Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,150
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Фев

    Fevralın 3-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi BAYRAMOVUN  çıxışını təqdim edirik:

    -Möhtərəm cənab Prezident.

    Sizin təşəbbüsünüzlə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, şəhərimizlə bağlı imzaladığınız sərəncamlar Gəncə şəhərinin bütün sahələr üzrə davamlı inkişafını təmin edib.

    Şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir.

    Sizin diqqət və qayğınız sayəsində şəhər əhalisinin içməli suya olan tələbatını tam ödəmək və keyfiyyətli su təminatını təmin etmək məqsədilə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib. Cari ilin əvvəlinə layihə üzrə içməli su şəbəkəsinin 48 faizi və kanalizasiya şəbəkəsinin 29 faizi icra olunub. Əhalinin qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, şəhər tam şəkildə, qəsəbələr isə 99 faiz qazlaşdırılıb.

    2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı verdiyi tapşırıqlara əsasən 980 yerlik bir ümumtəhsil məktəbi əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 280 yerlik körpələr evi-uşaq bağçası yenidən qurularaq istifadəyə verilib. İcazə verin, gəncəlilərə göstərdiyi bu diqqət və qayğıya görə hörmətli Mehriban xanıma bütün gəncəlilərin minnətdarlığını çatdırım. Ümumilikdə isə ötən il 1476 yerlik iki məktəb binası əsaslı təmir edilib, bir məktəb üçün əlavə 280 şagird yerlik yeni korpus inşa olunub, yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərin sayı 34-ə çatdırılıb.

    Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində üçmərtəbəli aqraryönümlü Peşə Təhsil Mərkəzinin, həmçinin dördmərtəbəli yeni tədris korpusunun tikintisi və Gəncə Dövlət Universitetinin üç korpusdan ibarət yataqxanalarının əsaslı təmiri işləri davam etdirilir.

    Bununla yanaşı, 200 çarpayılıq Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tikintisi və tarix-memarlıq abidələri — Şah Abbas və Uğurlu Xan karvansaraylarında əsaslı təmir-bərpa işləri başa çatdırılıb. Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin təmiri, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binasının əsaslı təmir-bərpası, Gəncə Dövlət Dram Teatrının yeni binasının və İdman Sarayının tikintisi işləri sürətlə davam etdirilir.

    Sizin müvafiq sərəncamlarınızla ayrılmış vəsait hesabına şəhərdə 198 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, 36 çoxmənzilli binanın fasad hissəsi əsaslı təmir edilib, 46 çoxmənzilli yaşayış binasında 93 ədəd lift yenilənib, ümumi uzunluğu 80 kilometr və sahəsi 1 milyon 232 min kvadratmetr olan 119 küçə və prospektdə yeni asfalt örtüyü salınıb. 71 küçə və prospektdə yeni müasir işıqlandırma sistemləri quraşdırılıb, Gəncə şəhərinin Gəncəçay çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan beş körpü keçidində təmir-bərpa işləri başa çatdırılıb.

    Əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın-mexanizm parkı da proqrama uyğun olaraq qismən yenilənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

    Dövlət Proqramının icrası çərçivəsində Gəncə şəhərində qəzalı vəziyyətdə olan yataqxanalardan köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının, həmçinin dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan yeni çoxmənzilli yaşayış binasının tikintisi də uğurla davam etdirilir.

    Sahibkarlıq fəaliyyəti ilə bağlı Sizin imzaladığınız fərman və sərəncamlar Gəncədə də bu sahənin inkişafına geniş imkanlar yaradıb. Bütün bunların nəticəsidir ki, təkcə 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manata yaxın investisiya cəlb edilib. İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manata yaxın investisiya qoyulub. Bu gün şəhərimizdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək.

    Şəhərdə sosial-iqtisadi inkişafın və iqtisadi artımın sürətlənməsi, investisiya və işgüzar fəallığın davamlı şəkildə artması nəticəsində vergi daxilolmaları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilib.

    Cənab Prezident, Sizin təşəbbüsünüzlə regionlarda proqnozdan artıq daxilolmaların 50 faizinin yerli icra hakimiyyətlərinin sərəncamına verilməsi yerlərdə sosial-iqtisadi inkişaf prioritetlərinin həllində əlavə maliyyə mənbələrinin əldə edilməsi üçün böyük bir yenilik olub. Ötən ilin yekunlarına görə, 4 milyon 89 min manat vəsait Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib. Bu isə öz növbəsində şəhərimizin sosial-iqtisadi inkişafına töhfəsini verməklə yanaşı, bizim üçün investisiyaların cəlb edilməsi və sahibkarlığın daha sürətli inkişafını təmin etmək üçün mühüm stimul yaradacaqdır.

    Möhtərəm cənab Prezident, şəhərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə bütün gəncəlilər adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri, tövsiyə və tapşırıqları bundan sonra da uğurla yerinə yetirəcəyik.

    Diqqətinizə görə minnətdaram.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:15

İsmarıclar bağlıdır.