Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Май

    Cəbhə xəttindən xeyli kənarda olmasına baxmayaraq qismətinə şəhidlik  yazılmış gənclərimizdən biri də Tunar Qoşqar oğlu Əliyevdir. Ailənin yeganə oğul övladı olan Tunar düşmən tərəfindən Gəncəyə atılan ilk raketin qurbanı olub. Həmin hadisəni böyük acı ilə xatırlayan şəhid atası Qoşqar Əliyev: «Bəlkə də  döyüşdə olsaydı mənə bu qədər ağır gəlməzdi. Özü öz qisasını alıb deyə təsəlli tapardım. Amma Tunar cəbhə xəttindən kənarda, öz evinin yanında, maşınının içində şəhid oldu. Düşmənin də mərdi, namərdi olurmuş. Bizim qismətimizə namərd düşmən düşüb.

    Belə olmasaydı döyüş bölgəsindən xeyli kənarda yerləşən Gəncə kimi böyük şəhərə, dinc əhaliyə bu cür qadağan olunmuş silahlarla hücum etməzdilər, namərdcəsinə raket atəşinə tutmazdılar. Bu atəşin ilk qurbanı mənim oğlum oldu. Növbəti dəfə isə daha çox dinc sakin hədəfə alındı. Bəlkə də Tunar həyatda olsaydı bütün olanları qorxulu bir yuxu hesab edərdim. Amma təəssüf ki, bu, yuxu deyil.

    Digər tərəfdən də nə yaxşı ki, yuxu deyil. Nə yaxşı ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın qanı yerdə qalmadı. Torpaqlarımız azad edildi, ordumuz qələbə çaldı. Biz şəhid valideynlərinin də yeganə təsəllisi məhz budur» – deyir.

    Tunarın bacısı oğlu 5 yaşlı Furkan isə dayısının yoxluğuna, ümumiyyətlə, inanmır. Hər gün babasının həyətindəki maşını kiçicik əlləri ilə yuyub-təmizləyir, təkərini qaraldır. «Dayım gəlib sürəcək. Qoy gələndə təmiz görüb mənə sağ ol desin» – deyir. Maşın əslində babasının olsa da, açarını gizlədib heç kimə vermir. Beləcə, hər gün illər keçsə də, yaşı 21-dən o yana adlamayacaq  yaraşıqlı, boylu-buxunlu dayısının yolunu gözləyir. Dayı isə atasının yuxuda ona: «Hər tərəf yaşıllaşıb. Gör necə gözəldir! Qayıt evimizə! Hər kəs səni gözləyir» – çağırışına gülümsəyərək: «Bura ordan da gözəldir, ata. Bircə görsəydiniz!» – deyir.

    Tunar – Əliyev Tunar Qoşqar oğlu 1999-cu il may ayının 22-də Gəncədə dünyaya gəlib. Yeddi yaşında yaxınlıqda yerləşən Gəncə şəhər 13 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2017-ci ildə orta təhsilini başa vurub. Bir il sonra günəşli bir may səhərində həqiqi hərbi xidmətə yola düşüb və Bakıda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 2019-cu ilin oktyabr ayında ordudan tərxis olunaraq evə dönüb.

    Ailədə üç uşaq idilər.  Evin sonbeşiyi olan Tunar bacısı Lamiyədən on bir, Əfsanədən isə  altı yaş kiçik idi. Anası Validə xanım göz bəbəyi kimi qoruyurdu oğul balasını. Amma o, ərköyünlük etməzdi. Mehriban, sakit, sözəbaxan uşaq idi.  Bəlkə elə buna görə də atası Qoşqar Əliyev oğlunu arzusunda olduğu «07» maşını ilə sevindirdi. İki aydan sonra isə millətimizə həm oğul itkisi, həm də Vətən qazancı bəxş edərək Qələbə sevinci yaşadan 44 günlük Vətən müharibəsi başladı. İki gün sonra – sentyabr ayının 29-da  Səfərbərlik xidmətindən evə zəng gəldi. Dəstəyi qaldıran Qoşqar Əliyevə: – Tunar hazır olsun, cəbhəyə gedəcək. Vaxtı özümüz zəng edib bildirəcəyik, – dedilər.

    Ata-ana bu xəbərdən həyəcanlansa da, Tunar fərəhlənir, özünü Vətən üçün gərəkli bir vətəndaş kimi hiss edirdi. Şəxsi əşyalarını dostlarına paylayıb: «Bilmək olmaz, döyüşdə şəhid olsam, məndən yadigar saxlayarsınız» – deyir. Amma çağırış gününəcən boş dayanmaq istəmirdi. Yoldaşları ilə yığışıb döyüşçülər, xüsusən də dağlıq ərazidə olan əsgərlər üçün isti geyimlər, lazımı əşyalar alıb aparırdı. Oktyabr ayının 4-də yenidən corab, papaq aldılar. Satıcı: – Əlcəklər sabah olacaq, – dedi.

    Tunar dostlarının dilxorluğunu səngitdi: – Siz narahat olmayın. Səhər  əlcəkləri mən gəlib götürərəm. Bəs maşın neyçündür?

    Razılaşdılar. Evdə onun yuxudan gec qalxmasına adət etmişdilər. Ona görə də bu səhər tez qalxması hər kəsi təəccübləndirdi. Tunar isə tələsik evdən çıxıb maşına oturdu. Bir neçə dəqiqədən sonra ermənilər tərəfindən şəhərə atılan ballistik raket evdən yenicə uzaqlaşıb asfalt yolla şütüyən «07»-nin üstünə düşdü… və 21 illik gənc həyatın nöqtəsinə çevrildi. Və elə o andaca Tunar ömrü əfsanəyə döndü.

    Sahibi kimi özü də böyük xəsarət almış maşın uzun müddət hadisə yerində qaldı. Şəhərə gələn xarici qonaqlara erməni vandallığının sübutu kimi təqdim edildi. Dəfninin üçüncü günü Hərbi komissarlıqdan zəng gəldi:

    – Axşam saat altıda Tunar burada olsun, – dedilər.

    Amma Tunar gedəcəyi yolu artıq qət etmişdi.

    Maraqlı məqam və hələ də yozumu tapılmayan hadisə odur ki, Tunar tez-tez yaxınlarının yuxusuna girib: «Maşınımın açarını verin,» – deyir. Açar hadisə zamanı maşının üstündə olsa da, bir müddətdən sonra itib. Qoşqar Əliyev hər yeri axtarsa, hər kəsdən soraqlasa da, açar tapılmır ki, tapılmır. Hətta qonşu öz yuxusunda başqa bir açarı ona uzadaraq: – Al, bu da açar, – deyib.

     Tunar isə: – O mənim açarım deyil. Mən öz açarımı istəyirəm, – deyərək uzaqlaşıb.

    Yəqin ki, bunun da öz hikməti var. Tunar bəlkə də hər kəs yalnız özünə məxsus olanla və ya öz alnına yazılanla kifayətlənməlidir – demək istəyir. Tale isə onun alnına şəhidlik zirvəsinə ucalmağı yazıbmış. Döyüşdə olub-olmamasının fərqi olmadan.

    Sabah şəhidimizin həmişə 21-də qalacaq 22 yaşı tamam olur. Cənnətdəki ilk ad günün mübarək, Tunar!

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:16

İsmarıclar bağlıdır.