Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Май

    QƏFİL XƏBƏR ACI OLDU

    Ağla gəlməyən başa gələrmiş. Sənin ölümün də belə oldu, Mətanət! Acı xəbərin soyuq su kimi çırpıldı üzümüzə.
    İnanmaq istəmədik. Hələ də o ümidlə yaşayırıq ki, pis bir yuxu görmüşük və ayılanda hər şeyin əvvəlki kimi olacağını görəcəyik; yenə də hər səhər redaksiyanın qapısı ağzında biri-birimizə «Sabahın xeyir» – deyəcək, otaqlarımıza çəkilib işə başlayacağıq. Bir neçə saatdan sonra qısa fasilələrlə biri-birimizin otaqlarına girib-çıxacaq, deyib güləcəyik. Sənin gülüşün hər birimizin gülüşündən seçilirdi; daha şaqraq, daha cingiltili idi. Belə vaxtlarda şirin lətifə söyləməyi də çox sevirdin. Elə həvəslə, elə şirin söyləyirdin ki! Nə vaxt otağına girsək, səni kampyuterinin qarşısında oturan görərdik. İş vaxtı bitəndə də ən ləng hazırlaşan sən olardın. O qədər nazlı-qəmzəli, xanım-xatın idin ki.

    – Mətiş, tez ol, – deyəndə çantanı çiyninə atıb qapıdan çıxardın. Pilləkənləri də asta-asta enərdin.
    Gülləri çox sevirdin. Görəsən iş otağının pəncərəsi önünə düzdüyün bənövşələrin səndən sonra yaşayacaqlarmı? Sənsiz solacaqlar yəqin.
    …Novruz bayramı ərəfəsində dördümüz də – Sevda, Yeganə, sən və mən paltar mağazasını gəzib eyni kofta aldıq.
    – Bayramdan qayıdanda bir geyinərik. Qoy hər kəs elə bilsin ki, redaksiyamızın uniformasıdır, – dedik.
    Qismət olmadı.
    Telefonumda səsli mesajların qalıb. Sən dünyanı dəyişəndən hər gün səsinə qulaq asıram. Elə doğma, elə əzizdi ki. Dünyanın faniliyini indiki kimi hiss etdiyim olmamışdı.
    Bilmirəm yoxluğunun yaratdığı kədəri necə izah edim. Sözün tükəndiyi yer beləmi olurmuş… Hardan başlayım, harda bitirim? Heç qələmin qarşısında özümü belə aciz hiss etməmişdim.
    Bildiyim odur ki, sən həmişə bizimlə olacaqsan. Hər gün səndən danışıb səndən söz açacağıq; Mətiş belə deyərdi, Mətiş elə edərdi. Boş vaxtlarında bu pəncərəyə söykənib telefonunda serial izləyərdi, «Ben yoruldum hayat, gəlmə üstümə» türk mahnısına qulaq asmağı sevərdi. Kampyuterdə oyun oynayardı, iri fincanından çay içə-içə gözünü monitordan çəkməzdi.
    Zövqlü maket tutmağı sevərdi. Tələsmədən, üstündə oynaya-oynaya… sonra da öz əl işinə baxıb razı halda gülümsəyərdi.
    Eh, xatırlanmalı o qədər şey var ki. Hər günkü adi halımızın sabah bir xatirə olacağını kim düşünür ki?!
    İndi neynirsən, Mətanət? Alışırsanmı o nabələd olduğun yerlərə?! Saatlarla dua edərdin. Namazını keçirməzdin. Ramazan orucuna 1 həftə əvvəldən başlayardın. Haqqın dərgahına da Ramazan ayında qovuşdun. Təsadüfdürmü? Qıldığın namazlar, tutduğun oruclar goruna nur salsın, yolunda bələdçin olsun, əziz, nakam bacımız. Bu, mübarək aydır. Ölümün də mübarək olsun. Allah Səni cənnəti ilə sevindirsin.
    Bircə xahişim var; bizi darıxmağa qoyma, tez-tez yuxumuza gəl!
    Allah sənə rəhmət eləsin!

    «Gəncənin səsi» qəzetinin kollektivi
    adından Fərruxə Umarova.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:08

İsmarıclar bağlıdır.