Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Май

    Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. 

    Heydər Əliyev
    Ümummilli lider


    Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti


    Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi və bu təcrübə zamanın sınağından keçməklə dövlətçilik ənənəsinin əsasını yaratdı. Əgər Rusiya imperiyasının dağıldığı və özünü, nəyin bahasına və hansı formada olursa-olsun, bərpa etməyə çalışdığı, 4 böyük dövlətin – Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının məğlubiyyəti ilə nəticələnən I Dünya müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi zamanda Azərbaycan Xalq Cümhuriyyəti yaranmasaydı, sonradan ölkəmizin müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə daxil olması və bu İttifaq da dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. 

    Buna görə də hər ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması hadisəsinin ölkəmizdə Respublika Günü kimi qeyd olunmasına tam mənəvi haqqımız və böyük sayğımız vardır. 
    Azərbaycan Xalq Cümhuriyyəti yeni dünya tarixinin yetərincə mürəkkəb çağında – imperiya, müstəmləkə və istibdad rejimlərinin çökməsinə və milli müstəqillik hərəkatlarının zəfər çalmasına zərurət və şərait yarandığı bir dönəmdə ərsəyə gəlmişdi. 
    Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın istiqlaliyyət arzusu ilə əlaqələndirən ümummilli lider Heydər Əliyev söyləyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
    Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə isə 7 dekabr 1918-ci ildə dövlətimizin ilk Parlamentinin toplantısında bildirmişdi: “Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir “cəmiyyəti-əqvam” vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu “federasyon” cəbrlərlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır”. Bu sözlərlə M.Ə.Rəsulzadə əslində, Azərbaycan–dünya münasibətlərinin mahiyyətini və istiqamətini açıqlamış, beynəlxalq siyasətdə bu gün də aktual olan suveren dövlətlərin hüquq bərabərliyi ideyasını ortaya qoymuşdu.
    Azərbaycanda milli dövlətçilik anlayışı, təcrübəsi və ənənələri minilliklərdən qaynaqlanır və əsrlərlə təşəkkül və təkmilləşmə dövrünü yaşamışdır. Uzun bir tarixi dövr ərzində xalqımız xarici təhlükələrə qarşı öz mövcudluğunu və identikliyini qoruyub saxlamaq, özünəməxsus mədəni keyfiyyətlərini hifz etməklə yanaşı, dünyanın fikir-ideya tarixinə və bəşəri dəyərlərin formalaşmasına da öz töhfələrini vermişdir. Əsrlər boyu xalqımız yaratdığı zəngin mədəniyyəti daim cilalamış və onu ictimai həyata məharətlə tətbiq etməyi bacarmışdır. Tarixin yeni dövründə isə Azərbaycan mütərəqqi cəmiyyətlər sırasında öz layiqli yerini tutmuşdur.
    Xalqımız həmişə zamanın çağırışlarını düzgün dəyərləndirmək iqtidarında olmuş və ictimai, siyasi, mədəni, eyni zamanda, geosiyasi proseslərin iştirakçısı kimi özünü ifadə etmək bacarığını tarixin bütün mərhələlərində ortaya qoymuşdur. Bu baxımdan Azərbaycan insanının tarixdə oynadığı rol bütün nümunələrdə mütərəqqi və örnək yaradan keyfiyyətdə meydana çıxmışdır.
    XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqının öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlaması da bu qəbildən olan müstəsna örnəklərdən biridir. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının itirilmiş dövlətçilik ənənələrini bərpa etmək və yeni formalaşdırılacaq dövlət modelində irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt yaşaması üçün demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyət yaratmaq idi.
    Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realistik-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdır.
    Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli və digər görkəmli şəxsiyyətlərin davamlı səyləri nəticəsində Azərbaycanda milli teatrın, məktəbin və mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi.
    Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərəkatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat”, “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.
    Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi. Zamanın çağırışlarına adekvat münasibət ortaya qoyan Azərbaycan aydınları hələ Çar Rusiyasının müvafiq tribunalarından gələcək müstəqilliyə yol açan qəti mövqelərini ifadə edirdilər. Rusiyanın Dövlət Dumalarına seçilmiş Ə.Topçubaşov, F.Xoyski, A.Muradxanov, İ.Ziyadxanov kimi görkəmli nümayəndələrimiz xalqımızın haqq və tələblərini açıq şəkildə bildirirdilər. Çar Rusiyasının zəifləməyə başladığı, “xalqlar həbsxanası”nda milli-ideoloji cərəyanların gücləndiyi XX əsrin əvvəllərində isə həmin tələblər daha qətiyyətli şəkildə səslənməyə başlamışdı.
    1918-ci ilin əvvəllərində – 
    I Dünya müharibəsinin başa çatmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etmişdilər. Seymdə azərbaycanlı deputatların 44 nəfərlik fraksiyasına Azərbaycanın görkəmli siyasi xadimi Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi. Lakin bu federativ qurumun perspektivsizliyini görən Gürcüstan 26 aprel 1918-ci ildə öz müstəqilliyini bəyan etdi. Zaqafqaziya Seyminin Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin başçılığı ilə F.Köçərli, F.Xoyski, N.Yusifbəli, S.M.Qənizadə, Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və 44 deputat mayın 28-də Tiflisdə Qafqaz canişininin sarayında, yaratdıqları Milli Şuranın tarixi iclasında Azərbaycanın istiqlaliyyətini elan etdilər. 
    Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlmişdi. Bədnam kommunarların əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək istəmir, daşnak ordusu ilə birlikdə kütləvi soyqırım xarakterli qırğınlar törədirdilər. Millətin ölüm-dirim savaşı qarşısında qaldığını görən Milli Şura Gəncə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş Bəyannaməyə əsasən, Milli Şura ali qanunverici, müvəqqəti hökumət isə ali idarəedici orqan sayılırdı. 
    Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədilə Türkiyə hökumətindən yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o zamandan vahid geosiyasi maraqlardan çıxış etməsi onu göstərir ki qardaş xalqlar bu tandemin onların hər ikisi üçün həyati əhəmiyyətə malik olduğuna əmin idilər. Həmin ilin 23 sentyabrında Azərbaycanın milli ordusu türkiyəli komandan Nuru paşanın əsgərləri ilə birlikdə qondarma “Mərkəzi Xəzər diktaturası” və eser-daşnak qüvvələrini darmadağın edərək Bakıya girdi və həmin gün də Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi. 
    Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İlyarımlıq fəaliyyəti dövründə parlamentin qəbul etdiyi qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas hədəf kimi dayanan siyasi, iqtisadi, mədəni, təhsil, ordu quruculuğu istiqamətində ən qabaqcıl qayda və standartların ölkədə tətbiqini həyata keçirməklə, həm parlament, həm də milli hökumət bütün qüvvələrini səfərbər ­etmişdi.
    Bütün bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti özünün bir sıra Avropa dövlətləri tərəfindən tanınmasına, ölkə daxilində quruculuq işlərinin davam etdirilməsinə nail olurdu. Azərbaycan nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri də öz bəhrəsini verdi. Konfransın Ali Şurası Azərbaycanın suverenliyini tanıdı.
    Müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın yaradılması nə qədər əlamətdar hadisə idisə, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündən sonra baş verən hadisələr zənciri də öz əhatəliliyinə, təsir dairəsinə, siyasi-mənəvi yükünə görə bir o qədər vacib əhəmiyyət daşıyırdı. Olduqca mürəkkəb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirməsi çar mütləqiyyətindən qurtulmuş digər xalqların da yeni dövlətçilik təcrübəsinin formalaşmasına, modernləşən dünya praktikasına uyğunlaşmasına ciddi təsir göstərdi.
    Müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti ərazi bütövlüyünə təhdidləri, gərgin siyasi vəziyyəti əsas gətirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini ikinci plana da keçirə bilərdi. Lakin Azərbaycanın siyasi fikir xadimləri, milli hökumətdə təmsil olunan görkəmli şəxsiyyətləri üçün hüquq və azadlıqlar heç bir halda prioritetliyini azaltmadı. Təsadüfi deyil ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı.
    18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı.
    Bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında ahəngdar dövlət idarəetməsinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi.
    Zaman-zaman Qafqaz birliyi ideyasına, regionda konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına böyük zərbə vuran ermənilər XX əsrin belə həssas dönəmində də öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadrat kilometrlik əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik birləşmələrinin təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur edilirdi.
    Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında AXC Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.
    Milli hökumət dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz İldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin nümunəsində müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi.
    Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. I Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa çıxmağa can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi. 
    Belə bir ağır siyasi durumda erməni birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və ölkədə sabitliyin pozulmasına yönələn cəhdlər Xalq Cümhuriyyətini bolşevik təcavüzünə qarşı daha da kövrək edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya ərazi güzəştləri müqabilində Azərbaycan Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xislətini, xəyanətkarlığını göstərən tarixi faktlardan biridir.
    1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, əksinə, öz mübarizəsini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa ruhlandırdı. Xüsusilə Azərbaycanın siyasi mühacirətinin nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər.
    Cümhuriyyət qurucularının əksəriyyəti yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq. Cümhuriyyətin süqutundan sonra həyatını itirmiş, əksəriyyəti isə 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüş bu insanlar, əslində, böyük millət qəhrəmanlarıdır. Onlar həm də milli dövlətçilik ənənələrini dünyanın yalnız bir neçə mütərəqqi Avropa dövlətlərində və Amerika Birləşmiş Ştatlarında yenicə təşəkkül tapmağa başlayan demokratizm və respublikaçılıq təcrübəsi ilə birləşdirərək, çoxmillətli və çoxpartiyalı parlament quruculuğunda, ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit ediliməsi məsələsində daha irəli gedərək, xalqımızın tarixi-mədəni və ictimai-siyasi dünyagörüşünün seçkin dəyərləri üzərində Qafqazın ən böyük dövlətini yaratmışlar!
    Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. 1918—1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda varislik xətti ilə yaşayıb!
    71 il sonra milli müstəqilliyimizin bərpa edilməsi ilə milli dövlətçilik tariximizin qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin dərindən araşdırılması istiqamətində mühüm addımlar atılmış, Cümhuriyyət dövründə hökumətdə təmsil olunmuş nümayəndələrin və digər milli aydınların həyat və fəaliyyətinə dair yüzlərlə araşdırma işıq üzü görmüşdür.
    Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində olduğu müddətdə öz milli varlığını və mədəniyyətini imkan daxilində qorumağa və yaşatmağa çalışırdı. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı vaxtdan etibarən Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradılmağa başlandı. Bu gün biz tam əsasla deyə bilərik ki, Azərbaycanın suverenliyi üç fundamental təməl üzərində qərar tutur: Klassik Azərbaycan dövlətçiliyi ənənələri, Azərbaycan Xalq Cümhuriyyəti və Heydər Əliyev epoxasında milli ideologiyanın məqsədyönlü şəkildə inkişaf etdirildiyi Azərbaycan Sovet Sosialist Respublikası.
    İlk milli demokratik dövlətimizn siyasi varisi kimi çağdaş müstəqil Azərbaycan Respublikasında cümhuriyyətçilik dəyərlərinin və ideyalarının yaşadılması istiqamətində dövlət səviyyəsində tədbirlər müntəzəm şəkildə həyata keçirilməkdədir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi bütün respublika ərazisində silsilə tədbirlərlə qeyd edilmiş, Cümhuriyyət irsinin təbliğatı istiqamətində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2003-cü il tarixli sərəncamı ilə Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidənin ucaldılması Cümhuriyyət dəyərlərinin əbədiləşdirilməsi istiqamətində atılmış vacib addım olmuşdur.
    2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalaması milli dövlətçilik tariximizin parlaq nümunəsi olan Xalq Cümhuriyyətinin irsinə və dəyərlərinə yüksək ehtiramın daha bir bariz göstəricisi idi. Dövlət başçısının həmin ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tariximizin qürurverici səhifəsini, həmin dövrün istiqlal və azadlıq mücahidlərinin həyat və fəaliyyətini bir daha xatırlamaq, öyrənmək və təbliğ etmək üçün gözəl imkandır.
    Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin izlər buraxdı. Xalqımız Cümhuriyyət dönəmində daha da zənginləşmiş mili-mənəvi dəyərləri qoruyub saxladı, hətta sovet hakimiyyəti illərində də özünün dövlətçilik atributlarına dərin ehtiramını ürəyində yaşatdı. Heç şübhəsiz ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasında Cümhuriyyət dönəmində möhkəmlənib inkişaf etdirilmiş dövlətçilik şüuru, milli-mənəvi dəyərlər, milli özünüdərkin yetişməsi həlledici amil olmuşdur.
    102 il əvvəl yaradılmış müstəqi və demokratik dövlət qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqımızın şüurunda bərqərar etdiyi istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:19

İsmarıclar bağlıdır.