Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Сен

    Yaralı aslana bənzəyən qazi

    Qələbə müjdəli Vətən müharibəsinin qəhrəman qazilərindən biri də Babək Samir oğlu İsmayılovdur. Babək 1993-cü il mart ayının 27-də qədim və ulu Gəncədə dünyaya gəlib. 1999-cu ildə Samux rayon 2 saylı tam orta məktəbin birinci sinfinə gedib və 2010-cu ildə orta təhsilini başa vurub.

    Babək İsmayılov eyni zamanda Cəncə şəhər Uşaq-Gənclər idman məktəbində kikboksinq üzrə idmanla məşğul olub. Əməkdar məşqçi İlqar Alıyevin yetirməsi olan Babək müxtəlif yarışlarda uğurlu nəticələr əldə edib. 2007, 2008, 2009 və s. illər olmaqla 5 qat respublika çempionu adını qazanıb. 2011-ci ilin aprel ayında Naxçıvanda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 2012-ci ilin oktyabr ayında hərbi xidmətini uğurla başa vuraraq evə dönən Babək Gəncə Aviasiya təmiri zavodunun mühafizə xidmətində çalışıb. Hərbi sahəyə olan marağı onu yenidən müddətdən artıq hərbi xidmətə cəlb edib. 2016-cı ildə Qəbələdə yerləşən «N» saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb.

    27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi əksər Vətən oğulları kimi Babəkin də şərəfli ömür tarixçəsinə qızıl hərflərlə yazılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində 2 həftəlik döyüş təlimi keçən xüsusi təyinatlı dəstənin üzvü Babək oktyabr ayının 11-də ön cəbhəyə yola düşüb. İlk döyüş yolu Füzulidən başlayıb. Daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut döyüşlərinin fəal iştirakçısı olub. Noyabr ayının 4-dən isə Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Şuşanın işğaldan azad olan günü – noyabr ayının 8-də, səhər saatlarında düşmənin atdığı minamyot qəlpəsi ilə sol qolundan ağır yaralanıb və təcili Füzuli qospitalına çatdırılıb. Daha sonra Qazax Mərkəzi xəstəxanasına göndərilib.

    «Gecə xəstəxanada böyük səs-küy qopdu. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Sonra bildim ki, qələbə xəbəri gəlib. Çox qəribə hissdir. Bilmədim ağlayım, yoxsa gülüm. Amma ilk yadıma düşən şəhid dostlarım oldu. Təəssüf etdim ki, bu xəbəri eşidə bilmədilər…» – deyir və o günlərin həyəcanlı anlarını yenidən yaşayır yaralı döyüşçü. Döyüş səhnələrini, cəbhə dostlarını yada salır, göz yaşlarına hakim ola bilmir. Pəhləvan cüssəsi ilə düşmən bağrı yaran Babək döyüşdən danışarkən yaralı aslana bənzəsə də, şəhid dostlarının adını çəkəndə kövrəlir: – Neçəsi qollarımın üstündə can verdi. Birinin toyu olacaqdı, birinin körpə balası dünyaya gəlmişdi, heç üzünü də görə bilmədi. Biri anasının yeganə ümid yeri idi…Kömək edə bilmədim heç birinə. Təsəvvür edin ki, gözlərinin qabağında dostun ölüb gedir, sən isə heç nə edə bilmirsən… (üzünü əlləri ilə qapayıb kövrəldiyini gizlətməyə çalışır). Bu, düşmənə olan nifrət hissimizi daha da artırır, daha çox düşmən məhv etmək, daha çox qisas almaq istəyimizi gücləndirirdi. Vətən üçün lazım gəlsə, yenə də əlimə silah almağa hazıram. Yeganə təsəllim də məhz budur ki, onlar ölmədilər, Vətən uğrunda şəhid oldular. Hər bir vətənpərvər döyüşçü bu ali məqama çatmağı arzulayır. Lakin bu ali məqam hər kəsə nəsib olmur. Xoşbəxtəm ki, Ali Baş Komandanın əmri ilə döyüşə atılaraq torpaqlarımızın yağı düşməndən azad olunması uğrunda mübarizəyə qalxan və bu mübarizəni qələbə ilə başa vuran Vətən oğullarından biri də mənəm, – söyləyir.

    Babək vətənpərvər bir ailədə boya-başa çatıb. Atası Samir İsmayılov və anası Aygün xanım övladlarının hər üçünü – Sabiri, Seymuru və sonbeşik Babəki əsl kişi kimi, Vətənə, el-obaya arxa, dayaq olacaq cəsarətli oğullar kimi yetişdiriblər. «Oğul övladı böyütmək daha çox məsuliyyət tələb edir. Çünki onlar bizim gələcəyimiz, müdafiəçilərimizdir. Hər zaman çalışmışam ki, övladlarımı məhz bu ruhda tərbiyə edim. Babəkin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əziyyətimin hədər getmədiyinə sübutdur» – söyləyir qazi atası.

    Babək İsmayılovun döyüşdə göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, Respublika Prezidentinin müvafiq sərəncamı ilə «Vətən uğrunda» və «Şuşanın azad edilməsinə görə» medalları ilə təltif edilib. Babəkin ən böyük mükafatı isə, özünün də dediyi kimi, işğaldan azad edilməsi uğrunda qan tökdüyü torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasıdır!

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:13

İsmarıclar bağlıdır.