1982-ci ildə aldığım «Qızıl qələm» indiyə kimi qazandıqlarımın zirvəsidir. Çünki bu mükafatı alan zaman ulu öndər Heydər Əliyev məni təbrik edib. Həmin günə təsadüf edən, «Pravda» qəzetinin 70 illiyi münasibətilə Dövlət Filarmoniyasında keçirilən möhtəşəm tədbirdə ulu öndərin əyləşdiyi rəyasət heyətində oturmaq mənə nəsib olub. «Qızıl qələm» döş nişanını həmin gün iftixarla daşıdım. Bir də indi – bu günkü tarixdə, iyulun 22-də aradan 37 il keçəndən sonra qutusundan çıxarıb sinəmə taxdım. Bilirsiniz niyə?! Sözüm bu dəyərli mükafatı heçə endirənlərədir. Bu gün az qala bütün peşə sahiblərinə verilən və adını «qızıl qələm» qoyduqları rəngli kağızı işbazlar 20 manata satırlar. Bəs onu alanlar, imzasını həmin mükafatın adı ilə süsləyənlər nə düşünür? Qazanan işbaz, aldanan ona sahib olmaq istəyənlərdir. İnsanı dəyərli edən onun peşəkarlığıdır. İnternet köçürmələrinin ömrü qısa olur. Çalışın, özünüz olun və gördüklərinizi özünüz qələmə alın. Onda rəngli kağızlara ehtiyac qalmaz. Jurnalistlik elə bir peşədir ki, lap son günkü nöqtəni qoyana kimi oxumalı, öyrənməlisən. Bu, həyatın tələbidir. Şəkildə gördüyünüz mənim «Qızıl qələm»imdir. 37 il sonra yenidən fəxrlə sinəmə taxdığım mükafatım. 
    P.S. Milli Mətbuatın 144-cü ildönümü günündə mənə verilən səlahiyyətdən yəni, Azərbaycan Jurnalistlər Birliyi Gəncə şəhər Təşkilatının sədrliyi səlahiyyətindən istifadə edərək qəzetimizi sevən, onunla sıx əlaqə saxlayan bir qrup şəxsə: AMEA GƏNCƏ BÖLMƏSİNİN SƏDRİ, AKADEMİK FUAD ƏLİYEV, ADAU-nun rektoru, Akademiyanın müxbir üzvü, professor İBRAHİM CƏFƏROV, Gəncə Dövlət Universitetinin rektoru, professor YUSİF YUSİBOV, YAP Gəncə şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı NAQİF HƏMZƏYEV, Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı PƏRVİN KƏRİMZADƏ, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi NAZİM ƏHMƏDOVA «Jurnalistlərin dostu» diplomunu təqdim etdim. Təbrik edirəm!

    Rəfiqə Sadıqova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:06

İsmarıclar bağlıdır.