Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,702
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Авг

    14 il ərzində ölkə əhalisi 1,5 milyon nəfər artıb

     Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 9 milyon 929 min 113 nəfər olub. İlin ilk 5 ayı ərzində əhali 0,3 faiz artıb.

    Azərbaycanda əhali əsasən təbii artım hesabına çoxalır. Yəni, doğulanların sayı ölənlərin sayını üstələyir. Sözügedən dövrdə də belə olub. Ölkədə 55 min 653 körpə həyata göz açıb. Dünyasını dəyişənlərin sayı isə 25 min 257 nəfər təşkil edib. Beləliklə, doğulanların sayı ölənlərin sayından iki dəfədən də artıqdır.

     

    Ölkədə əhali əsasən təbii və qismən

     

    miqrasiya yolu ilə çoxalır

     Keçən il Azərbaycanda əhali 0,9 faiz artıb. Ölkədə 144 min 41 körpə dünyaya göz açıb. Bu, hər gün orta hesabla 395, saatda isə 16 uşağın doğulması deməkdir. 1293 ailə əkiz övlad sahibi olub. 19 ailə isə üçəmlə sevinib.

    Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların əmsalı 14,8 təşkil edib. Lənkəran, Dağlıq Şirvan, Aran, QubaXaçmaz və KəlbəcərLaçın iqtisadi rayonlarında bu göstərici ölkə səviyyəsindən yüksək olub.

    Ölkədə qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir, yəni, dünyaya körpə gətirmək yaşındadır.

    Son illərdə Azərbaycan əhalisinin artımına müəyyən dərəcədə miqrasiya da təkan verir. Ölkəyə daimi yaşamağa gələnlərin sayı buradan birdəfəlik köçüb gedənlərin sayını bəzən bir neçə dəfə üstələyir. Məsələn, bu ilin yanvarmay aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana 1605 nəfərin daimi yaşamağa gəldiyini qeydə alıblar. Həmin dövrdə ölkəni 553 nəfər biryolluq tərk edib. Beləliklə, Azərbaycanı daimi yaşayış yeri seçənlərin sayı buradan köçüb gedənlərdən üç dəfəyə qədər çoxdur. Statistik terminlə desək, ölkədə miqrasiyanın saldosu müsbətdir.

    Nazirlər Kabinetinin 2017-ci ilin sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim gücümüzdür, gücümüzü artırır. Eyni zamanda, qarşımızda vəzifələr qoyur”.

    Ölkədə çoxsaylı iş yerlərinin yaradılması indi uşaq və yeniyetmə olan Azərbaycan vətəndaşlarının sabahına, yeni məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin tikilməsi əhalinin getdikcə artmasına hesablanıb. Başqa sözlə, dövlət əhalinin artımını nəzərə alaraq məqsədyönlü sosialiqtisadi tədbirlər həyata keçirir.

    Dünyanın bir sıra ölkələrində isə demoqrafik böhran yaşanmaqdadır. Bir çox yerlərdə əhali təbii yolla azalır, yəni, doğumun səviyyəsi aşağı düşür, ölənlərin sayı artır. Nəticədə dünyadan köçənlərin sayı anadan olanların sayını üstələyir. Elə ölkələr də var ki, orada əhali miqrasiya nəticəsində azalır. Yəni, həmin ölkədən xeyli insan daimi yaşamaq üçün köçüb digər yerlərə gedir. Bir sıra ölkələrdə bu mənfi halların hər ikisi müşahidə olunur ki, bu da əsl demoqrafik böhran yaradır. Demoqrafik böhran isə ən ağır böhranlardan biri sayılır.

    Azərbaycanda əhalinin sayı ildənilə çoxalır və artıq 10 milyon nəfərə çatmağa yaxınlaşır. 14 il ərzində ölkə əhalisi 1,5 milyon nəfər artıb.

     

     

    Bəs qadınların sayı niyə azalır

     İkinci Dünya müharibəsindən əvvəlki illərdə respublika əhalisinin ümumi sayında kişilərin xüsusi çəkisi qadınlardan çox olsa da, sonrakı illərdə əhalinin ümumi sayında qadınlar həmişə üstünlük təşkil edib. Lakin 2003-cü ildən etibarən kişilərin sayı tədricən artmağa başlayıb və 2014-cü il yanvarın 1-i vəziyyətinə əhalinin 49,7 faizi qədər olub.

    Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azalıb. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizə, sonrakı dövrdə bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır.

    2016-2017-ci illərdə doğulan körpələrin 46,8 faizini qızlar təşkil edib. Başqa sözlə desək, yeni doğulan hər 100 qıza 114 oğlan düşür. Bioloji normaya görə isə 114 deyil, 105-107-dir.

    Aydın məsələdir ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Beləliklə də ölkədə qadınların sayı getdikcə azalır. Hazırda qadınlar ölkə əhalisinin 50,1 faizini təşkil edir. 2008-ci ildə bu rəqəmin 51 faiz, 2012-ci ildə 50,4 faiz, 2015-ci ildə 50,2 faiz olduğunu və indi artıq 50 faizə çatmağına az qaldığını nəzərə alsaq, deyilənləri bir daha təsdiq etmiş olarıq.

    Bəs qadınların sayı niyə azalır? Əlbəttə ki, yeni doğulan qızların sayı azaldığı üçün.

    Dünyaya göz açan oğlan və qız uşaqları arasında demoqrafik balansın pozulmasının əsas səbəbi hamıya bəllidir. Bu, selektiv abortlardır. Belə ki, gənc valideynlər UZİ (ultrasəs müayinəsi) vasitəsilə hələ dünyaya göz açmamış körpənin cinsini müəyyənləşdirir və uşağın qız olduğunu biləndə onu məhv etməyə qərar verirlər. Bu, insanlıq baxımından böyük günah olmaqla bərabər, yaxın gələcəkdə baş verəcək ciddi demoqrafik pozuntuların da təməlini qoyur. Belə çıxır ki, 20-30 ildən sonra Azərbaycan çətin bir sosial problemlə üzləşə, xaricdən gəlin idxal etməliola bilər.

    Uşağın ana bətnində ikən cinsinin müəyyənləşdirilməsinə maraq və bundan törəyən fəsadlar bir çox ölkələrdə mövcuddur. Bəzi ölkələrdə bu məsələ çox ciddi xarakter aldığından, dövlət məsələyə müdaxilə etməli olub. Yəni, körpənin cinsinin əvvəlcədən öyrənilməsinə qadağalar qoyulub.

    Fikrimizcə, bu məsələnin yoluna qoyulmasının ən düzgün yolu insanların özlərinin şüurunda müsbət dəyişikliklərin baş verməsidir. Unutmamalıyıq ki, Azərbaycan ailəsində bineyiqədimdən qız istəkli övlad olub, sevilib, əzizlənib, qorunubQız da öz növbəsində, valideynlərinə çox bağlı olan, həmişə onların qeydinə qalan qayğıkeş övladdır. Ən başlıcası isə demoqrafik tarazlığı pozmağa, xalqın genofonduna zərbə vurmağa heç kəsin ixtiyarı yoxdur.

     

    Dünyanın demoqrafiya müstəvisində Azərbaycan mənzərəsi

     BMT Katibliyinin iqtisadi və sosial məsələlər departamentinin məruzəsində dünyanın demoqrafik vəziyyəti və onun dəyişməsi perspektivləri barədə məlumat verilir. Məruzə müəlliflərinin fikrincə, doğumun səviyyəsinin aşağı olmasına baxmayaraq, planet sakinlərinin sayı ildə orta hesabla 83 milyon nəfər artacaq. Beləliklə, 2030-cu ildə dünya əhalisi indikindən milyard nəfər çox olacaq. 2050-ci ildə bu rəqəm 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacaq. Bu, əsasən orta ömrün artması hesabına baş verəcək.

    Hazırda planetin əhalisinin 40 faizini Çinin və Hindistanın sakinləri təşkil edir. Nigeriya isə əhalisinin daha sürətlə artması ilə fərqlənir.

    Demoqraflar indi dünyada əhalinin təbii artımının orta hesabla azalmasının müşahidə olunduğunu söyləyirlər. Təbii ki, doğumun səviyyəsi heç də hər yerdə eyni deyil. İnkişaf etmiş ölkələrdə bu göstərici aşağı səviyyədədir. Bir sıra yerlərdə isə həddindən artıq yüksəkdir. Məsələn, dünya əhalisinin sayı əsasən Afrika, Okeaniya, Asiya, Latın Amerikası hesabına artır. Odur ki, bəzi ölkələrdə doğumun səviyyəsini yüksəltmək, bəzilərində isə azaltmaq üçün müvafiq siyasət yürüdülür. Məsələn, Çin Xalq Respublikasında Bir ailəbir uşaqşüarı hökm sürür. Ailələrdə ikinci övladın doğulması dövlət üçün arzuolunmazdır. Hindistanda da təbii artımın yüksək olması gərginlik yaradır.

    Bir sıra ölkələrdə isə məsələn, Səudiyyə Ərəbistanında, Hollandiyada ailədə doğulan ikinci uşağa görə həvəsləndirici təqaüd verilir. Rusiya Federasiyasında da bu cür demoqrafik siyasət yürüdülür. Belə ki, bu ölkədə Analıq kapitalıvə gənc ailələrə digər maddi dəstək proqramları fəaliyyət göstərir. Doğrudur, bu proqramlar gənc valideynlərə maliyyə çətinliklərini aradan qaldırmağa və uşaqların sağlam böyüməsinə nisbətən çox vəsait ayırmağa imkan verir. Bununla belə, demoqraflar bu proqramların vəziyyəti köklü surətdə dəyişdirmək üçün o qədər də əsaslı olmadığını söyləyirlər.

    Mənfur qonşularımızın yaşadığı Ermənistan respublikasındakı demoqrafik vəziyyətdən isə heç danışmağa dəyməz. Buradan digər ölkələrə kütləvi köç ildənilə geniş vüsət alır. İşsizlik, yoxsulluq, biznes imkanlarının olmaması, korrupsiya, diktatura erməniləri baş götürüb digər ölkələrə getməyə və geriyə dönməməyə vadar edir.

    Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə qoyulmaz, insanların əhvaliruhiyyəsi yaxşı səviyyədə olmaz”.

    Azərbaycan vətəndaşları sabaha ümid və inamla baxırlar. Ölkədəki cavan ailələrin əksəriyyətində iki uşaq böyüyür. Doğrudur, müasir dövrdə çoxuşaqlı ailələrə azaz rast gəlinir. Bununla belə, qeyd edildiyi kimi, hər gənc ailənin ən azı iki uşaq böyütməsi reallıqdır və sanki yazılmamış bir qanundur. Üçuşaqlı ailələr də az deyil.

    Bu gün Azərbaycan ailəsi dünyanın ən yaxşı ailə modellərindən biri sayılır. Xalqımızın millimənəvi dəyərləri həmişə üstün tutması, onları əziz bir əmanət kimi qoruyub saxlaması və dövlətimizin ailəyə qayğısı, onun möhkəmlənməsinə önəm verməsi Azərbaycan ailəsinin bundan sonra da xoşbəxt və hamıya nümunə olmasına xidmət edir. Ailə nə qədər xoşbəxt olarsa, orada böyüyən uşaqlar da bir o qədər xoşbəxt və sayca çox olarlar. Ölkəmizdə əhalinin təbii yolla artmasını müsbət hallardan biri kimi dəyərləndirən Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik”.

    Flora SADIQLI,

    Azərbaycan 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:01

İsmarıclar bağlıdır.