Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Авг

    (Müsahibimiz Heydər Əliyev park kompleksinin rəisi İlyas Məmmədovdur)

    Qısa tanıtma: İlyas Rəfi oğlu Məmmədov 1959-cu il dekabr ayının 16-da Tərtər rayonunun Cəmilli kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra  Azərbaycan Kənd Təsərrüfatı institutuna (indiki ADAU) qəbul olub 1981-ci ildə ali təhsilini zoomühəndislik ixtisası üzrə başa vurub. Əmək fəaliyyətinə rayonun kənd təsərrüfatı sahəsindəixtisasına uyğun olaraq heyvandarlıq komplekslərində başlayıb. Qısa müddətdən sonra heyvandarlıq kompleksinə müdir təyin edilib. Bir neçə ildən sonra işgüzarlığı, bilik bacarığı ilə rayon rəhbərliyinin diqqətini cəlb edən gənc İlyas rayon partiya komitəsinə irəli çəkilib.

    Üç il sonra – 1992-ci ildə Birinci Qarabağ savaşına qatılıb. Uzun şərəfli bir döyüş yolu keçib. Ağdam, Ağdərə, Murovdağ istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub. 1994- ilin may ayında elan edilmiş atəşkəsdən sonra öz mülki işinə qayıtmaq istəsə , komandanlığın: «Sən hərbi sahəyə daha çox lazımsan» – deməsi gənc zabitin ömrünün ən qaynar bir dövrünü hərbi sahəyə həsr etməsinə səbəb olub. Tabor komandiri olan İlyas Məmmədov mayor rütbəsinəcən yüksəlib.

    2002-ci ildə ordudan tərxis olanaraq ehtiyatda olan zabit kimi təqaüdə çıxıb. Yenidən doğulduğu rayona dönən İlyas Məmmədov  müxtəlif illərdə seçki komissiyasının sədri, icra nümayəndəsi, rayon icra hakimiyyətində baş məsləhətçi . digər vəzifələrdə çalışıb. 2011-ci ildən ömür yolunu qədim ulu Gəncə ilə bağlayan İlyas müəllim Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəis müavini olaraq şəhərin abadlığında, genişmiqyaslı quruculuq işlərində yaxından iştirak edib. 2014- ilin iyun ayından Heydər Əliyev park kompleksinin rəhbəridir.

    İlyas müəllim, gəlin söhbətimizə Heydər Əliyev parkkompleksin tanışlığı ilə başlayaq.

    Parkın təməli uzun illər əvvəl qoyulub və Xatirə parkı adı ilə fəaliyyət göstərib. Daha sonra baxımsızlıq ucbatında bərbad hala düşüb. Ulu Öndər Heydər Əliyevin adına yenidən inşa edilən parkın təməl daşı 21 yanvar 2012-ci ildə qoyulub. İki il sonra – 21 yanvar 2014-cü ildə Respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ictimaiyyətə təqdim edilib. Park-kompleksi haqlı olaraq möcüzə adlandıran ölkə başçısının dediyi: «Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın 5 ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı – nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir» – sözlərini indi də qürur hissi ilə xatırlayırıq.

    Park 450 hektar ərazini əhatə edir. Kompleksin qeyri-adiliyi elə girişindən hiss olunur. Sıralanmış şam ağacları mühafizəkarlığın rəmzi kimi ilk baxışdan diqqəti cəlb edir. Göz oxşayan dekorasiya, yaşıllıq, gül-çiçək gözəlliyi və əlvanlığı ilə göz oxşayır.

    1100 kv.m ərazidə inşa edilən Zəfər tağının hündürlüyü 40 metrdir. 7 mərtəbədən, 6 açıq eyvandan ibarətdir. Ətrafı seyr etmək üçün burada 35 metr hündürlüyündə meydança da var.

    Burada fəaliyyət göstərən möhtəşəm Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

    Kompleksdə kafe, əyləncə mərkəzi, istirahət mərkəzləri, velosiped kirayəsi məntəqəsi, həmçinin müxtəlif uşaq əyləncə attraksionları fəaliyyət göstərir. 7 hektardan artıq sahəni əhatə edən və açıq havada inşa edilən «GəncLand» iki il ərzində ərsəyə gəlib. «GəncLand»da uşaqlar üçün amfiteatr da inşa olunub. Bundan başqa istirahət mərkəzi ərazisində 20 ədəd müxtəlif attraksion, Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerika attraksionu quraşdırılıb.

    “GəncLand”da həmçinin müxtəlif cizgi filmlərinin qəhrəmanları, 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər sanki balacaları nağıllar dünyasına səyahətə çıxarır. Kiçik nağıl şəhərciyində 15 maşını olan avtodrom, oyun meydançası da fəaliyyət göstərir.

     Girişdən başlayıb Mərkəzə qədər uzanan məsafədəki 17 ədəd fəvvarə və 32 bəzəkli guşə – skver xüsusi gözəllikləri ilə seçilir.

    Parkın gecələri daha cəlbedicidir desəm, səhv etmərəm.

    Mərmər dirəkli işıq fanarları ilə yanaşı, ekzotik görkəmli işıqlar, ağacları nura qərq edən kiçik şamdanlar, şarlar, fontanlara yaraşıq verən və 7 rəngli libası ilə bərq vuran işıqlar parka sirli-sehirli bir ab-hava bəxş edir.

    Həmişəyaşıl uca yaşıl şam ağacları ilə əhatə olunmuş 7 kilometrlik rahat yol velosiped sürmək və ya piyada gəzintiyə çıxmaq istəyənlərin ixtiyarındadır.

           – Rəhbərlik etdiyiniz bu park-bulvarı necə təqdim edərdiniz?

    – Əvvəlcə onu deyim ki, Ulu Öndərin adını daşıyan bir məkanda çalışmaq mənim üçün böyük şərəfdir. Artıq 7 ildir ki, burada işləyirəm. Və hər zaman işimlə, əməlimlə bu ada layiq olmağa çalışmışam. Bu məkanı gəncəlilərin birgə əməyinin məhsulu olan müqəddəs bir ziyarətgah kimi təqdim edərdim. Ümumiyyətlə, bu park gəncəlilərin həmrəylik simvolu kimi xarakterizə olunmalıdır. Burada hər kəsin müəyyən dərəcədə rolu və əməyi vardır. Birlik  dirilikdir, – deyib atalarımız. Möhtəşəm qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi bu deyimi bir daha təsdiqlədi. Xalqımız bu zəfəri məhz birliyi, möhtərəm Prezidentimizin də dediyi kimi dəmir yumruq kimi birləşməyi ilə əldə etdi.

    Yeri gəlmişkən onu da deyim ki, Vətən müharibəsində 12 əməkdaşımız iştirak edib. Təəssüf ki, onlardan biri – Nadir Abbasquliyev şəhid olub. Turqut Ələsgərov isə qazidir. Digərləri –  Nicat Rzayev, İlkin Əhmədov, Kamal Nəbiyev, Xəyyam Həsənov, Tural Həsənov, Rüstəm Nəsirov, Teymur Əsgərov, Elvin Abdıyev, Elməddin Hacıyev və Tahir Ələsgərov yenidən öz işlərinə davam ediblər.

           – Sizin rəhbərlik səriştəniz gənc yaşlarınızdan özünü büruzə verib. Hələ 23 yaşınız olarkən böyük bir təsərrüfata rəhbərlik etmisiniz, 27 yaşınızda dövrün ən nüfuzlu təhsil müəssisəsi olan ali patriya məktəbində təhsil almısınız. Uzun müddət sərt qanunları ilə diqqət çəkən hərb sahəsində çalışmısınız. Bu illərin təcrübəsi sizə nələri əxz etdirdi?

    – Məsuliyyətli və çalışqan olmağı. Vicdanı unutmamağı. Bu illər ərzində bir daha əmin oldum ki, hər hansı sahədə uğur əldə etməyin yolları məhz bu insani keyfiyyətlərdən keçir.

    – Parkın bitki örtüyü daha geniş söhbətin mövzusudur. Çünki çox zəngin və rəngarəngdir. Xarici ölkələrdən gətirilmiş bitki növlərini bizim relyefə uyğunlaşdırmaq, onların yaşaması, özlərini burada bir növ qərib hiss etməməsi üçün lazımi şaraiti yaratmaq, sözsüz ki, asan məsələ deyil.

    – Doğrudur. Əslində bu sualı mənə tez-tez ünvanlayırlar ki, xaricdən gətirilmiş bitki və gül kollarını yerli iqlimə necə uyğunlaşdırırsınız. Mənim bir cavabım var; sadəcə qulluq edirik. Bəzən çətin olur, çox vaxt aparır. Amma heç nə mümkünsüz deyil. Burada hər bir iş qrafiklə görülür. Hər saatın, hər dəqiqənin öz iş cədvəli var. Təcrübəli və peşəkar mütəxəssislərlə işləyirik. Öz işinin ustası olan aqronomlarımız, bağbanlarımız bitkiyə necə qulluq etməyin qaydasını gözəl bilirlər. Nəzərə alsaq ki, indi İnternet əsridir, hər hansı bitkinin xüsusiyyəti, aqrotexniki qulluğu haqqında lazımi məlumatları əldə etmək o qədər də çətin deyil, onda məsələnin mahiyyətinə daha dərindən varmış olarıq.

    – Yeri gəlmişkən, bildiyimə görə həyat yoldaşınız Zeynəb xanım da ixtisasca aqronomdur. Yəqin ki, çətinliyə düşəndə onun məsləhətindən istifadə edirsiniz.

    – Hərdən olur. Bu yaxınlarda cırtdan zanbaqların soluxmasının səbəbini məhz həyat yoldaşım təyin etdi. İşimizə xeyli köməyi oldu.

    – Burada güllər, çiçəklər kimi, ağaclar da müxtəlifdir.

    – Hətta bitkilərin növ sayını da təyin etmək mümkün deyil. Lap elə götürək şam ağacını. Burada şam ağacının onlarla növü vardır. İtaliyadan gətirilmiş zeytunların bir neçə növü vardır. Aralarında 300-ə qədər yaşı olanlar da var. Amerika tuyalarının, maqnoliyaların növləri daha çoxdur. Həmişəyaşıl şəmşidlərin müxtəlif növləri vardır. Parkın əzəmət simvolu olan Xan çinarlardan danışmaq istəyirəm. Ulu Öndər Heydər Əliyevin 80-ci illərin əvvəllərində öz əli ilə burada əkdiyi Xan çinar onun ideya və arzularının rəmzi kimi qollu-budaqlı, uca və əzəmətli bir ağaca çevrilib. Bu möhtəşəm çinar parkımıza istirahətə gələn nəinki yerli sakinlərin, hətta xarici vətəndaşların da böyük marağına səbəb olur. Hər kəs böyük məmnunluqla onun göylərə baş çəkən əzəmətini seyr edir, fəxarət hissi yaşayır. Həmin çinarın əks istiqamətində isə ölkə Prezidenti cənab İlham Əliyevin əkdiyi çinar ağacı öz məğrur görünüşü ilə seçilir. Buradakı çinarlar da növ müxtəlifliyi ilə diqqət çəkir. Şəhidlərimizin xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasını xüsusi qeyd etmək istəyirəm. Həmin gün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq onların sayı qədər ağac əkildi. Aradan az müddət keçsə də, bu ağacların hər biri özünü tutub və boyatma dövrünü yaşayır. Bütün bunlar isə düzgün aqrotexniki qulluğun, diqqət və qayğının nəticəsidir.

    – Park florasının zənginliyi ilə insanları heyran etməyi bacarıb. Ətrafı seyr edəndə fauna müxtəlifliyini də fiqurlar, maketlər vasitəsi ilə dəf etməyə çalışdığınızın şahidi oluruq.

    – Əslində parkın geniş olmasa da, müəyyən qədər fauna nümunələri vardır. Dələlərin sayı xeyli artıb. Burada dələlər üçün yuvalar asmışıq, normal yaşamaları üçün münbit şərait yaratmışıq. Müxtəlif quş növləri var. Son dövrlərdə parkın ərazisində boz dovşanlara, şələquyruq tülkülərə də rast gəlmək olur. Heyvanat aləminin digər  müxtəlifliyini isə, dediyiniz kimi, fiqurlar vasitəsilə göstərməyə çalışırıq. Əzəmətli pələng, ürkək ceyran, qaragöz maral, otlayan quzu və s. fiqurları ilk baxışda canlılardan seçmək çox çətindir.

    – Bir az da gələcək planlarınız haqqında danışmaq istəyərdik.

    – Nə qədər gözəl olur-olsun, yeknəsəqlik insanı müəyyən vaxtdan sonra yorur, darıxdırır. Bu mənada hər zaman yenilik etməyə çalışırıq. Əlbəttə ki, orijinala xələl gətirmədən. Bir neçə  ildir ki, üzərində işlədiyimiz yaşıl  tunelin açıq yerləri artıq örtülmək üzrədir. «Qarabağ Azərbaycandır» maketi isə son ayların əl işidir. Digər yeniliklərimiz də qonaqlar və sakinlər tərəfindən maraqla qarşılanır. Yaxın gələcək üçün bəzi planlarımız da var ki, onları hələlik açmaq istəmirəm.

    – Bu isə yəqin ki, sürpriz etməyi sevən insan olduğunuz üçündür.

    – Belə də demək olar. Amma ən əsası danışmaqdan daha çox iş görməyi sevən insan olduğum üçündür.

     – Uzun illər hərbi sahədə çalışmısınız. Keçmiş hərbçi kimi adət etdiyiniz bir məqam varmı?

    – Əlbəttə. Məsələn, mənim üçün ən vacib məsələ şəxsi heyəti qorumaqdır. Hərbidə də belə idi. Günün müəyyət vaxtlarında işçilərə günəş şüasından qorunmaları üçün işə çıxmağa icazə vermirəm. Nəzarətsiz saxlamaq mümkün olmayan yerlərdə isə hər saatdan bir növbə dəyişir.  

    – Park gündən-günə gözəlləşən şəhərimizin sanki daha parlaq zinət əşyasıdır, desəm yəqin ki, səhv etmərəm.

    – Doğrudur. Əvvəllər şəhərimizdə gəzməli yerləri barmaqla saymaq olardısa, indi gələn qonaq şəhərin görməli yerlərini gəzib qurtara bilmir. Şəhərimiz o qədər gözəlləşib ki, bununla sadəcə qürur hissi keçirmək olar. Heydər Əliyev park kompleksi isə nəinki gözəlliyinə, hətta sahəsinin genişliyinə görə də bütün park və xiyabanlardan seçilir. Bu birinciliyi saxlamaq nə qədər çətin olsa da, şərəflidir. Ən əsası isə biz hər zaman  Ulu Öndərin adına layiq olmağa çalışır, bu adın şərəf və ləyaqətini uca tuturuq.

    – Maraqlı söhbət üçün təşəkkürümüzü bildiririk. Çox sağ olun.

    – Siz də sağ olun.

    Söhbəti apardı:

    Fərruxə UMAROVA

     

     

     

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:47

İsmarıclar bağlıdır.