Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Окт

    Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq beynəlxalq hüquq normaları  kobud şəkildə pozulmaqla 44 günlük Vətən müharibəsinin gedişatında cəbhə bölgəsindən uzaq, mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmuşdur. Hərbi əməliyyatların getdiyi zonadan uzaqda yerləşən müxtəlif rayonları və şəhərləri hədəf almaqla Ermənistan hərbi-siyasi rəhbərliyi əsas niyyətinin azərbaycanlılara qarşı soyqırım törətmək olduğunu göstərdi.

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması nəticəsində 93 mülki şəxs, o cümlədən 12 uşaq və 28 qadın həlak olub, 423 şəxs, o cümlədən 51 uşaq və 104 qadın yaralanıb, Gəncə şəhərində çoxmənzilli 10 bina da daxil olmaqla 264 ev tamamilə dağıdılıb.

    Qeyd edək ki, beynəlxalq humanitar hüququn tələblərinə əsasən silahlı münaqişə tərəfləri rəqiblərinin statusunu dəqiqliklə müəyyən etməli və hərbi əməliyyatları bu kriteriyalara riayət edərək, həyata keçirməlidir. Sırf bütün bunlara görə beynəlxalq humanitar hüquqda “kombatant” anlayışı yer alır ki, bu da döyüşdə bilavasitə iştirak edən silahlı şəxslərdir. Yəni silahlı münaqişə zamanı hədəf kimi yalnız kombatantlar seçilə bilər. Bunun əksinə olaraq mülki şəxslər silahlı qüvvələrin heyətinə daxil olmayan şəxslərdir (Cenevrə konvensiyalarına Əlavə I Protokol, 50-ci maddə, 1-ci bənd). Beynəlxalq humanitar hüququn əsas vəzifəsi də bu mülki şəxsləri, yaralıları və hərbi əsirləri qorumaqdır. Göstərilən beynəlxalq norma və prinsiplərə əsaslanaraq əminliklə söyləyə bilərik ki, Ermənistan tərəfinin humanitar hüquq normalarına əsasən hərbi hədəf olmayan, hərbi əməliyyatların gedişatında hərbçilərə, yəni kombatantlara aid olmayan mülki əhaliyə, qadınlara, qocalara, uşaqlara atəş açmaqla hərbi həmlə etməsi beynəlxalq hüququn ən ciddi hesab edilən pozuntusu sayılır.

    “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 147-ci maddəsində aşkar şəkildə göstərilir ki,  mülki şəxslərə qarşı qəsdən adamöldürmə, işgəncə və ya qeyri-insani rəftar, o cümlədən yaşayış məntəqələrində hərbi zərurət olmadan böyük miqyasda dağıntılar törədilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntu hesab edilir.Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə və digər yaşayış rayonlarımıza ağır artilleriya və uzaqmənzilli raket hücumu nəticəsində mülki sakinlər qəsdən öldürülmüş, həyat və sağlamlıqları üçün təhlükəli olan xəsarətlərə məruz qalmış, həmçinin yaşayış məntəqələrində hərbi zərurət olmadan böyük miqyasda dağıntılar törədilmişdir ki, bununla da qeyd edilən konvensiyanın 147-ci maddəsi kobud şəkildə pozulmuşdur.

    Təbii ki, düşmənin mülki yaşayış sahələrinə raket hücumunun əsas məqsədlərindən biri də əhali arasında vahimə yaratmaq, və mülki sakinləri hədələməkdir ki, bu əməllər də  Cenevrə konvensiyalarına Əlavə I Protokol 51-ci maddəsinə əsasən qadağandır. Həmin maddədə göstərilir: «Başlıca məqsədi mülki əhali arasında qorxu yaymaq olan zorakılıq hərəkətləri və zorakılıqla hədələmə qadağandır».

    Ermənistan silahlı qüvvələrinin qeyd edilən cinayətlərinin ifşa edilməsində Ombudsman tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyaların rolu olduqca əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsi zamanı və post-müharibə dövründə Ombudsman xanım Səbinə Əliyeva müntəzəm olaraq cəbhə bölgəsində yerləşən rayonlara səfərlər etməklə Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə tutması nəticəsində həlak olan, yaralanan, habelə mülkiyyətlərində olan əmlakın dağıdılması ilə əlaqədar külli miqdarda ziyan dəymiş şəxslərin insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasına dair real faktları yerində araşdırmışdır. Bu cür faktaraşdırıcı missiyalar Vətən müharibəsinin gedişatında  Gəncə şəhərində müxtəlif vaxtlarda Ombudsman Səbinə Əliyevanın bilavasitə iştirakı və rəhbərliyi ilə 4 dəfə həyata keçirilib. Həmçinin yoğun atəş altında qalan digər yaşayış məntəqələrindən Naftalan, Tərtər və Bərdədə də analoji missiyalar icra olunub. Ombudsman tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyaların məqsədi Ermənistan silahlı qüvvələrinin şəhər və rayonlarımızda törətdiyi növbəti müharibə cinayəti və terror aktı nəticəsində baş vermiş insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dinc əhaliyə dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması olmuşdur. Faktaraşdırıcı missiyalar çərçivəsində müəyyən edilmişdir ki, təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyihə yönəlmiş cinayətkar əməllərindən əl çəkməyən işğalçı Ermənistan Respublikası tərəfindən BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiya”nın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası”nın, “Uşaq hüquqları haqqında Konvesiyası”nın müddəaları pozulmuşdur. Ombudsmanın dəvəti ilə faktaraşdırıcı missiyalara beynəlxalq tərəfdaşlar da dəvət edilmişdir və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun Ombudsman xanım Səbinə Əliyeva ilə birgə Ermənistan terrorunun qurbanına çevrilən Gəncə şəhərinə etdikləri birgə faktaraşdırıcı missiya səfəri çərçivəsində zərər çəkmiş obyektlərin, o cümlədən də tarixi-dini abidələrini monitorinqini həyata keçirmişlər. Təqdirəlayiq haldır ki, həmin missiya nəticəsində Türkiyə Respublikasının Baş Ombudsmanı da erməni terror hücumu barədə ayrıca hesabat hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə təqdim etmişdir.

    Qeyd edək ki, həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticəsində Ombudsman tərəfindən hazırlanan hesabatlar Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı və gələcəkdə qaldıracağı hüquqi iddiaların əsaslandırılmasında, hüquqi arqumentlərimizin gücləndirilməsində, Ermənistanın törətdiyi cinayətlərin faktaloji sübutlarla ifşa olunmasında geniş istinad mənbələridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Ermənistana qarşı 15 yanvar 2021-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsində, həmçinin 23 sentyabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialarda bir sıra faktaloji məmbələrlə yanaşı Azərbaycan Ombudsmanının da hesabatlarına istinadlar olunaraq vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.

    Ombudsmanın faktaraşdırıcı missiyaları nəticəsində hazırladığı hesabatları insan hüquqları sahəsində fəlaiyyət göstərən beynəlxalq QHT-lər və nüfuzlu qurumların da diqqətini cəlb edir və Azərbaycanın haqq işinin dünya miqyasında tanıdılmasına öz səmərəli töhfələrini verir. Bu cür müsbət nəticələrdən biri də Britaniyadan olan beynəlxalq hüquqşünasların hazırladığı hesabatın nümunəsində qeyd oluna bilər. Belə ki, nüfuzlu beynəlxalq hüquqşünaslardan ibarət olan “9 Bedford Row” qrupunun araşdırması nəticəsində hazırladıqları müstəqil hesabatda  ikinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlər ifşa olunmuşdur. Bu hesabatın hazırlanmasında Ombudsmanın hesabatlarından da geniş istifadə olunmuşdur ki, bu da Ombudsmanın faktaraşdırıcı missiyalarının əhəmiyyətini bir daha təsdiqləyir.

    Sonda qeyd etmək istərdik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşməni döyüş meydanında diz çökməyə məcbur edən xalqımız beynəlxalq hüquq müstəvisində də qələbə çalaraq Ermənistanın mənfur əməllərinə görə beynəlxalq məsuliyyətə cəlb olunmasına  nail olacaqdır.

    Səbuhi ABBASOV,

    Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri

     

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:47

İsmarıclar bağlıdır.