Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Авг

    Qələbəyə bir neçə saat qalmış

    30 illik torpaq həsrətimizə son qoyan 44 günlük Vətən müharibəsinin qələbə ilə sonuclanmasına sağlamlığı ilə imza atan qəhrəman oğullarımızdan biri də  Xəqani German oğlu Qocayevdir. O, 1990-cı il yanvar ayının 29-da Gəncədə anadan olub. 1997-ci ildə Gəncə şəhər 19 saylı tam orta məktəbə gedib. 2006-cı ildə 9-cu sinfi bitirərək təhsilini 27 saylı peşə liseyində davam etdirib. 2009-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib və Beyləqanda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 2010-cu ilin iyun ayında əsgəri xidmətini manqa komandiri kimi başa vuran Xəqani, həm də snayperçi idi. O, nümunəvi xidmətinə görə dəfələrlə komandanlığın yazılı və şifahi təşəkkürnamələrinə layiq görülüb.

    Xidmətini başa vurduqdan sonra doğma şəhərə dönən Xəqani qaynaqçı işləməyə başlayıb. 2011-ci ildə uzaq qohumu olan sevib-seçdiyi Zenfira xanımla ailə həyatı qurub. 2014-cü ildə qızı Salatın, 2019-cu ildə Zəhra dünyaya gəlib.

    27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Xəqaninin hələ uşaqlıqdan qəlbində kök salmış vətənpərvərlik duyğularını yenidən oyadıb. O, 2 gün sonra – sentyabr ayının 29-da könüllü olaraq cəbhəyə gedib. Bir aya qədər Seyfəli paliqonunda təlim keçdikdən sonra cəbhə xəttinə göndərilib. Xəqaninin ilk döyüş yeri Füzuli rayonu olub. Daha sonra Qubadlı, Zəngilan, Hadrut döyüşlərində iştirak edib. Azad olunan torpaqlarımıza Azərbaycanın üçrəngli bayrağının sancılmasında xüsusi xidmətləri olub. Noyabr ayının 7-də Topxana meşəsində mövqe tutan döyüşçülərimizin arasında Xəqani də var idi. Həmin gecə ayağından yaralanan Xəqaniyə komandiri: – Səhər Şuşa uğrunda guclü döyüş olacaq. Sən yaralı halda döyüşə girə bilməzsən. Təcili tibb məntəqəsinə getməlisən, – desə də, Xəqani etiraz edir.

    – Qan axmağına baxmayın, komandir. Yaram elə də ağır deyil.

    – Görürəm axı.

    – Xahiş edirəm, komandir. Məni Şuşanın qələbə sevincini yaşamaqdan məhrum etməyin.

    – Bu sevinci hamımız yaşayacağıq, əsgər! Mütləq!

    Şuşa uğrunda qanlı döyüşlər sübh tezdən başlayıb. Düşmənlə üz-üzə gələn Xəqaninin yaralı olduğu heç yadına da düşmürdü. O, döyüşə yaralı aslan kimi atılmışdı. Xeyli sayda düşmənin canlı qüvvəsini məhv etdi. Təəssüf ki, özü də qəzadan qurtula bilmədi. Qələbəyə bir neçə saat qalmış düşmən tərəfindən atılmış minamyot mərmisindən ağır yaralanaraq huşunu itirdi.

    Öldüyü zənn edilən yaralı döyüşçünü döyüş meydanından çıxarıb şəhidlərlə bərabər Bala Bəhmənli kəndinə gətiriblər. Bir müddət sonra üzündə həyat əlaməti sezildiyini görüb ilkin tibbi yardım göstəriblər. Daha sonra Göygöl qospitalına göndərilib. Xəqani bu gunəcən 6 dəfə tibbi əməliyyat keçirib. Hələ də ayağını yerə basa bilmədiyi üçün növbəti əməliyyata girməyə hazırlaşır. Aldığı kantuziya sinirlərinə güclü təsir edib. Bunula belə: «Lazım gələrsə, bu yaralı halımla yenə də döyüşlərə atılmağa hazıram. Vətənə canım fəda olsun» – deyir.

    Xəqaninin düşmənə olan nifrətinin kökündə həm də qisas hissi durur. Onun ailəsi bir çox azərbaycanlı ailələr kimi yağı düşmənin vəhşiliyinin şahidi və qurbanı olanlardandır. Bu haqda Xəqani özü belə deyir: «Atamgil Qərbi Azərbaycandan 1988-ci ildə qaçqın düşüblər. Həmin dövrdə atamla anam yenicə ailə qurublarmış. Qardaşım Şahbaz hələ 2 aylıq imiş. Ermənilər onun bələyini anamın əlindən alıb yerə çırpıblar. Uşaq tələf olmasa da, zədə alıb.  Sonralar nə qədər müalicə olunsa da, xeyri olmadı və qardaşım həmin fəsadın nəticəsi olaraq 28 yaşında dünyasını dəyişdi. Atam isə öz ata-anasını, bacılarını, ailəsini sərhəddən keçirə bilsə də, özü ermənilərə əsir düşüb. Uzun müddət onların əlində girov qalıb. Qayıdanda artıq yataq xəstəsi idi. Hazırda 1 qrup əlildir. Ən əsası isə ata-baba yurdumun düşmən tapdağı altında olması həmişə məni narahat edib. Şadam ki, əldə etdiyimiz qələbədə az da olsa, mənim də payım var. Bu gün çox böyük qürur hissi keçirirəm ki, sağlamlığım bahasına da olsa, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda mən də vuruşmuşam, qan tökmüşəm. Elə bilirəm ki, hər bir Vətən oğlu üçün bundan şərəfli heç nə ola bilməz».

    Xəqani Qocayevin igidliyi dövlətimiz tərəfindən də yüksək  qiymətləndi-rilib. O, Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Döyüşdə fərqlənməyə görə», «Vətən uğrunda» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

    Qəzan mübarək olsun, igid qazimiz!

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:30

İsmarıclar bağlıdır.