Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Май

    Xalqımızın 30 illik yurd həsrətinə son qoyulmasında, uzun illərdən sonra işğal altında olan torpaqlarımızın azad olunmasında xidməti olan,  möhtəşəm Qələbəyə qanı-canı bahasına imza atan igid döyüşçülərimizdən biri də Cavid Hüsaməddin oğlu Məlikovdur.

    Cavid Məlikov 1995-ci il noyabr ayının 1-də qədim və ulu Gəncədə anadan olub. 2002-ci ildə Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2012-ci ildə onuncu sinfi başa vurub və Gəncə Humanitar kollecinə qəbul olub. 2015-ci ildə kollecin maliyyə fakültəsini bitirib və elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan MR-nın Sədərək rayonu ərazisində yerləşən xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayan Cavid Aprel döyüşlərinin fəal iştirakçısı olub. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini uğurla başa vuraraq doğma Gəncəyə dönüb.

    27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Cavidin hərbçi bacarığını bir daha göstərməsi üçün vəsilə olub. Sentyabr ayının 29-da ölkədə elan edilmiş qismən səfərbərliklə əlaqədar bir neçə günlük təlimdən sonra digər çağırışçı yoldaşları ilə bərabər cəbhəyə yola düşüb. Kəşfiyyat dəstəsində vuruşan Cavid Məlikovun ilk döyüş yolu Füzulidən başlayıb. Daha sonra Cəbrayıl, Qubadlı, Laçın və Xocavənddə gedən ağır döyüşlərdə iştirak edərək şərəfli bir döyüş yolu keçib. Noyabr ayının 4-də Laçın dəhlizi uğrunda gedən döyüşlərin birində düşmənin xeyli sayda sanlı qüvvəsini məhv edən Cavid elə həmin döyüşdə qarşı tərəfin atdığı minamyot qəlpəsindən ağır yara alıb və təcili Horadiz hospitalına çatdırılıb. Həyatını xilas edən həkimlər tərəfəndən bir neçə dəfə əməliyyat olunaraq qəlpələr bədənindən xaric edilsə də, hələ də qolunda və bel sütununda ilişib qalmış qəlpələri çıxarmaq mümkün olmayıb.

    İgid qazimizin atası Hüsaməddin Məlikov uzun illər Gəncə mətbəəsində çalışıb. Ailəsinin firavanlığı, qayğılardan uzaq olması üçün hər əziyyətə qatlaşıb. Hazırda təqaüddədir. Anası Nərgiz xanım isə bütün ömrünü övladları Cavid və Zümrüdün təlim-tərbiyəsinə, onları cəmiyyət üçün yararlı, təəssübkeş, vətənpərvər bir ruhda boya-başa çatdırmağa sərf edib desəm, yəqin ki, yanılmaram.

    \Cavid özü haqqında danışmağı o qədər də sevmir. Təvazökarlıq edərək: «Hər bir oğul Vətəni üçün döyüşməli, onu müdafiə etməli, lazım gəlsə canını belə fəda etməlidir. Mən də belə etdim. Burada qeyri-adi heç nə yoxdur» – deyir. Amma şəhid dostlarının ayrılığı ürəyini sıxır. Vətəni müdafiə etməyin «adi»liyindən danışsa da, şəhidliyin qeyri-adiliyini qəbul etməyə bilmir. Bu həqiqəti dərk etməsinə səbəb bəlkə də şəhidliyin bircə addımlığında olması idi.

      «Yaralandığım gün ilk ağlıma gələn anam oldu. Bir gün sonra özümə gəldim və əmim oğluna zəng edib dedim ki, yaralı olduğumu anam bilməsin. Amma bir neçə gündən sonra xəbər tutub atamla birgə müalicə olunduğum Şirvan hospitalına gəlmişdi. Anamın həyəcanını hələ də unuda bilmirəm. Dedi ki, hansı vəziyyətdə olursan ol, təki nəfəsin üstündə olsun. Atam isə: «Səninlə fəxr edirəm, oğul» – dedi. Bu söz mənim ən böyük mükafatım idi.

    O günləri unutmaq çox çətindir. Yuxularımda hələ də özümü müharibədə hiss edirəm. Dostlarımın çoxu şəhid oldu, hətta qollarımın üstündə can verənlər də var idi. Gec-tez hamı dünyasını dəyişir. Amma onların ölümü ali məqamdır, şərəfli ölümdür.  Fikir vermisinizmi, onların ölümü səslənmədə belə fərqlidir. Hər kəsə öldü deyildiyi halda, onlara şəhid oldu deyirlər. Bu fərq ilk andan özünü göstərir. Həqiqətən də onlar fərqli oğullar idi. Axı Vətən uğrunda hər kəs özünü qurban edə bilməz. Bunu bacaran, sözün əsl mənasında qəhrəmandır. Belə olmasaydı Allah onları cənnəti ilə mükafatlandırmazdı. Dost itkisi çox ağırdır. Xüsusən də cəbhə dostu. Amma fikirləşəndə ki, Vətən torpağının işğaldan azad olunması, bütövləşməsi uğrunda canlarını qurban edən bu şəhidlər öz arzularına çatıblar – Qələbə əldə ediblər, onda sakitləşirsən, hətta qürurlanırsan da. Bir də ki, onların yerdə, yaxud göydə olmaqlarının nə fərqi var? Vətənin yeri də, göyü də bizim deyilmi?!» – deyir.

    Hələ də sağalmayan qəlpə yaraları Cavidin qolunda eynən hərbçi paqonundakı kimi ulduzşəkilli şırımlar açıb. Yəqin bu da qəhrəman qazimizi çoxlarından fərqləndirmək üçün Haqqın layiq gördüyü bir rütbədir.

    Cavid Məlikovun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymət-ləndirilib. O,  Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Xidmətlərə görə», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» və «Laçının azad olunmasına görə» medalları ilə təltif edilib.

    Cavid hərbçi olmasa da, özünü hər zaman Vətənin müdafiəsinə hazır hiss edir. Vətən isə məhz belə igid oğulların torpağı olduğu üçün Vətəndir!

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:39

İsmarıclar bağlıdır.