Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Июн
    Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər - yeni perspektivlərAzərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir.
    İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir.

    Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar. Digər tərəfdən, ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir. BTC layihəsinin reallaşdırılması istiqamətində mühüm bir addım kimi, 29 oktyabr 1998 tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında «Bakı-Tbilisi-Ceyhan» Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı «Ankara Bəyannaməsi» imzalanmış, 18 noyabr 1999 tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə «Bakı-Tbilisi-Ceyhan» Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair» Sazişə imza atılmışdır. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. Türkiyə ilə Yunanıstan arasında qaz boru sistemlərinin birləşdirilməsindən sonra isə Azərbaycan üçün bu kəmər vasitəsilə Avropa İttifaqı ölkələrinə qaz ixracı mümkün olmuşdur. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir.Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri ölkələrimizin rəhbərlərinin təşəbbüsü və iradəsi ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti” layihəsinin reallaşdırılması olmuşdur.İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə — TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.Həmçinin, iki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə 2018-ci ilin sentyabr ayında SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını başa çatmış “Star” neft emalı zavodunun açılış mərasiminin keçirilməsini göstərmək olar. Türkiyə və Azərbaycan arasındakı ticarət həcmi 1993-cü ildən etibarən davamlı artım meyli göstərmişdir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir. Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərməkdədir. Yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 2016-cı ildə 12,6 milyard dollara çatmışdır. Bununla da, Türkiyədə investisiya qoyan Azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.

    Son illər Azərbaycan yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.Azərbaycan iqtisadiyyatı çoxfunksiyalı, şaxələnmiş şəkildə inkişaf edir ki, bu da çətin sınaq olan 44 günlük müharibədə öz sözümüzü deməyə imkan verən əsas səbəblərdən oldu. İqtisadi qüdrət, siyasi və hərbi gücü tamamlayan mühüm amildir. Müharibədən sonra da ölkəmiz iqtisadi qüdrətini artırdı. Postmüharibə dövrünün Azərbaycan iqtisadiyyatını qısa şəkildə təhlil etsək görərik ki, xeyli sayda uğurlu gedişlər olub. Azərbaycan iqtisadiyyatının inkişaf tempindən söz açarkən yalnız daxili iqtisadi amillər deyil bir sıra xarici nüansları da qeyd etmək yerinə düşərdi. Hər bir ölkənin siyasi əlaqələrinin yüksək səviyyədə olduğu dostu, əsas strateji müttəfiqi olduğu kimi onun sıx iqtisadi əlaqələr qurduğu yaxın tərəfdaşı da mövcuddur. Azərbaycan üçün belə dövlət, hər iki nüansı özündə cəmləşdirən ölkə məhz Türkiyədir. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri hər zaman bütün istiqamətlərdə strateji önəm daşıyıb. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Rəsmi Ankara 30 il ərzində olduğu kimi ötən il Vətən müharibəsi zamanı da Azərbaycana öz dəstəyini ən yüksək səviyyədə göstərdi və bu siyasi dəstək sonrakı mərhələdə özünü iqtisadi dəstəyin artmasında daha da büruzə vermiş oldu. Artıq Azərbaycan 21-ci əsrin müharibəsini apararaq öz ərazi bütövlüyünü bərpa edib və ölkəmizi yaxın gələcəkdə böyük iqtisadi yeniliklər gözləyir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdi. Məlum olduğu kimi İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq Zəngəzur dəhlizi adlanan bu mühüm layihə yaxın gələcəkdə reallaşacaq. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilib. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Xüsusən də iqtisadi bağlantını. Türkiyəli nazirlə görüşü zamanı bu mühüm məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır. Bütün digər məsələlər də var. Hansılar ki, siz öz həmkarınızla müzakirə edəcəksiniz. Bütövlükdə deyə bilərəm ki, bu sahə həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir”. Həqiqətən də Türkiyə ilə Azərbaycanın iqtisadi bağlarının daha da möhkəm, qırılmaz edəcək sözügedən dəhliz iki strateji müttəfiqin tükənməz iqtisadi potensialını birə-beş artıracaq. Azərbaycan yalnız daxili və xarici iqtisadi amillərdə uğurlar qazanaraq irəliləmir, tərəfdaş və müttəfiqləri ilə nəhəng layihələr qol qoymur, ölkəmiz öz qüdrətini də müəyyən nüanslarla dünyaya nümayiş etdirir, dəyişən, inkişaf edən Bakımız isə bölgədə şəfəq saçmaqda davam edir.

    Dövlətin inkişafını göstərən bir neçə amil var ki, bunlardan biri də idarəetmə strukturlarının yüksək səviyyədə qurulması, təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsidir. Bu illər ərzində ayrı-ayrı dövlət qurumlarının yeni binaları, müasir infrastrukturla qurulan nəhəng sosial obyektlərin şahidi olmuşuq. Bu günlərdə hazır olan İqtisadiyyat Nazirliyinin yeni binası da buna sübut ola bilər. Binanın memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir. Artıq ölkəmiz dünyanın bir sıra inkişaf etmiş dövlətlərində olduğu kimi ən müasir infrastrukturla qurulan, yeni, müasir binalar, memarlıq üslubu göz oxşayan nəhəng tikililərə görə də öz qüdrətini, xüsusən də iqtisadi qüdrətini nümayiş etdirmiş olur. Bu gün Azərbaycan deyəndə güclü valyutası, nəhəng iqtisadi-sosial layihələri, hərbi-siyasi qüdrəti, Müzəffər Ali Baş Komandanı və ən nəhayət nəinki regionda ümumilikdə hazırda dünyada ən böyük quruculuq bərpa işlərinə başlamış möhkəm iqtisadiyyata malik olan dövlət xatırlanır. Beynəlxalq aləm hazırda Azərbaycanın simasında yenilənən, güclənən, iqtisadi qüdrətini inanılmaz dərəcədə artıran bir qədim odlar yurdunu izləyir. Bundan sonra da xalq-dövlət birliyi və iqtisadi qüdrətimizin tükənməzliyi sayəsində ölkəmizin daha da yüksək zirvələri fəth edəcəyi şübhə doğurmur!

    A.M.Bayramov,
    Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, proffessor
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:56

İsmarıclar bağlıdır.