Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 30Апр

    Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

    AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.
    Finlandiyadakı Azərbaycan icması adından dövlətimizin başçısına minnətdarlıq edən Vasif Muradlı və Arzu Oqtay yazırlar: “Möhtərəm cənab Prezident, biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları — Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşayan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə göstəriş vermənizi yüksək qiymətləndirərək minnətdarlığımızı bildiririk. Sizin harada yaşamağımızdan asılı olmayaraq ölkə vətəndaşlarına verdiyiniz yüksək dəyər bizim Sizə olan inamımızı daha da möhkəmləndirir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən dəfələrlə az müşahidə olunması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və görülən qabaqlayıcı tədbirlər sayəsində oldu. Cənab Prezident, çox sevindirici haldır ki, dünyada yaşayan bütün soydaşlarımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında sıx birləşdi. Əminik ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində dövlətimiz bu bəladan ən az itki ilə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Finlandiyadakı Azərbaycan icması adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.
    Azərbaycan Prezidentinə məktub ünvanlayanlar arasında əcnəbi vətəndaşlar da var. Çinin Quancou Universitetinin tələbələri Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu və Vei Qi yazırlar: “Hörmətli cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım, Sizi Çində yaşayan və Sizin pərəstişkarınız olan tələbələrin adından salamlayırıq. Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq. Sizi nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaq. Sizə böyük işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik. Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik”.
    Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Adil Ramazanov: “Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, yüksək intellektual səviyyəniz və qabaqcadan düşünülmüş ağıllı, müdrik siyasətiniz sayəsində bu günlərdə baş verən dəhşətli pandemiyadan Azərbaycan xalqı ən az itkilərlə çıxmaq ərəfəsindədir. Bu səbəbdən Sizə ailəmiz və qohumlarımız adından təşəkkürümüzü bildiririk. Sizə Allahdan cansağlığı arzu edirik. Allah Sizi qorusun!”.
    Bakı şəhərinin Binəqədi rayonunun sakini Şəfa Qasımzadə: “Möhtərəm Prezidentimiz, mən 83 saylı məktəb-liseyin 7 ”d” sinif şagirdiyəm. Sizə öz adımdan və ailə üzvlərimizin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronavirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından və öz adımdan Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm”.
    Neftçala rayonunun Xəzər kəndindən Zərnişan Hüseynova: “Möhtərəm Prezidentimiz, bütün dünya təhlükəli virusa qarşı mübarizə aparır. Ölkələr tədbirlər görərək vətəndaşlarını xilas etməyə çalışır. Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində bizim vətəndaşlarımız bu bəlanı yüngül itkilərlə keçirdi. Sizin və əziz Mehriban xanımın xalqa müraciəti qəlbimi riqqətə gətirdi. Müraciətinizdə bir daha xalqımızı necə sevdiyinizi, qeydinə qaldığınızı, onu bu bəladan qurtarmaq üçün necə çalışdığınızı göstərdiniz. Sizin səmərəli fəaliyyətiniz nəticəsində, vaxtında qəbul olunan qərarlar sayəsində biz çətin günləri arxada qoyduq. Qısa zamanda səhiyyə, iqtisadiyyat, sosial sahədə görülən işləri təqdir edirik. Mən on iki uşaq anasıyam. Nəvələrim, nəticələrim var. Karantin rejimində onları görməmək mənə çətin olsa da, qaydalara riayət edib evdə qalıram. Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək. Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. İnşallah, rəhbərliyinizlə bu təhlükə də sovuşacaq, xalqımız firavan günlərə dönəcək. Mən də, ailəm də hər zaman Sizi dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.
    Gəncə şəhər sakinləri adından Nəsrəddin Seyfullayev, Hüseyn Alıyev, Ceyran Məcidova, Fatma Məmmədova və Rəfiqə Quliyeva yazırlar: “Möhtərəm cənab Prezident, bildirmək istəyirik ki, yaşadığımız Gəncə şəhəri Hacıbəyov və Arani küçələrində binaların dam örtükləri Sizin tapşırığınıza əsasən dəyişdirilərək yenilənib. Binaların təmirində keyfiyyətli tikinti materiallarından istifadə olundu. Hazırda sanki yeni tikilmiş binalarda yaşayırıq. Sizin Gəncə şəhərinə göstərdiyiniz daimi diqqət və qayğının nəticəsində şəhərimiz gündən-günə gözəlləşir. Bu səbəbdən bina sakinləri adından Sizə təşəkkür edir və cansağlığı arzu edirik”.
    Ağdam rayonunun Qiyaslı kəndindən İsmayıl Qaçaylı: “Hörmətli cənab Prezident, hazırda dünya və ölkəmiz ağır sınaqdan keçir. Koronavirus pandemiyası hər gün dünyada yüzlərlə insanın həyatına son qoyur. Bu infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Biz ölkə vətəndaşları olaraq yaxşı dərk edirik ki, bu virusla mübarizədə hər birimiz maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik. Bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyirik. Sizin də dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.
    Sumqayıt şəhərinin sakini Müslüm Abbasov: “Çox hörmətli cənab Prezident, Siz həmişə Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşaması üçün əlinizdən gələni əsirgəməmisiniz. Köməyə, dəstəyə ehtiyacı olan hər kəsin yanında olmaq Sizə xas olan xüsusiyyətdir. COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə gördüyünüz qabaqlayıcı işlər öz nəticəsini yüksək səviyyədə göstərir. Atanız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqını böyük bir bəladan xilas etdiyi kimi, Sizin də ölkəmizi bu sınaqdan az itki ilə, uğurla qurtaracağınıza inanırıq. Sizə dərin minnətdarlığımızı bildirir və cansağlığı arzu edirik”.
    Sumqayıt şəhərinin Corat qəsəbəsindən Nargilə Mədinova: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının doğurduğu bu çətin günlərdə şəhid ailələrinə və imkansız ailələrə göstərdiyiniz diqqətə, verilən sosial yardımlara, göndərilən ərzaq sovqatlarına görə bütün Corat qəsəbəsinin qadınları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Uca Allah hər zaman Sizinlə olsun!”.
    Zaqatala rayonunun sakini Şakir Cabbarov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi, virusdan zərər çəkmiş sahələrdə çalışan işçilərin əməkhaqqının ödənilməsi, əhalinin sosial cəhətdən həssas təbəqələrinə yardım edilməsi, eləcə də iqtisadiyyatın qorunması üçün verdiyiniz tapşırıqlar ölkəmizin bu bəladan ən az itkilərlə çıxması ilə nəticələnməkdədir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsinin işçi heyəti olaraq indiki bu ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.
    Ağdaş rayonunun sakini Günay Əhmədova: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, iqtisadiyyatın təhlükəli riskdən qorunması yolunda həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insanların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşısında baş verib. Əziz Prezidentim, Sizin bu ağır zamanda — pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən də 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı. Ölkəmizdə məlum səbəbdən işləyə bilməyən on minlərlə insana göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, bu çətinliklər arxada qalacaq, ölkəmizin başı üzərini alan bu “qara buludlar” tezliklə çəkiləcək və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:50

İsmarıclar bağlıdır.