Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 30Июл

    İlham Əliyevin xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir

     İqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan dünya birliyinin fəal aktorlarından birinə çevrilib. Yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən böyük nüfuza malik olan ölkəmiz hər keçən gün beynəlxalq birlikdəki yerini möhkəmləndirir.

    Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevirib. Azərbaycanın daha da qüdrətlənməsi üçün böyük əzmlə çalışan cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Azərbaycanla sıx münasibətlər qurmaq istəyən ölkələrin sayının ildən-ilə artması da deyilənlərin təsdiqidir.

    Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəldilir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.

    Bugünkü qüdrətli Azərbaycanın milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas xətti dövlət müstəqilliyimizi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir.

    İnamla deyə bilərik ki, cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib.

    Dinamik və praqmatik xarakter daşıyan xarici siyasət kursu ilk növbədə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Rəsmi Bakı dünyanın fövqəlgücləri sayılan ölkələrlə — ABŞ, Rusiya, Çin, Almaniya, Fransa, Türkiyə və s. yəni Avropa İttifaqı və İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi tanınıb. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb.

    Azərbaycan, eyni zamanda regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə regionda və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.

    Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

    Azərbaycanın xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə ifadə edir, güclü, qüdrətli Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır.

    Azərbaycan Prezidenti dünyanın ən mötəbər toplantılarına dəvət edilir. Misal olaraq Davos İqtisadi Forumunu göstərmək yetərlidir. Bu, yeganə forumdur ki, həm dünya liderlərini, həm də iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini biraraya toplamaq imkanına malikdir. Bu baxımdan forum müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib platformadır.

    Cənab İlham Əliyev Davos İqtisadi Forumunun arzuolunan prezidentlərindən biridir. Dövlət başçısı ən vacib müzakirələrdə hər zaman çıxış edir. Onun dünyada gedən siyasi və iqtisadi proseslərə münasibəti ciddi marağa səbəb olur. Azərbaycan bu mötəbər forumda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına töhfəsini verir. Azərbaycan hər il bu forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Ölkəmiz forumda vacib tərəfdaş kimi tanınır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə səmimi görüşür, mühüm layihələr müzakirə edilir. Davos Forumunda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələrimizi davamlı və etibarlı edir.

    Digər tərəfdən Azərbaycan beynəlxalq təşkilatlarla — ATƏT, NATO, BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə də fəal əməkdaşlıq edir, üzərinə düşən öhdəlikləri yerinə yetirməklə qurumların fəal üzvü oldğunu bir daha təsdiqləyir.

    Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Bu da onu təsdiq edir ki, Azərbaycan təkcə enerji sahəsində deyil, ümumiyyətlə, təhlükəsizlik aspektində Avropa üçün çox vacib tərəfdaşa çevrilib.

    Onu da xatırlatmaq yerinə düşər ki, yerləşdiyi coğrafi ərazi Azərbaycanı Şərqlə-Qərbi, Şimalla Cənubu bir birinə başlayan körpüyə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələr isə Azərbaycanı həm də beynəlxalq tranzit mkanına çevirib. Bu gün Şimaldan Cənuba, Şərqdən Qərbə — ən qısa yollar Azərbaycandan keçir. İlham Əliyevin regional və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin tranzit imkanlarının ikişafına əsaslı töhfə verir. "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan həm üzərinə düşən bütün işləri vaxtında reallaşdırır, həm də prosesə öz müsbət töhfəsini də əsirgəmir.

    Azərbaycan Prezidentinin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verməkdədir. Bu gün Çindən Avropaya yüklərin 34 günə deyil, 12-15 gün ərzində çatdırılması bu dəmir yolunun bütün tərəflərə nə qədər iqtisadi dvidentlər qazandırdığını bir daha təsdiqləyir.

    Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.

    Bu gün Azərbaycana baxış olduqca müsbət və nikbindir. Çünki dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlərə və ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər və onun regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər.

    Bütün bunlar əlbəttə ki, beynəlxalq birliyin Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətə verdiyi dəyərdir.

    Rəşad BAXŞƏLİYEV

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:33

İsmarıclar bağlıdır.