Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Дек

    Vətən torpağı azad deyilsə,

    yaşamaq haramdırdeyən şəhidimiz

    Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı uğrunda gedən 44 günlük qalibiyyətli Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar sırasında Gəncədən hərbi xidmətə çağırılmış İsmayıl Elmar oğlu Mustafayev də var. “Şəhid” sözü ərəb sözü olub, yüksək amal, məslək, əqidə, din və ya inanc uğrunda ölən, canını fəda edən adam deməkdir.

    Bu barədə müqəddəs Qurani-Kərimdə Allah-Təala buyurur: “Allah yolunda öldürülənlərə ölülər deməyin, onlar ölü deyil, diridirlər, lakin siz (o yüksək həyatın) fərqində deyilsiniz”. (Bəqərə surəsi, 154). Vətənin azadlığı uğrunda mübarizə Allah yoludur. Allah yolunda Vətən müharibəsinə qoşulan şəhidlər bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır.

    Məhəmməd peyğəmbərin (s.ə.s) şəhidlərlə bağlı çox maraqlı bir qeydi var. Şəhid o dünyada Allahdan o qədər mükafat görər ki, “onlar 10 dəfə dünyaya qayıdıb — şəhid olmağı arzu edərlər”. Bir də şəhidi ən çox narahat edən valideynlərin onun ardınca həddən artıq göz yaşı axıtmasıdır. Axıdılan göz yaşı şəhid üçün yükə çevrilir. Onun sərbəst hərəkətini ağırlaşdırır.

    İsmayıl Elmar oğlu Mustafayev 1996-cı ildə Gəncədə I mikrorayon yaşayış sahəsində dünyaya gəlib. Hərbi xidmətdə snayperçi olub. İsmayıl Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, tez-tez: “Vətən torpağı erməni işğalından azad edilməyincə snayperi yerə qoysam yaşamaq mənə haram olsun,”–  deyərmiş. Yoldaşları onun adını deməzdilər. Komandada “snayper” deyəndə hamı İsmayılı nəzərdə tuturdu. Zarafatla: ”İsmayıl quşu gözündən, işcalçı alnından vurur” – deyərdilər. İsmayıl isə: ”Alnından vurmadığım düşməni mənim hesabıma yazmayın”. Vurulanların sayı isə çox idi.

    Müqəddəs və əvəzsiz olan vətənimə, onun yolunda şəhid olan dostum və el-obanın təmənnasız köməyi olan Elmar Mustafayevin qəhrəman oğlu haqqında materiallar toplayırdım. Sən demə müasir dünyanın gedişatı bizə ətrafımızda olan qəhrəmanları vaxtında tanımağa, sağlığında onları qiymətləndirməyə imkan vermirmiş.

    Mən qonşulardan, onun uşaqlıq dostlarından, şagird yoldaşlarından, müəllimlərdən “Mustafayev İsmayıl Elmar oğlu sizin üçün kimdir?” – soruşdum. İlahi, nələr demədilər. Ancaq gələcək bir milli qəhrəman haqqında belə sözlər demək olardı.

    1992-ci ildə İsmayılın adını daşıdığı əmisi Mustafayev İsmayıl Kamal oğlu Gəncə batalyonunun tərkibində qəhrəmancasına vuruşmuşdu. 1992-ci ildə Mərgüşavanda ermənilər tərəfindən şəhid edilmişdi. İsmayıl əmisinin adını daşıyırdı.

    Müəllimi onun inşa yazısından bir neçə cümlə dedi: ”Bizə yaşamaq o zaman halal olacaq ki, Vətənimiz erməni işğalından azad olsun”.

    Şəhidlər ölmürlər. Şəhidlik zirvəsinə yüksələnlərin ruhu ulduza çevrilib Vətənin səmasında ailəsinə yaxın yerləşir. Bir gülən ulduz ifadəsi var. Gülən ulduz şəhidin ailəsinə mesajıdır. Şəhidlərin ruhu bizləri görür. “Şəhidlər ölməzdirlər, ölümsüzü ağlamazlar! ” – deyir Oktay Zəngilanlı.

    İsmayıl Mustafayev kimi oğullarımız nəinki ölümdən qorxmadılar, ölümün gözünə dik baxaraq, nə qədər qorxmaz və qeyrətli olduqlarını sübut etdilər.

    İsmayıl Elmar oğlu Mustafayevin könüllü olaraq getdiyi müharibənin özü belə qəhrəmanlıq və qalibiyyətdir. Şəhidimiz Vətən torpağını azad görmək istəyirdi. Artıq Qarabağ azad edilmişdir. İsmayılın Qarabağın ən yüksək zirvəsində dalğalanmasını istədiyi üçrəngli bayrağımız artıq dalğalanır. Zəfər bütün Azərbaycana ən böyük fəxarət, şəhidlərimizə isə ruh dincliyi verəcəkdir!

    Həsənbala SADIQOV

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:18

İsmarıclar bağlıdır.