Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 22Май

    Dünyada könüllülük fəaliyyəti çox əsrli tarixə malikdir. XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə ilk könüllülülər hərbi xidmətə gedən insanlar olub. O zamanlar hərbi xidmət məcburi olmadığına görə kralın çağırışlarıyla insanlar könüllü şəkildə müharibələrə və hərbi xidmətə yollanırdılar. Şimal qonşu Rusiyada XIX əsrdə könüllülük əsasında işləyən müəllim və həkimləri misal göstərmək olar.

    O dövrdə bir sıra zadəganların təhsilsiz insanlara dərs keçməsi dəb halını almışdı. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı və iş adamı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratmışdı ki, orada yaralılara könüllülər ilkin tibbi yardım göstərirdilər. Bunun nəticəsində sonradan bu gün də fəaliyyətini davam etdirən Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri də yaradıldı ki, sözügedən qurumları könüllülük fəaliyyətinin bariz nümunələrindən hesab etmək olar.

    Azərbaycanda da könüllülüyün tarixi kifayət qədərdir və bu prinsip milli dəyərlərimizin, sülhsevər, ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzu əks etdirir. XIX əsrin sonu XX əsrin əvvəllərində xeyriyyə cəmiyyətlərinin yaranması və insanlarımızın könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığı məlumdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkənin ictimai-siyasi həyatında könüllülərin böyük rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələri, müharibəyə könüllü gedən həkim və tibb bacıları buna maisaldır.

    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və s… Bu hərəkatların nə qədər gəncə nə qədər töhfə verdiyini saymaqla bitməz.

    “Bir” Tələbə-Könüllü Proqramı 2015-ci ildə Bakı Avropa Oyunları, Formula 1 yarışlarına dəstək vermək və vahid könüllülük bazasının yaradılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Bu platformanın şəbəkəsinə Azərbaycan Texnologiya Universiteti (UTECA) də daxildir. Universitetdə 150 yaxın “BİR” Tələbə-Könüllüləri beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərə könüllü dəstəyi verməklə yanaşı, tələbə könüllülərin inkişafı üçün müəyyən proqramlar həyata keçirirlər. Bu könüllülər yarış və müsabiqələrdə iştirak edir, şəhərdə beynəlxalq və digər əhəmiyyətli tədbirlərdə aktivlik göstərir, tez-tez universitet daxili, universitetlər arası intellektual yarışlar reallaşdırır, flaşmoblar təşkil edir, sosial layihələr həyata keçirirlər. Universitetin Bir tələbə könüllüləri pandemiya dövründə də aktivlik nümayiş etdirirlər. Onlar karantin günlərində yoluxmayla bağlı xüsusi risk qrupunu nəzərər alaraq yaşlı və tənha insanlara məişət işlərində yaxından köməklik göstəriblər. Yaşlı və tənha insanların gündəlik zəruri ərzaq alış-verişlərini edərək, kommunal ödənişlərini həyata keçirərək, dərmanlarını alaraq belə əhali kateqoriyasının izolyasiya olunmasına çalışıblar. Könüllülər maarifləndirmə tədbirlərində də yaxından iştirak ediblər. Virusdan qorunmaq qaydalarıyla bağlı broşürlər, dezinfeksiya edici və qoruyucu vasitələr paylayıblar, marketlərdə, bankların və bankomatların, ödəmə terminallarının qarşısında ara məsafələrin saxlanmasının vacibliyinə dair təbliğatlar aparıblar.

    Bu gün ölkədə könüllülük hərəkatı vacib rol oynayır. Bu hərəkatların bizə qazandırdıqları təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncinin və kadr ehtiyatının inkişafıdır. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən aktiv bir parçasına çevrilirlər.

    2020-ci il Könüllülər ili elan edilib. Odur ki, bu il könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu demək olar. Dövlətimizin başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi gənclər üçün yeni fürsətlər yaradacaq, vətəndaşlarımızın bu fəaliyyətə gündən-günə artan marağı sayəsində könüllülük digər qabaqcıl ölkələrdəki kimi tədricən həyat tərzimizə çevriləcək.

    Aysel Yolçuyeva,

    Azərbaycan Texnologiya Universitetinin tyutoru

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:00

İsmarıclar bağlıdır.